Müsavat, ADP, Ümid “Azadlıq-2015`in tədbirini boykot edib?

“Azadlıq 2015" seçki blokunun təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən ”Dəyişən dünya və Azərbaycan: mövcud durum və perspektivlər" adlı dəyirmi masaya Müsavat Partiyası, ADP və Ümid Partiyasının qatılmaması blok təmsilçilərinin onlara iradlar bildirməsinə səbəb olub. Blokun üzvü, tədbirin təşkilatçılarından olan AXP sədri Pənah Hüseyn isə bildirib ki, ola bilsin dəyirmi masaya qatılmayan partiyaların qoyulan mövzu ilə bağlı söyləyəcək fikirləri olmayıb, bəlkə ona görə qatılmayıblar. 
 
Adı çəkilən üç partiya isə tədbirə nə üçün qatılmadıqları barədə “Yeni Müsavat”a açıqlama veriblər.
 
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, dəyirmi masanın keçirildiyi gün iş qrafiki həddən artın sıx olduğu üçün iştirak edə bilməyib: “Pənah bəyin isə bizim iştirak etməməyimizlə bağlı o sözlər deyəcəyinə inanmıram. Çünki bu mövzu ilə bağlı fikirlərimizi həmişə hər yerdə demişik”.  
 
Ümid Partiyasının sədri İqbal Ağazadə “Azadlıq-2015" seçki blokunun təşkil etdiyi dəyirmi masaya qatılmamasının səbəbinin olduğunu bildirdi: ”Ənənəvi olaraq hər həftənin üçüncü günü saat 11-də “Qarabağ” blokunun toplantısı olur. Biz həmin dəyirmi masanın keçirildiyi gün-üçüncü gün saat 11-də blokun toplantısındaydıq. Ona görə də dəyirmi masada iştirak edə bilmədik. Müzakirəyə çıxarılmış mövzu ilə bağlı isə deyiləcək sözümüz var. Amma onu da qeyd edim ki, hörmətli Pənah bəyə bizim sözümüzdən daha çox eşitmək istədiyi başqa sözlər var. Onlarla danışsın ki, növbəti tədbirlərində onlar gəlsin. Orada çıxışında Pənah bəy qeyd edib ki, bu gün İsa Qəmbərin, Arif Hacılının, Əli Kərimlinin fikirlərini dinləməyə daha çox ehtiyac var. Ona görə də hər halda bizim orada olub-olmamağımız heç nəyi dəyişmirdi. Pənah bəyə onların fikirləri maraqlıdır, onları eşidər gələn tədbirlərində. Çalışsın ki, onlar iştirak etsin".   
 
ADP sədri Sərdar Cəlaloğlu da dedi ki, eyni vaxtda “Qarabağ” blokunun toplantısı olduğu üçün dəyirmi masaya qatıla bilməyib.

Google+ WhatsApp ok.ru