Müxtəlif bankomatlardan pensiyaların alınması məsələsinə aydınlıq gətirildi

Müxtəlif bankomatlardan pensiyaların alınması məsələsi Dövlət Sosial Müdafiə Fondunun bir layihəsidir. Bu layihə Azərbaycanın bank sektorunun strukturunun milli ödəniş səviyyəsində yenidən qurulmasını tələb edən məsələdir.
 
Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu gün keçirilən brifinqdə bildirdi.
 
Elman Mehdiyevin sözlərinə görə, bu məsələdən hələ danışmaq olduqca tezdir:
 
“Biz bunu mərkəz və aidiyyatı banklar qarşısında qaldırmışıq, amma bu iş bankların reallaşdıracağı layihənin nəticələrindən asılıdır. Buna görə də bu məsələdən danışmaq hələ tezdir”.
 
Elman Mehdiyev qeyd edir ki, bu layihəni pensiyaçılara artıq reallaşdırılan məsələ kimi çatdırmaq düzgün deyil.
 
“Həmin layihə çərçivəsində Mərkəzi Bank böyük miqyaslı işlər aparmaqdadır. DSMF olaraq bu problemi banklar qarşısında qaldırmışıq. Mərkəzi Bankın milli ödəniş sistemini tamamilə müasir standartlar əsasında formalaşdırması istiqamətində apardığı islahat nəticəsində bu məsələ nəzərə alınacaqdı, amma bunu bu dəqiqə pensiyaçılara hazırda reallaşdırılan məsələ kimi çatdırmağı biz məqsədəuyğun hesab etmirik, çünki bu çaşqınlığa səbəb olur.
 
Pensiyaçılarımız bəzən hazırda müxtəlif bankomatlara üz tuturlar, bu da onlar tərəfindən haqlı olaraq müəyyən narazılığa səbəb olur” - deyə, sədr bildirdi.
 
Onun sözlərinə görə, layihə istiqamətində işlər aparıldıqdan sonra bunu artıq reallaşdırılmış məsələ kimi əhaliyə çatdırmaq olar.

Google+ WhatsApp ok.ru