METRONUN QİYMƏTI QALDIRILA BİLƏR

METRONUN QİYMƏTI QALDIRILA BİLƏR

«Exo» qəzetində «Qazın və işığın tariflərinin qaldırılması nələrə səbəb olacaq?» sualına cavab axtarılır. Yazıda Tarif Şurasının bu il noyabrın 28-də enerjidaşıyıcıların qiymətinin artırılması ilə bağlı qərarı ekspertlərlə dəyərləndirilir.
 
Müəllif yazır ki, Azərbaycan hökumətinin Yeni il ərəfəsində vətəndaşlara xoş olmayan sürprizlər etməsi artıq ənənəyə çevrilib. Bu dəfə də Yeni il ərəfəsində yenidən enerjidaşıyıcıların bahalaşması bütün sahələrdə qiymətlərə təsir göstərəcək. Ekspert Nəriman Ağayev mövzunu qəzetə belə şərh edib: «Hökumətin bu addımını müsbət dəyərləndirmək olmaz. Şübhəsiz ki, bu kütləvi sosial narazılığa səbəb olacaq. Atılan addıma gəlincə, bu, diferensiallaşdırılma deyil. Sadəcə, enerjidaşıyıcıların qiymətlərini artırmaqdır. Qoyulan limitə gəlincə, hər ailə bu limitləri keçərək».
 
Ekspertin fikrincə, qoyulan limiti keçməməkdən ötrü gərək sivil dünyadan özünü təcrid edəsən. N.Ağayev deyib ki, hökumətin bu addımı vətəndaşları qənaət üçün kiçik fırıldaqlara vadar edəcək.
 
Ekspertə görə, bu bahalaşma ərzaq məhsullarının qiymətlərinə də təsir edəcək. O qeyd edib ki, iri marketlərdə məhsullar soyuducularda saxlanılır. Bu isə elektrik məsrəfi deməkdir. O, bundan sonra yerli məhsulların da maya dəyərinin artacağına şübhə etmir.
 
N.Ağayev vurğulayıb ki, bir tərəfdən manat da dəyər itirməkdədir. Bu isə qiymətlərə ikiqat təsir anlamına gəlir. O, fikirləşir ki, tezliklə metroda gedişhaqqı 50 qəpiyə qaldırıla bilər. 

Google+ WhatsApp ok.ru