''Manat son 20 ayda 220 faiz dəyər itirib''

''Manat son 20 ayda 220 faiz dəyər itirib''

“Mərkəzi Bank 2016-cı ilin fevralından valyuta bazarına intervensiyanı dayandırıb”.
 
APA yazır ki, bunu dekabrın 1-də Milli Məclisin iclasında 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
 
Onun sözlərinə görə, hazırda üzən məzənnənin əsas prinsipləri gözlənilir:
 
“Buna baxmayaraq, manatın öz dəyərini tapması üçün məzənnənin müəyyən səviyyədə idarə edilməsi siyasəti mövcuddur. Bu gün idarəetməni götürəcəyimiz təqdirdə manatın məzənnəsində nə baş verə biləcəyinə əmin deyilik. Gördüyümüz işlər 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin arzuolunan səviyyədə sabitləşməsi, qiymətlərin sabitliyi, inflyasiyanın azaldılmasına hədəflənib. Bundan sonra inkişafa keçmək üçün kifayət qədər imkan olacaq”.
 
“20 aya manat 220 faiz dəyər itirib”
 
İqtisadçı Qadir İbrahimli Meydan TV-yə açıqlamasında baş bankirin fikirlərini mənfi qiymətləndirib. O deyib ki, 20 aydır manat dəyərini itirib və bu itki 220 faiz civarındadır. Davam edən prosesin hansı həddə qədər ucuzlaşacağını demək mümkün deyil. Hətta cənab Rüstəmov da bunu təxmin edə bilmir. Ancaq Azərbaycanla müqayisədə Gürcüstanda, Qazaxıstanda, Ermənistanda, Rusiyada yerli valyutalar artıq sabitləşməyə başlayıb:
 
“Məsələn, Qazaxıstanın valyutası 24, Gürcüstanın valyutası 30, Ermənistanın valyutası 20 faiz dəyərini itirib. Rusiyanın valyutası əvvəl 45 faiz dəyər itirdi, sonra isə bu rəqəm 15 faizə endi. Azərbaycan manatı isə 220 faiz itkiyə məruz qalıb. Təbii ki, Gürcüstan və Ermənistanın təbii ehtiyatları Azərbaycanla müqayisə oluna bilməz. Amma Azərbaycanda hələ 20 aya yaxın davam edən devalvasiya başa çatmayıb, maliyyə bazarındakı sabitlik pozulub”.
 
İqtisadçı bildirir ki, bütün bunlar biznes mühitinə, əhalinin gəlirlərinə və ajiotaja səbəb olur. Əgər problem yaxın vaxtlarda həllini tapmasa, ölkənin maliyyə sektoru çökə bilər.(meydantv) 
 

Google+ WhatsApp ok.ru