Ümumi daxili məhsul azalır - səbəb...

Ümumi daxili məhsul azalır - səbəb...

 
Ekspertlərin fikrincə, ÜDM-in ilin sonuna artımı mümkün deyil, bunun üçün heç bir iqtisadi əsas yoxdur
 
Ölkədə ümumi daxili məhsul azalır. Ekspertlər bunun narahatedici məqam olduğunu vurğulayırlar. Dövlət Statistika Komitəsinin bu ilin ilk 8 ayına olan son məlumatlarına görə, ölkədə ÜDM 3,1 faiz, o cümlədən qeyri-neft ÜDM-i 5,8 faiz kiçilib.
 
Professor Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əsas makroiqtisadi göstəricilərdən olan ÜDM-in azalması iqtisadiyyatda ciddi mənfi fəsadlarla nəticələnə bilər: “Bu fəsadlar işgüzar aktivliyin azalması, biznes-mühitin zəifləməsi, işsizliyin artması və digər sosial-iqtisadi problemlərdən ibarət ola bilər. Son aylarda müşahidə olunan ÜDM-in azalması tendensiyalarının daha da dərinləşməməsi üçün ilk növbədə bu vəziyyətin yaranma səbəbləri təhlil edilməlidir. Hesab edirəm ki, iqtisadiyyatda müşahidə olunan resessiya meyllərinin əsas səbəbi neft qiymətlərinin dünya bazarında enməsinə ölkə iqtisadiyyatının milli iqtisadiyyatda uzun müddət ərzində formalaşmış struktur disbalans ucbatından hazır olmamasındadır”.
 
Ekspertin sözlərinə görə, ÜDM makroiqtisadi təhlil baxımından önəmli göstərici olsa da, bu göstərici universal iqtisadi göstərici deyil və heç də həmişə real vəziyyəti əks etdirmir: “Buna konkret misal olaraq, neft qiymətlərinin yüksək olduğu dövrdə ölkədə mövcud olan ÜDM-in artımı statistikasını göstərmək olar. Həmin illərdə ÜDM-in kəskin artımı müşahidə edilirdi, lakin iqtisadiyyatın struktur problemləri dərinləşməkdə idi. ÜDM-in makroiqtisadi göstərici kimi ən zəif yerlərindən biri onun dinamikasında məhz struktur göstəricilərin kifayət qədər əks olunmamasıdır. Buna görə də, fikrimcə, bu göstəricinin dinamikasının mütləq digər mühüm makroiqtisadi göstəricilərlə kompleksli və sistemli şəkildə təhlili zəruridir. Bununla belə, iqtisadiyyatın müəyyən inkişaf tendensiyalarını əks etdirən mühüm göstərici kimi ÜDM-in azalması iqtisadi proseslərdə neqativ amillərin mövcud olmasından xəbər verir. Neft sektorunun tənəzzülə uğraması, o cümlədən həmin sektordakı proseslərin multiplikativ təsirinin azalmasını də nəzərə alaraq qeyri-neft sektorunda müşahidə olunan geriləmələr, sözsüz ki, ÜDM-in azalmasına səbəb olmuşdur. Bununla yanaşı, əvvəllər də qeyd etdiyim kimi, Mərkəzi Bank və hökumətin iqtisadi bloku tərəfindən həyata keçirilən sərt monetar siyasət, pulların iqtisadiyyatdan çəkilməsi mühüm makroiqtisadi göstəricilərə öz təsirini göstərir. ÜDM-in artımı üçün ilk növbədə real sektorun inkişafı tələb olunur. Sərt monetar siyasət isə real sektorun inkişafını praktiki olaraq mümkünsüz edir. Buna görə də, hesab edirəm ki, maliyyə resurslarının məhz real sektora yönəldilməsi mexanizmlərinin tətbiqi şərti ilə, makroiqtisadi səviyyədə sərt monetar siyasətdən real sektorun maliyyələşdirilməsinə və inkişafına istiqamətlənmiş iqtisadi siyasətə keçid həyata keçirilməlidir, real sektor canlandırılmalı və iqtisadi artım stimullaşdırılmalıdır”.
 
