Natiq Cəfərli: “SOCAR-ın problemi şəffaflığın olmamasında və hesabatsızlıqdadır”

SOCAR Türkiyənin satışa çıxarılan “Petrol ofisi” neft-qaz şirkətini almaq niyyətindədir. Bu barədə Türkiyənin “Habertürk” saytı yazıb. SOCAR-dan başqa “Koç Holdinq”in 50% səhmlərinə sahib olduğu OPET şirkəti də “Petrol ofisi”ni almaq istəyənlər arasındadır. “SOCAR Turkey Energy” şirkətinin rəhbəri Kənan Yavuz məsələyə müsbət və mənfi cavab verməkdən imtina edib: “Şirkətin satışa çıxarıldığı təzə açıqlanıb. Bir neçə gün ərzində mövqeyimiz bəlli olacaq”. “Petrol ofisi”nin bazar dəyəri 1 milyard 790 milyon manat (896 milyon 410 min dollar) həcmində qiymətləndirilir.
 
İqtisadçı ekspert Natiq Cəfərli Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, əgər bu yatırımları normal, şəffaf fəaliyyət göstərən bir şirkət tərəfindən atılsaydı heç bir ziyan olmazdı: “Əslində SOCAR-ın almaq istədiyi hәmin şirkət Türkiyədə pərakəndə yanacaq satmaq üzrə formalaşan bir şirkətdir. Türkiyə dünyada ən baha benzin satışı həyata keçirilən ölkələrdəndir. Bu baxımdan, bu cür şirkətlərə yatırım qoymaq gəlirli bir iş ola bilər. Problem ondan ibarətdir ki, SOCAR-ın özündə gəlirlərin şəffaflığı ilə bağlı ciddi problemlər var. SOCAR-ın beynəlxalq auditlə bağlı problemləri var. Şirkətdə bu günə qədər normal beynəlxalq audit aparılmayıb.
 
Nə parlament, nə də xalq qarşısında normal hesabatlılığı yoxdur. Şirkətdə korrupsiya hallarının olması ilə bağlı mətbuatda yüzlərlə məlumat dərc olunur. SOCAR bu ittihamların heç birinə normal cavab verməyib. Bu tipli yatırımların normal şirkətlər tərəfindən aparılması ölkə iqtisadiyyatına da, şirkətlərin özünə də gəlir gətirə bilər. Türkiyədə SOCAR-ın almaq istədiyi şirkətlə Avstriyanın böyük neft-qaz şirkəti də maraqlanır. Bu gün SOCAR-ın problemi şəffaflıqda və hesabatsızlıqdadır.
Şəffaflıq aşağı səviyyədədir və hesabatlılığı isə ümumiyyətlə yoxdur. Əgər SOCAR normal şəffaf şəkildə işləsəydi bu tipli yatırımlar dövlətə xeyir gətirə bilərdi. Bu tipli yatırımlar olduqda həm dövlət tərəfindən, həm də ictimaiyyət tərəfindən mütləq nəzarət olmalıdır. SOCAR-dan tələb edilməlidir ki, atdığı hər addımla bağlı ictimaiyyətə məlumat versin. Çünki, bu Azərbaycanın dövlət şirkətidir və dolayısı ilə xalqa aiddir”./
 

Google+ WhatsApp ok.ru