Manatın taleyi

Manatın taleyi

«Yeni Müsavat» qəzetində «Bu il manata təzyiqlər nə qədər güclü olacaq?» sualına cavab axtarılıb.
 
Müəllif mövzunu ekspertlərlə müzakirə edib.
 
İqtisadçı Qubad İbadoğlu 2019-cu ildə manata təzyiqlərin 2018-ci ilə nisbətən daha güclü olacağını düşünür.
 
İqtisadçının deməsinə görə, bunun əsası 2018-ci ildə qoyulub. O qeyd edib ki, Neft Fondu (NF) 2018-ci ilin dekabr ayı ərzində 677.1 milyon ABŞ dolları məbləğində vəsait satıb: «Beləliklə də ötən il ərzində satılan valyuta vəsaitinin həcmi 6 milyard 460 milyon dolları ötüb. Bu da 2017-ci il üzrə cəmi valyuta satışından 80 faiz çoxdur».
 
Q.İbadoğlu rəsmi statistikaya əsasən vurğulayıb ki, 2018-ci ilin 11 ayında idxalın həcmi 10 milyard 295.5 milyon dollar olub. Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 32.2 faiz çoxdur: «2018-ci ildə idxal əməliyyatı 2013-cü ildən sonra ən yüksək səviyyədə qeydə alınıb. Beləliklə də, 2018-ci ildə idxalın artması nəticəsində xarici ticarətdə müsbət saldo azalıb. Şübhəsiz ki, ötən ilin dekabr ayında dünya bazarında neft qiymətlərinin ucuzlaşması ixracatı və ilin sonunda idxalın artımı xarici ticarətdə müsbət saldonun daha da azalmasına gətirib çıxaracaq».
 
Başqa bir iqtisadçı Pərviz Heydərov da hesab edir ki, dollara tələbatın və idxalın artması manata təzyiqləri artırır: «2018-ci il ərzində ümumən ölkə daxilində valyutaya tələbat yüksək olub. Bunun əsas səbəblərindən biri idxalın artmasıdırsa, ikinci bir səbəb ölkə iqtisadiyyatında, onun bir sıra sferalarında müəyyən aktivlik elementlərinin müşahidə olunmasıdır».
 
Amma ekspert bu il idxalda keçən ilkindən ciddi artım yox, hətta azalmalar gözləyir: «Əvvəla, əhalinin alıcılıq qabiliyyətində keçən ilki qədər artım gözlənilmir. Əksinə, qiymətlərdə gözlənilən müəyyən bahalaşmalarla əlaqədar bəzi azalmaların olması istisna edilmir».
 
Ekspert düşünür ki, manata təzyiq daha çox neftin qiymətindən asılıdır. /azadliq.org /

Google+ WhatsApp ok.ru