Manata ən böyük təhlükə - ekspertlər deyir ki...

Manata ən böyük təhlükə - ekspertlər deyir ki...

İqtisadçı ekspertə görə, kəskin devalvasiya gözlənilməsə də, psixoloji amillər milli valyutamıza ciddi təhdid olaraq qalır...
 
Son aylar manatın məzənnəsi ilə bağlı sabitlik müşahidə olunsa da, milli valyutamızın gec-tez ucuzlaşacağı ilə bağlı narahatlıq da səngimək bilmir. Həm cəmiyyətdə, həm də iş sektorunda manatın nə zaman dəyər itirəcəyi ilə bağlı müzakirələr gedir. İqtisadçılar bunun ən tez payız aylarında baş verəcəyini proqnozlaşdırsalar da, bu ilin sonuna qədər manatın sabit qalacağını iddia edənlər də var.
 
Bəs görəsən , hazırki iqtisadi durumda manatın məzənnəsinə təhlükə yaradan daxil və xarici amillər nələrdir?
 
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, manata təhlükə yaradan iki önəmli xarici amil var: “Daxildə isə bir neçə faktoru qeyd etmək olar. Xarici amillər FED-in uçot dərəcələrini artırmasından sonra dolların məzənnəsinin yüksəlməsidir ki, bu ilin sonuna qədər azı bir dəfə daha faiz artımı olacaq. Daha sonra Federal Rezerv Sistemi bazarlara dollar axınını, likvidliyi xeyli məhdudlaşdıracaq. Bazarda dollar qıtlığı yaradacaq. Çünki kifayət qədər böyük borc stoku var. FED o borcları yenidən toplamağı düşünür. Bu da dolların dünyada ilin sonuna qədər bahalaşmasını gündəmə gətirəcək. Bu baxımdan dolların məzənnəsinin yüksəlməsi gözlənilir. Nəticədə bütün ölkələrdə, o cümlədən bizə qonşu ölkələrdə, ticarət tərəfdaşlarımızda milli valyutanın zəifləməsinə səbəb olacaq. Ətraf ölkələrdə yerli valyutaların dəyərdən düşməsi istər-istəməz Azərbaycan manatına da ciddi basqı yaradacaq”.
 
İqtisadçının sözlərinə görə, ikinci xarici amil neft qiymətləri ilə bağlıdır: “Həm Amerikada neft hasilatının artması, həm OPEK anlaşmasının uğursuz olması, həm də dolların bahalaşması ilə əlaqədar neftin qiymətində ciddi enmələrin olma ehtimalı var. Hətta neftin 40 dollardan aşağı düşməsi ehtimalı getdikcə daha çox artır. Neft qiymətlərinin düşməsi Azərbaycanın valyuta gəlirlərinə mənfi təsir göstərəcək. Ölkəyə daxil olan valyutanın azalmasına səbəb olacaq ki, bu da manata basqıları artırır. Daxili amillər isə həm xarici borcların getdikcə artması, həm Beynəlxalq Bankla bağlı prosesin hələ hansı yöndə həll olunacağının qeyri-müəyyən olması və nəticə etibarilə xarici kreditorlara olan borcun dövlətin üzərində qalması ölkənin borc yükünün artmasına səbəb olacaq. Təsadüfi deyil ki, bu Azərbaycan büdcəsinin 12 faizə yaxını xarici borcun qaytarılmasına yönəlib. Gələn il bu büdcə xərcləmələri arasında daha da arta bilər. Bu amil də manata təsir göstərəcək”.
İqtisadçı manatın əleyhinə işləyən amillərdən biri kimi milli valyutanın məzənnəsinin sərbəst deyil, Mərkəzi Bankın nəzarəti altında olmasını göstərdi: “Həftədə iki dəfə hərrac keçirməklə, hərracdakı oyunçuların sayını müəyyən etməklə AMB məzənnəyə nəzarət edir. Hərracda cəmi bir oyunçu valyuta satırsa, bu üzən məzənnə ola bilməz. Üzən məzənnə nəzarət altındadır. Bu da ona gətirib çıxardı ki, ölkədə sərbəst pul kütləsinin həcmi kəskin şəkildə azaldı. Öz növbəsində bu, iqtisadi aktivliyə mənfi təsir etdi. Son iki ay yarımda manatın məzənnəsinin 1.70 ətrafında sabitləşməsi pozitiv bir hal olsa da, iqtisadi aktivliyin azalması ümumi makroiqtisadi göstərəcilərə mənfi təsir göstərdi”.
 
