Marketlərdə yeni bahalaşma

Marketlərdə yeni bahalaşma

Vəziyyətdən alıcılar da narazıdır, satıcılar da; iqtisadçı ekspert son durumu şərh edir: “Bahalaşma ən azı marta kimi sürətlə gedəcək....” 
 
Son günlər bazar-dükanlarda ərzaq məhsulları sürətlə bahalaşır. Əgər əvvəllər bu artım 3-5 qəpik həcmində baş verirdisə, indi 40-50 qəpik, bəzi məhsullarda isə 1-2 manat civarındadır. Paytaxt ərazisindəki bir neçə marketə baş çəkərkən buna əminlik hasil etdik.
 
Ən çox bahalaşan məhsullar sırasında gündəlik tələbat malları olan ət, yağ , qənd, çay, un, sabun, yuyucu tozlar, şampunlar diqqət çəkir. Belə ki, bir ay öncə 1.55-1.60 manata sayılan 100 qramlıq çay paketlərinin qiyməti indi 1.90-2 manatdan aşağı deyil. Şəhər tozunun qiyməti 1.30-1.40 arasında dəyişir, bu isə 20 qəpik artım deməkdir. 
 
Duru yağların qiyməti də artıb. Bir litr “Final” markalı qarğıdalı yağının qiyməti müxtəlif marketlərdə 4.10-4.45 manat arasında dəyişir. Zellandiyadan idxal edilən kərə yağlarının qiyməti isə artıq 12-14 manat arasında dəyişir. Halbuki iki ay öncə bu yağların qiyməti 9-10 manat, bir il öncə isə 7 manat idi. 1 kiloqramlıq un paketlərinin qiyməti 1.20 manatdır. Çəki ilə 45 qəpiyə satılan unun qiyməti isə 55-60 qəpik arasında dəyişir. 
 
Ət və ət məhsullarının qiyməti də əl yandırır. Marketlərdə sümüklü dana ətinin kiloqramı 10 manata, sümüksüz ətin kiloqramı isə 13-14 manata təklif olunur. Toyuq əti 3.80-4 manatadır. Kolbasaların kiloqramı isə 8-10 manat arasında dəyişir. 
 
Təmizlik vasitələrindən ən çox istifadə olunan markaların qiymətlərini də müqayisə etdik. Belə ki, əvvəl 1.55 manata satılan “Fairy” qab şampunu  2  manata, 60-70 qəpiklik sabunlar 90 qəpiyə qalxıb. 5.90 manata olan 1,6 kiloqramlıq “Ariel” yuyucu tozunun qiyməti isə 7.50 manatdır.  Sözügedən bahalaşma ağartı məhsullarının, sərinləşdirici içkilərin, qənnadı məhsullarının, uşaqlar üçün istifadə olunan pampers, süni qidalar və digər məhsulların da qiymətində özünü göstərir. Qeyd edək ki, marketlərdə yerli şirkətlərin istehsalı olan məhsulların da qiyməti artıb. 
 
Həmsöhbət olduğumuz satıcılar bahalaşmanın səbəbini dolların məzənnəsinin sürətlə qalxması ilə əlaqələndirdilər: “Gördüyünüz malların 70 faizi dollarla xaricdən alınır. Bu vəziyyət bizim də işimizi çətinləşdirir. Malı gətirən şirkətlər hər dəfə yeni qiymətlə gəlir. Demək olar ki, hər gün qiymətləri dəyişdirməli oluruq”.
 
Alıcıların narazılığı da özünü gözlətmir. 5 nəfərlik bir ailəni dolandırdığını deyən Seyfulla Məmmədov əvvəllər 50 manatla ailənin bir həftəlik bütün ehtiyaclarını ödədiyini, indi isə bu məbləğlə sadəcə 4-5 növ ərzaq məhsulu aldığını deyir: “Bu gün 70 manat xərclədim, hələ çox şey ala bilmədim. Heç 3 günlük ehtiyacımızı ödəməyəcək”. 
 
Bazarlarda yaşanan hazırkı duruma münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, birinci səbəb dollar-manat arasındakı durmadan artan məzənnə fərqidir: “Bizim yerli istehsal adı altında istehlak etdiyimiz məhsulların xammalı xaricdən gətirilir. Təqribən 90 faiz xammal idxal olunur. Dolların məzənnəsinin artması, bundan başqa, alış və satış qiymətləri arasındakı fərqin də kifayət qədər böyük olması bahalaşmaya səbəb olur. Çünki iş adamları xaricdən gətirdikləri malın pulunu ödəyərkən rəsmi məzənnə ilə deyil, dolların alış pulu ilə hesablayırlar. İş adamları hazırda dolları 1.97-yə alırlar, bu isə ilin əvvəli ilə müqayisədə 11 faiz artım deməkdir. Məhz buna görə də qiyməti formalaşdırarkən məzənnə fərqini, eləcə də gözlənti fərqini də üzərinə qoyurlar. İş adamları artıq ölkədəki vəziyyəti, manatın sürətlə ucuzlaşdığını görür, özlərini sığortalamaq üçün gözlədikləri məzənnə fərqini də üzərinə qoyurlar. Səbəblərdən biri də odur ki, idxal əməliyyatları ilə məşğul olan oyunçuların sayı da ciddi şəkildə azalıb. Bazarda vəziyyət gərginləşdikcə xırda oyunçular bazarı tərk etmək məcburiyyətində qalıb. Bazarda yalnız iri oyunçular qalıb ki, bu da rəqabətli mühitə çox pis təsir edir. Üçüncü önəmli faktor isə ötən ilin sonunda kommunal xidmətlərin, qazın və elektrikin qiymətinin qalxması oldu. Bu da istehsal xərclərinin artmasına səbəb olur və qiymət artımının sürətinə də təsir göstərir. Bahalaşmanın ən azı mart ayına kimi daha sürətlə gedəcəyi gözlənilir”. 
 
Məlum olduğu kimi, bahalaşmanın səbəblərindən biri də monopoliyadır. Bəzi ekspertlər iddia edir ki, hökumət monopoliyanın olmasında maraqlıdır və bunun siyasi səbəbləri var. Çünki hazırkı monopolistlər hökumətə yaxınlığı ilə seçilən və ya hökumətdə təmsil olunan insanlardır.
 
Bu fikirləri dəyərləndirən Natiq Cəfərli monopoliyanın var olmasında siyasi səbəblərin də istisna olmadığını dedi: “Böyük mənada bu yanaşma doğrudur. Biznesin azad olması son nəticədə siyasi azadlıqların da genişlənməsinə gətirib çıxarır. Bu, bir çox ölkələrin tarixi təcrübəsində də sübut olunub. Ancaq hazırda ölkədə monopoliya ləğv olunsa belə, manatın məzənnəsinin bu cür oynaması xırda sahibkarların məcburi şəkildə sıradan çıxmasına səbəb olur. İdxal əməliyyatları artıq onlara sərf eləmir. İş adamları dekabr ayında gətirdikləri malı 1.76 kursu ilə ticarət şəbəkəsinə veriblərsə, artıq indi xeyli zərər ediblər. Bu mənada kiçik sahibkarlar bazara çıxmağa məcbur olur. Yalnız iri sahibkarlar bazarda qala bilir. Siyasi səbəblərlə yanaşı, iqtisadi səbəblər də inhisarçılığın çiçəklənməsinə səbəb olur. Hökumət ciddi şəkildə vergi və gömrük güzəştləri etməsə, vəziyyət daha da pisləşəcək”. (musavat) /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru