Milli Şura Azərbaycan xalqına müraciət ünvanladı

Demokratik Qüvvələrin Milli Şurası 2014-cü ilin sentyabr ayının 14-də keçirdiyi sessiyasında Azərbaycan xalqına müraciət qəbul edib. Qurumun mətbuat xidmətindən Maide.az-a daxil olan müraciətdə deyilir: “Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsinin 25 ilə yaxınlaşmasına elə də çox vaxt qalmayıb. Artıq bir əsrin dörddə birini xalqımız müstəqillik tarixinə çevirməkdədir. Amma bu müddət ərzində ölkəmizin beynəlxalq birliklər tərəfindən tanınmış ərazilərinin 20 faizi daim işğal altında olmuşdur. 1993-cü ildən bəri hakimiyyəti anti-konstitusyon yollarla zəbt etmiş ata və oğul Əliyevlər işğal altında olan ərazilərin azad olunması istiqamətində elə bir iş görə bilmədilər. Əksinə, Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək hüququnu addım-addım beynəlxalq təşkilatlara təslim etdilər.
 
İndi hər gün nəzarətində olan televiziya kanalları ilə İlham Əliyev xalqa bəyan edir ki, “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var”.  Sual olunur ki, torpaqları 20 ildən artıq düşmən tapdağında qalan dövlətin və ordunun güc meyarı  nə ilə müəyyən olunur. Əgər 20 il ərzində 20 kv.m. torpaq azad edilməyibsə, heç bir hakimiyyətin, o cümlədən İlham Əliyev rejiminin dövlətin və ordunun “gücündən” danışmağa haqqı yoxdur. Belə ritorik bəyanatları yalnız dövlət sərhədlərini bərpa etmiş, suverenliyini bütün ərazisində təsbit etmiş bir hakimiyyət səsləndirə bilər.
 
Əliyevlərin idarəçiliyi dövründə, xüsusilə son on ildə ölkədə rüşvətxorluq və korrupsiya tüğyan etmişdir. İndi beynəlxalq aləmdə hansı korrupsiya, rüşvət, maliyyə fırıldaqları aşkarlanırsa, onun içərisindən Azərbaycan çıxır. Avstriya məhkəməsi hələ bu gün də Azərbaycan xalqından oğurlanıb Panamaya transfer edilmiş milyonların araşdırmasını aparır. Bütün dünyada öz halal həyatı və yaşayışı ilə rəğbət qazanmış Azərbaycanın adı  bu gün narkotrafikə çevrilmiş ölkələrlə bir sırada çəkilir. Bu yaxınlarda Gürcüstan ərazisində tutulmuş 3 tona yaxın narkotikin sərhədlərimizə necə daxil olub, necə çıxması haqqında sorğulara 3 aydır ki, cavab verən tapılmır.
 
Öz xalqını ehtiyac və səfalət içərisində saxlamaqla milyardlarla vəsaiti bahalı beynəlxalq tədbirlərə xərcləyən Azərbaycan hakimiyyəti özünə süni imic formalaşdırmaq istəyir. Lakin ölkənin içərisində normal münasibətlər bərqərar olmadan, müəllimi, həkimi, məmuru, pensiyaçısı ləyaqətli yaşayış haqqına qovuşmadan milyardlar hesabına formalaşdırılan belə süni imic sabun köpüyü kimi bir anın içərisində yox olur. 20 il ərzində ölkədə yeridilən yarıtmaz idarəçilik Azərbaycan təhsilini və səhiyyəsini iflas həddinə gətirib. Bu gün artıq hər kəs etiraf edir ki, ölkənin təhsil sistemi ən elementar ehtiyaclara cavab vermir. Bir vaxtlar böyük potensialı ilə öyündüyümüz Azərbaycan səhiyyəsi tam etimadsız bir duruma düşüb. İndi səhhətində narahatçılıq yaranan, bu səbəbdən özünə və yaxınlarına imdad diləyən Azərbaycan vətəndaşları Ermənistan istisna olmaqla bütün qonşu ölkələrə üz tutmaqdadır. Azərbaycanı bu günə onun səhiyyə sistemini belə etimadsız vəziyyətə salanlar öz əməllərindən utanmalıdırlar.
 
