Müsavat Partiyası iqtidarın dəvətinə `yox` dedi

“Müsavat müzakirə ediləcək məsələlərin, müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən müəyyənləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla ümummilli məsələlərə dair müzakirələr aparmağa hazırdır”.
 
Müsavat Partiyası fevralın 12-də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiyaların görüşünə qatılmamaq qərarı verib. Bu barədə partiyanın yaydığı rəsmi açıqlamada bildirilir ki, Müsavat Partiyası iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir. Müsavat Partiyası hesab edir ki, bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir.  
Müsavat Partiyası qeyd edir ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bir qrup siyasi partiyaların rəhbərləri ilə təyin olunan görüşün mahiyyəti iqtidar nümayəndələri tərəfindən müxtəlif cür təqdim olunur. Bu görüşdə müzakirə ediləcək məsələlər əvvəlcədən razılaşdırılmayıb. Görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum deyil. 
Müsavat Partiyası qeyd edilənləri nəzərə alaraq 12 fevral 2015-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək görüşdə iştirak etməyəcək.
Açıqlamada sonra deyilir ki, Müsavat Partiyası ümummilli məsələlərrlə bağlı bütün siyasi qüvvələrlə, o cümlədən Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğu barədə əvvəllərdə açıqladığı mövqeyə sadiq qalır. 
Sonda bəyan edilir ki, Müsavat Partiyası müzakirə ediləcək məsələlərin, müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən müəyyənləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla ümummilli məsələlərə dair müzakirələr aparmağa hazırdır.

Google+ WhatsApp ok.ru