Natiq Cəfərli: “Mərkəzi bank və hökumət iqtisadi sahədə seçim etmək məcburiyyətində qalıb”

Azәrbaycan iqtisadiyyatının göstəriciləri kifayət qədər neqativ әlamәtlәr müşahidə edilir. Belə ki, bir çox ekspertlər ixrac və idxal ilə bağlı rəsmi göstəricilərə diqqət çəkərək çox mənfi proqnozlar verirlər. İqtisadçı ekspert Nemət Əliyev sosial şəbəkədə bu mövzuda fikirlərini bölüşərkən qeyd edib ki, ölkə xaricinə satılan xam neft və neft məhsullarının həcmi 1,1 milyon tondan çox azalıb: “Rüblük ixrac dövriyyəsi üzrə 47%-dən çox azalma qeydə alınıb. Əcnəbi ölkələrə satdığımız malların 86%-dən çoxu xam neft, neft məhsulları və təbii qazdan ibarət olub. Xam neftin ixracı 956 min ton (15%), neft məhsullarının ixracı 173 min ton (29%) enib. Qeyri-neft mallarının ixracından gəlirlərimiz 38%-dən çox azalıb. Rüb ərzində idxal səviyyəsi 2 dəfəyə yaxın artıb. İdxalın ixracı üstələməsi səbəbindən rüblük xarici ticarət dövriyyəsi üzrə 45 milyon dollardan çox mənfi saldo əmələ gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk rübündə ümumi xarici ticarət dövriyyəsi 38%, o cümlədən idxal dövriyyəsi 25% düşüb”.
 
Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, Mərkəzi Bank və hökumət manatın dövriyyəsini azaltmaqla dolların bahalaşmasının qarşısını almağa çalışırlar: “Əslində rəsmi rəqəmlər bir neçə məsələdən xəbər verir. İdxalın kəskin artmasının səbəbi gömrükdə rəsmiləşdirilmənin artmasıdır. Bəlkә də bu il idxal ötən ilə nisbətdə ciddi şəkildə artmayıb. Amma rəsmiləşdirilmə artdığına, bəzi dəyişikliklər olduğuna, əvvəllər korrupsiya yolu ilə ölkəyə gətirilən məhsulların böyük əksəriyyətinin qeydə alındığına görə, bu rəqəmlər ortaya çıxır. İxracın azalmasının səbəbi də neftin qiymətləri ilə bağlıdır. Digər sahələrin heç birində bizim ixrac yönümlü məhsulumuzun olmadığından, kəskin şəkildə burada da azalma var.
 
Ticarət balansında mənfi saldonun yaranması artıq onu göstərir ki, Azərbaycan manatına olan təzyiqlər daha da dərinləşəcək. Bu təzyiqlərin də artması təbii ki, manatın məzənnəsinin yaxın gələcəkdə ciddi dəyişikliklərə məruz qalmasına yol açacaq. Sadəcə indi Mərkəzi Bank və hökumət manatın dövriyyəsini azaltmaqla dolların bahalaşmasının qarşısını almağa çalışırlar, bu isә digər ciddi fəsadlara yol açır. Banklar ciddi problemlərlə üzbəüz qalırlar, kreditləşmə dayanıb, iş yerləri bağlanıb, manat dövriyyəsi zəifləyib, iqtisadi fәallıq azalıb və s. Bir tərəfdən dolların məzənnəsini sabit saxlamağa çalışarkən, digər tərəfdən iqtisadiyyatda çox ciddi fəsadlara yol açırlar.
 
Bu baxımdan hökumət və Mərkəzi Bank rəsmi rəqəmlər açıqlanandan sonra, bir yol seçmək məcburiyyətində qalacaqlar: ya ölkədə iqtisadi fәallığı canlandırmaq yolu seçilməlidir, bu zaman iqtisadiyyat canlanarsa məzənnədə dəyişikliklər olacaq vә manatın ucuzlaşması davam edəcək, ya da sərt monitar siyasət yeridərək manatın məzənnəsini indiki səviyyədə saxlamaqla iqtisadi fәallıq daha aşağı salınacaq, bu isә daha ciddi problemlərə, işsizliyə, insanların gəlirlərinin azalmasına səbəb olacaq. Seçim hökumətindir. Hökumətin hansı yolu seçəcəyini demək çətindir. Çünki, Mərkəzi Bankın və hökumətin ölkədəki vəziyyətlə bağlı nə qısa, nə orta, nə də uzun vәdəli planları yoxdur. Ciddi planın olmaması da atılan addımların bir-birini tamamlamaması ilə müşahidə edilir. Gah özəlləşdirmədən danışılır və bununla dövlətin yükünü azaltmaq istəyirlər, gah da yeni qurumlar yaradılır. Bu uyğunsuzluq planının olmamasından irəli gəlir”.
 

Google+ WhatsApp ok.ru