İqtisadçı alim Fikrət Yusifov musavat.com-a deyib ki, ümumi daxili məhsulun azalması dünyada baş verən iqtisadi böhranının təzahürüdür: “Belə bir vəziyyətdə onun azalması təbiidır. Bundan faciə düzəltmək lazım deyil. Yaranmış vəziyyətdə başlıca vəzifə real sektorun sürətli inkişafını təmin edə biləcək təxirəsalınmaz tədbirlər görməkdən ibarət olmalıdır. Çünki bu sektorda azalma daha çoxdur. Qeyri-neft sektorunda baş verən bu prosesin səbəbləri dərindən araşdırılmalıdır. Neftin qiymətlərinin kəskin aşağı düşməsi nəticəsində ümumi iqtisadi azalmalar nə qədər izah edilə bilsə də, real sektordakı azalmanın səbəblərini izah etmək mümkün deyil. Bu sektordan ixracın kəskin azalması da ciddi məsələdir. Odur ki, hökumətin aidiyyəti iqtisadi-maliyyə strukturları indi bütün diqqəti bu məsələnin üzərinə yönəltməlidirlər. Son bir ilə qədər dövlət başçısı tərəfindən real sektorun inkişafına yönəlik onlarla dəyərli qərarlar qəbul olunub. Bu qərarların hər biri təqdirəlayiqdir. Onlar ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasına, azad sahibkarlığın inkişafına geniş fəaliyyət meydanı açmağa köklənmiş qərarlardır. Ancaq nəticələr hələlik bir o qədər pozitiv deyil. Deməli, daha kardinal addımların atılması, real sektorun inkişafına əngəl ola biləcək məqamlara qarşı daha kəskin tədbirlərin görülməsi lazımdır. Bütün hallar üçün iqtisadi artımın təmin edilməsi və ölkənin maliyyə vəziyyətinin sabitləşməsi real sektorun sürətli inkişafından və bu sektordan ixracın əsaslı şəkildə artırılması hesabına ölkəyə valyuta axınının təmin edilməsindən asılıdır”.
 
İqtisadçı alim Qubad İbadoğlu isə qeyd edib ki, dünya iqtisadiyyatı irəli, Azərbaycan isə geri gedir: “Son 2 ildə adambaşına düşən ÜDM 4000 dollardan çox azalacaq. Dövlət Statistika Komitəsinin bu ilin ilk 8 ayına olan son məlumatlarına görə, ölkədə ÜDM 3,1 faiz, o cümlədən qeyri-neft ÜDM-i daha çox 5,8 faiz kiçilib. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2016-cı ildə Azərbaycanda iqtisadi eniş 2,4 faiz olacaq. BVF-nin digər proqnozuna görə, 2016-cı ildə dünya iqtisadiyyatı orta hesabla 3,1 faiz, inkişaf etmiş ölkələrin iqtisadiyyatı 1,8 faiz, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı isə 4,1 faiz böyüyəcək. Beləliklə də 2016-cı ildə Azərbaycanda iqtisadi artım dünyadaki inkişafdan geri qalacaq”.
 
Ekspert deyib ki, BVF-nin hesablamalarına görə, Azərbaycanda 2016-cı ildə ABŞ dolları ilə ifadə olunan nominal ÜDM 35 milyard 686 milyon dollar təşkil edəcək ki, bu da 2014-cü ilin müvafiq göstəricisindən (75 milyard 254 milyon dollardan) 2,1 dəfə və ya 39 milyard 568 milyon dollar azdır: “Bu, o deməkdir ki, son 2 ildə Azərbaycanda adambaşına düşən ÜDM 4 min ABŞ dollarından çox azalacaq. İqtisadi qanunauyğunluğa görə, pis idarə olunan, iqtisadiyyatı korrupsiyalaşmış ölkələrdə ÜDM-in artımından kiçik bir qrup bəhrələnirsə, onun azalmasında daha çox əziyyət çəkən böyük yoxsullar ordusu olur. Eyni ilə bizdəki kimi”.
 
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev hələ bu ilin aprelində 2016-cı ilin birinci rübünün göstəricilərinin o qədər də müsbət olmadığını deməklə ÜDM-in azalmasına diqqət çəkib. O, həmçinin hesab edib ki, il ərzində ÜDM artmalıdır.
 
Əksər ekspertlər isə bildirirlər ki, ÜDM-in xərc komponentlərini təhlil etdikdə, vəziyyətin bütün istiqamətlərdə ürəkaçan olmadığı ortaya çıxır. Yəni ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsi - istehlak xərclərinin, işgüzar fəallığın azalması, kapital qoyuluşları və investisiya xərclərinin ixtisarı, ixracatın azalması xalis ixracın aşağı düşməsini şərtləndirib. Ekspertlər bildirirlər ki, bu il ÜDM-in artımı mümkün görünmür. Çünki bundan ötrü heç bir iqtisadi əsas yoxdur. /

Google+ WhatsApp ok.ru