MSK siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi barədə Təlimat qəbul edib

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bəzi normativ aktlara dair məsələ müzakirəyə çıxarılıb. 
 
İclasda siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi barədə Təlimat qəbul edilib. 
 
Təlimatın qəbulu seçki qanunvericiliyinə dəyişiklik edilməsi ilə bağlıdır. MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, siyasi partiyalar MSK-ya illik maliyyə hesabatlarını təqdim etməlidirlər və MSK bu hesabatların qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlamalıdır: “Siyasi partiyaların maliyyə hesabatlarını MSK-nın nəzdində yaradılmış sektor araşdıracaq. Seçki dövründə bu məsələni Nəzarət-Təftiş Xidməti də araşdıracaq”. 
 
MSK-nın iclasında siyasi partiyaların maliyyə hesabatı ilə bağlı yaradılmış iki strukturun MSK Katibliyinin Əsasnaməsinə daxil edilməsi də təsdiqlənib.
 
MSK Milli Məclisə seçkilərdə vətəndaşların öz təşəbbüsü və təşəbbüs qrupları vasitəsilə deputatlığa namizədliyinin irəli sürülməsi, parlament seçkilərində imza vərəqələrinin verilməsi ilə bağlı təlimatlara da dəyişiklik edib. 

Google+ WhatsApp ok.ru