Milli Məclis büdcə dəyişikliklərini qəbul etdi

Milli Məclis büdcə dəyişikliklərini qəbul etdi

-- Büdcədə neftin bir bareli 55 dollar götürülüb

Bu gün, iyunun 29-da Milli Məclisinnövbədənkənar iclasında 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər müzakirə olunaraq təsdiqlənib.
 
"Report"un verdiyi xəbərə görə, maliyyə naziri Samir Şərifov bildirib ki, 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22,11 mlrd. manat, xərcləri isə 23,061 mlrd. manat məbləğində nəzərdə tutulur.
 
O qeyd edib ki, büdcənin gəlirlər hissəsi Ümumi Daxili Məhsulun (ÜDM) 29,6 faizini təşkil etməklə 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1,983 mlrd. manat və yaxud 9,9 faiz çoxdur.
 
O vurğulayıb ki, bu 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 5 593,3 mln. manat və yaxud 33,9 faiz artıqdır.
 
"Yenidən baxılma ilə dövlət büdcəsinin xərclərinin 2,014 mlrd. manat artırılması nəzərdə tutulur. Bu da təsdiq olunmuş proqnoza əsasən, 9,6 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 466,5 mln. manat və yaxud 31,1 faiz çoxdur...2018-ci ilin yenidən baxılan dövlət büdcəsinin kəsiri təsdiq edilmiş göstəriciyə nisbətən 31 mln. manat artırılaraq 951 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bu isə cari ilin sonuna gözlənilən ÜDM-nin 1,3 faizinə bərabər olacaq. Kəsirin bu artımı dövlət büdcəsinin 2018-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının qalığına əsasən örtüləcək".
 
Nazir qeyd edib ki, bu ilin beş ayında neftin orta qiyməti 71,1 dollar/barel olub, hazırda 78 dollar/bareldən çoxdur.
 
2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatından ötrü xam neftin 1 barrelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 dollar artırılaraq 55 dollara çatdırılması nəzərdə tutulur.
 
Xatırlatma
 
2018-ci ilin dövlət büdcəsi ötən ilin dekabrında qəbul edilmişdi. Dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri isə 21 047 000,0 min manat məbləğində təsdiqlənmişdi. Büdcədə neftin bir bareli 45 dollar götürülmüşdü.
 

Google+ WhatsApp ok.ru