Ölkənin hüquq mühafizə orqanları kriminalın içərisindədir. Polis, prokurorluq, təhlükəsizlik və məhkəmə orqanları Azərbaycan vətəndaşlarının inamını itirib. Kadr siyasətində buraxılmış ciddi səhvlər, peşəkarlığın aşağı düşməsi, rüşvət və korrupsiya hallarının geniş yayılması hüquq mühafizə orqanlarına xalqın inamını sarsıdıb. Parlament yerlərinin satılmasından tutmuş, adam oğurluğuna qədər kriminal hallar Azərbaycan hakimiyyətinin adi həyat normasına çevrilib. Ölkədə müstəqil məhkəmə hakimiyyətinin olmaması on minlərə insanın haqqının pozulmasına, minlərlə vətəndaşın beynəlxalq məhkəməyə üz tutmasına səbəb olub.
İnsan haqları və vətəndaş hüquqlarının vəziyyətinə görə Azərbaycan heç vaxt indiki qədər acınacaqlı vəziyyətdə olmayıb. Hazırda ölkədə 105 siyasi və vicdan məhbusu var. Onların sayı durmadan artmaqda davam edir. Son vaxtlar ölkənin vətəndaş cəmiyyəti üzərinə başlamış total hücumlar, heç bir əsaslı sübutlar olmadan ölkənin ən namuslu adamlarının həbs atılması, hakimiyyətin öz opponentlərinə qarşı dövlətin imkanlarından qeyri-qanunu şəkildə yararlanması Azərbaycanda respublika üsul idarəsini təhlükə qarşısında qoyub. Hazırda həbsdə olan siyasi məhbusların, o cümlədən gənclərin, siyasi partiya öncüllərinin, dindarların əhəmiyyətli bir hissəsi məhz narkotik ittihamı ilə mühakimə olunub. Bu gün Leyla Yunusla istintaq təcridxanasında qeyri-insanı rəftar bizim hüquqi dövlətimizin hansı feodal qaydalarla idarə olunmasının aydın təzahürüdür. Ən qəribəsi isə odur ki, bütün bu rüsvayçılıqlar ATƏT-in, BMT-in Təhlükəsizlik Şurasının üzvü olan, Avropa Şurasının Nazirlər Komitəsinə başçılıq edən bir ölkədə baş verir. Təəssüf ki, faşizmin zühuru istisna olmaqla son 100 ildə Avropa demokratiyası hələ bel gülünc vəziyyətə düşməyib.     
 
Azərbaycan xalqı Konstitusiyanın 1- ci maddəsinə əsasən hakimiyyəti fomalaşdırmaq kimi təməl hüququnu itirmək üzrədir. ATƏT-in seçki monitorinqi aparmağa səlahiyyətli olan Varşava bürosunun məlumatına görə 2008-ci ilin prezident seçkilərində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-ci ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində isə 58 faiz olub. Bu, vərəsəlik ənənələri üzrə hakimiyyəti mənimsəmiş İlham Əliyev və onun korrupsioner rejimin xalqın etimadını itirməsi deməkdir. Acı da olsa bütün baş verənlər Azərbaycanda artıq real həyat hadisəsinə çevrilmiş, xalqımızın iftixar mənbəyi olan müstəqillik bir qrup insan üçün ölkəni müstəqil talamaq məqamına çevrilib.
 
Dəyərli vətəndaşlar,
Sizləri ölkədə baş alıb gedən qanunsuzluqlara, haqsızlıqlara, ədalətsizliklərə, sosial bərbərsizliyə göz yummamağa, cəmiyyətimizi mənəvi aşınmaya sürükləyən bu kimi neqatib hallara qarşı barışmaz olmağa çağırırıq.
 
Biz xalqımızn müdrikliyinə, böyüklüyünə inanırıq. İnanırıq ki, sizlərlə birlikdə ata- babalarımızın bizlərə miras qoyub getdiyi mənəvi- əxlaqi dəyərləri sona qədər qoruyacaq, müstəqil dövlətçiliyimizin bir qrupun hakimiyyət və var- dövlət toplamaq ehtiraslarına qurban verməyəcəyik.
 
Biz sizlərlə bir yerdə Azərbaycanda haqq-ədalətin qalib gəlməsinə, avtoritarizmə son verilib sözün gerçək mənasında xalq hakimiyyətinin- demokratik idarəetmə üsulunun bərpa olunmasına nail olacayıq.”       
 

Google+ WhatsApp ok.ru