İqtisadçının fikrincə, hökumət qeyri-neft sektoruna aid ixracatı genişləndirmək üçün manatın məzənnəsinin zəifləməsində maraqlı olduğunu da vurğuladı: “Digər bir məsələ isə ondan ibarətdir ki, Azərbaycan hökuməti bütün rəsmi bəyanat və çıxışlarında xarici ticarət dövriyyəsinin artırılmasını, ölkənin qeyri-neft sektorunda ixracatının artırılmasını vacibliyini vurğulayır. Əgər məqsəd ixracatın artırılmasıdırsa, o zaman ucuz manat buna dəstək verən amillərdən birinə çevriləcək. Dünya praktikası da, iqtisadi qanunlar da sübut edir ki, milli valyuta nə qədər çox ucuzlaşırsa, ixrac potensialını bir o qədər artırır. Hökumət bu yolla gedərsə, bu da manatın məzənnəsinin zəifləməsi və qeyri-neft sektoru ixracatının artmasında mühüm rol oynayan amillərdən birinə çevriləcək. Başqa bir amil isə odur ki, Azərbaycanda xərcləmələrin artdığı ənənəvi bir dövr var. Bu da ilin 3-cü rübünün sonu, 4-cü rübün əvvəlləridir. Həmin dövrdə Azərbaycan büdcəsində daha çox xərcləmələr həyata keçirilir. Məsələ, ötən ilin son rübündə büdcənin 40 faizi xərcləndi. Bu o deməkdir ki, ilin sonuna doğru daha çox manat kütləsinin büdcə xərcləmələri vasitəsilə dövriyyəyə daxil olması gözlənilir. Bu da manatın məzənnəsinə təsir edən amilə çevriləcək. Bütün bu daxili və xarici amilləri cəmləsək, belə bir nəticəyə gəlmək olar ki, kəskin devalvasiyanın olması gözlənilmir. Ancaq yumşaq şəkildə hərraclar vasitəsilə dolların məzənnəsini nəzarət altında qaldırmaq yolu ilə Mərkəzi bank payız aylarında manatın yenidən ucuzlaşmasına start verə bilər. Manatın aşağı həddi artıq bəllidir, Mərkəzi Bank dolları 1.70-dən aşağı düşməyə qoymur. Yuxarı həddi də biz bu ilin yanvar ayında gördük, məzənnə 1.92 oldu. Manat payız aylarında həmin yuxarı həddə doğru ucuzlaşa bilər”.
 
İqtisadçı ekspert Rəşad Həsənov da “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, manatın məzənnəsi üçün təhlükə yaradan əsas amillər məhz psixoloji amillərdir: “İndiki halda valyuta bazarlarındakı durumu və Beynəlxalq bankın dövriyyədən kənarda saxlanılmasını nəzərə alsaq, manatın məzənnəsi üçün psixoloji faktorları əsas amil kimi götürmək olar. Bunlardan biri neftin qısamüddətli dövrdə ucuzlaşmasından qaynaqlana bilər. Mayın 25-də OPEK-in neft hasilatının tənzimlənməsi ilə bağlı qərar qəbul etməsinə baxmayaraq, bundan sonrakı dövrdə qiymətlər davamlı olaraq ucuzlaşır. Son 20 gündə neftin qiyməti 46-47 dollara qədər, təxminən 12 faizə qədər ucuzlaşıb. Belə bir şəraitdə proses bu istiqamətdə davam edərsə, ABŞ-ın neft hasilatındakı artım trendi bundan sonrakı dövrdə də baş verərsə, neftin qiymətinin 40 dollara qədər ucuzlaşması, bəzi hallarda 40 dollardan da aşağı düşməsi ehtimalları var. Bu, baş verərsə qısamüddətli dövrdə valyuta bazarlarında kəskin bahalaşma müşahidə oluna bilər. Çünki bu il bazar iştirakçıları daha çox neftin qiymətin fokuslanıblar. Ola bilər ki, müəyyən alışlar baş versin. Nəticədə manat öz dəyərini itirsin. Lakin bu faktor qısamüddətli olacaq. Qeyd etdiyimiz proses 2018- ci ilə adlayarsa, o zaman hökumətin fiskal və monetar siyasətinin daha da sərtləşməsi xətti ortaya çıxır. Neft Fondundan transferlərin daha da azalaması riskləri yarana bilər. Belə olduğu təqdirdə təbii ki, valyuta bazarları, əsas valyuta qaynağı sayılan Neft Fondunun konvertasiyalarından müəyyən qədər daha az faydalana biləcək. Bu da 2018-ci ildə manatın orta və uzunmüddətli dövr üçün ucuzlaşması risklərini artırır”. /

Google+ WhatsApp ok.ru