Mühüm Qarabağ bəyanatı

Gürcüstan, Azərbaycan və Türkiyə münaqişənin həllini istəyir

Gürcüstanın, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Qars görüşünün sonunda Dağlıq Qarabağ münaqişənin həllinə dair bəyanat imzlayıblar.
 
ANS-in ''Novosti-Qruziya'' agentliyinə istinadla verdiyi xəbərə görə, XİN rəhbərlərinin dekabrın 10-da imzaladığı sənəddə deyilir ki, Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq regionda sabitliyin gücləndirilməsinə yönəldilib. Regional layihələr, investisiyalar üçün daha əlverişli şəraitin yaradılması və insanların arasında əlaqələrin gücləndirilməsi üç ölkədə rifah səviyyəsini artırır.
 
Nazirlər bəyanatlarında daha əvvəl qəbul edilmiş sənədlərin - 8 iyun 2012-ci il Trabzon Bəyannaməsinin, 28 mart 2013-cü il Batumi rəsmi məlumatının, 19 fevral 2014-cü il Gəncə Bəyanatının, həmçinin 2013-2015 il üçün nəzərdə tutulan üçtərəfli əməkdaşlıq planının əhəmiyyətini vurğulayıblar. 
 
Görüş iştirakçıları mehribanlıq, qarşılıqlı hörmət və etibar prinsiplərinə riayət etməklə strateji əməkdaşlığın gücləndirilməsinin vacibliyini təsdiqləyiblər.
 
Bəyanatda bildirilib ki, regionda mövcud həll olunmamış münaqişələr sabitliyi pozur, sabitlik və iqtisadi inkişafa mane olur və buna görə müstəqillik prinsiplərinə uyğun olaraq təcili nizama salmaya ehtiyac duyulur. Nazirlər Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin dünyanın tanıdığı sərhədlər, dövlətlərin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq prinsiplər əsasında həllinə ehtiyac duyulduğunu vurğulayıblar.
 
Xarici İşlər Nazirliyinin başçıları energetika, iqtisadiyyat və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsinə - iştirakçı ölkələrinin enerji təhlükəsizliyini qoruyacaq Trans-Anadolu boru kəmərinin (TANAP), ''Cənub Qaz Dəhlizi" layihələrinə dəstək nümayiş etdiriblər.
 
Sonda Azərbaycanın, Gürcüstanın və Türkiyənin xarici siyasət idarələrinin başçılarının arasında müntəzəm üçtərəfli görüşlərin davamlı keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Google+ WhatsApp ok.ru