Neft son beş ilin ən aşağı həddinə düşüb

Dekabrın 8-də "Brent" markalı neftin bir barreli 2 dollar da ucuzlaşaraq son 5 ilin ən aşağı həddinə çatıb. 
 
Birjalarda "Brent" markalı xam neftin qiyməti 1,82 dollar yaxud 2,6% ucuzlaşaraq 67,25 dollar/barelə düşüb. 5 il bundan öncə isə 66,77 dollar/barel olub.
 
"Morgan Stanley" firmasının analitiki Adam Longson açıqlamasında neftin qiymətinin 43 dollar/barelə çata biləcəyini deyib:
 
"OPEC proseslərə müdaxilə etməzsə gələn il dünya abzarında neftin qiyməti 43 dollar/barelə düşə bilər".
 
ABŞ İnvestisiya Bankı isə neftin qiymətinin daha ucuz olacağını proqnozlaşdırıb:
 
"2015-ci ildə "Brent" markalı neftin bareli 28-70 dollar arasında, 2016-cı ildə isə 16-88 dollar arasında dəyişəcək".
 
Xatırladaq ki, OPEC-in hasilatı azaltmaqla bağlı əklifləri qəbul etməməsindən sonra xam neftin qiyməti sürətlə ucuzlaşmağa başlayıb. Sonuncu dəfə 2009-cu ilin iyulunda belə bir ucuzlaşmanın olduğunu açıqlayan bazar iştirakçıları OPEC-in müdaxiləsi olmazsa proseslərin davam edəcəyini söyləyib. Hazırda OPEC-ə üzv ölkələrin gündəlik hasilat həcmi 800 min bareldir.
 
Hazırda ABŞ birjalarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,24 dollar yaxud 1,9% ucuzlaşaraq 64,60 dollar/barel olub. 2009-cu ilin iyulunda isə WTI-nin qiyməti 63,72 dollar/barel olub.

Google+ WhatsApp ok.ru