Mənzilini zərərlə satan da vergi verəcək

Vergi Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənərsə, qanun 2016-cı ildən qüvvəyə minəcək.
 
Azərbaycanda ev satışı zamanı vergi ödənilməsi sistemində dəyişiklik edilib.
 
Bu yenilik Vergi Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Həmin dəyişikliklər Milli Məclis tərəfindən qəbul edilib və təsdiqlənmək üçün prezidentə təqdim edilib. Əgər təsdiqlənərsə, qanun 2016-cı ildən qüvvəyə minəcək.
 
Bu dəyişikliyə əsasən, vergilər artıq evin alış və satış qiymətləri arasındakı fərqə görə hesablanmayacaq. Çünki bir çox hallarda satılan evin alış qiymətini müəyyən etmək, bilmək mümkün olmurdu.
 
Yeni qayadlara əsasən, mənzilin hər kvadrat metrinə görə 15 manat vergi hesablanacaq. Vergi hesablanan zaman 15 manat zonadan asılı olaraq əmsal rəqəminə vurulacaq. Həmin əmsal rəqəmi Bakının bölüşdürüldüyü 12 zonaya görə dəyişir. Şəhərin mərkəzində rəqəm daha yüksək, şəhər ətrafında isə daha aşağı olacaq. Beləliklə, mərkəzdə satılan evlərdən daha yüksək, digərlərindən daha aşağı vergi tutulacaq.
 
Sözsüz ki, bu qərarın bir sıra müsbət və mənfi cəhətləri var. Məsələn, bildirilir ki, qanuna görə, vergi yalnız o evin satışından tutulacaq ki, vətəndaş o evdə 5 ildən az yaşamış olsun.
 
Əgər belə olarsa, əsas mənfi cəhətlərdən biri odur ki, əvvəlki qaydalara görə 3 il daimi yaşayış yeri olan mənzillər satıldıqda mənzili satanlar vergidən azad olunurdular. Lakin yeni dəyişikliyə əsasən, bu müddət 5 ilə qədər artırılıb. Bu isə artıq sərtləşdirmə deməkdir.
 
Eyni zamanda dəyişikliyin digər mənfi cəhəti əldə edilən mənfəətin nəzərə alınmamasıdır. “Value and Sources” Konsaltinq şirkətinin direktoru Rəşad Əliyev ANS-ə verdiyi açıqlamasında bildirib ki, hazırki vergiqoyma yanaşması ancaq əmlakın texniki parametrlərinə, yəni sahəsinə görə hesablanacaq.
 
“Bu cür yanaşma ilə mənzilin neçəyə satılmasının və nəticədə nə qədər qazanılacağının heç bir əhəmiyyəti olmur. Mənzili zərərlə və mənfəətlə satan mülkiyyətçilər eyni vergi ödənişi edəcəklər. Əvvəlki qaydalarda isə zərərlə (baha alıb ucuz satan) mənzil satan satıcılar vergi ödəmirdilər”, – deyən Rəşad Əliyev dəyişikliyin müsbət cəhətlərinin daha çox olduğunu bildirib.
 
Onun sözlərinə görə, əsas müsbət cəhət qaydaların sadələşdirilməsidir. “Bu üsulla həm vergi orqanları, həm də vətəndaşlar ödəniləcək vergini asanlıqla və dəqiqliklə hesablaya biləcəklər”.
 
Rəşad Əliyev ikinci müsbət cəhət kimi vergi dərəcələrinin aşağı olmasını göstərib. “Bu dəyişiklikdə vergiqoyma bazası güzəştlidir.
 
“Məsələn, 1-ci zonada satılan mənzilin vergi məbləği son nəticədə satış qiymətinin orta hesabla 1,5-2 faizini təşkil edəcək. Beləliklə, nə qədər qazanılacağından asılı olmayaraq eyni məbləğ ödənilir. Bu cür vergi dərəcələrinə isə çox az ölkələrdə rast gəlmək olar”, – deyə o əlavə edib.
 
Beləliklə, yeni vergi ödəmə sistemi daşınmaz əmlak bazarını canlandıra bilər. Çünki bu ilin yanvarında daşınmaz əmlak bazarında əməliyyatlara vergi nəzarətinin gücləndirilməsi yaşayış mənzillərinin investisiya cəlbediciliyinə zərbə vurmuşdu.
 
Hazırki dəyişiklik isə onların investisiya cəlbediciliyini bərpa edə bilər. İstisna deyil ki, bazarı tərk etmiş bir çox investorlar bazara qayıda bilərlər.
 
Eyni zamanda bu yenilik süni qiymət artımının qarşısını ala bilər. Məsələn, əvvəlki qaydalara görə, bəzi mənzillərin satışı zamanı xərclər çox olurdu. Həmin xərcləri kompensasiya etmək üçün bəzi satıcılar satış qiymətlərini artırmaq istəyirdilər. Bu zaman isə vergi məbləği çox çıxırdı.
 
Halbuki əgər yeni vergi hesablama sistemi tətbiq edilərsə, həmin mənzillərin satış xərcləri xeyli azalacaq. Bu hətta qiymət güzəştlərinin edilməsi üçün də şərait yarada bilər. Bu isə öz növbəsində əmlak bazarınad qiymətlərə də müəyyən dərəcədə təsir edə bilər.

Google+ WhatsApp ok.ru