İnkişaf xalqın həyatında niyə görünmür?

İnkişaf xalqın həyatında niyə görünmür?

-- Uğurlu Azərbaycanda bu ayın maaşını o biri ayın maaşına necə çatdıraq?

"Novoye Vremya" qəzetində isə "Uğurlu Azərbaycanda bu ayın maaşını o biri ayın maaşına necə çatdıraq?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif deyir ki, ölkədə iqtisadiyyatın inkişafından danışsalar da bu inkişaf özünü xalqın həyatında heç cür göstərmir.
 
Müəllif rəsmi statistik rəqəmlərə istinadən 2017-ci ildə iqtisadi uğurları "təsdiqləyən" göstəriciləri nəzərə çatdırır, bu göstəricilərdə ÜDM, qeyri-neft sənayesi, kənd təsərrüfatı məhsulları istehsalı və s. artım göstərir: "Ölkə daxilində kənd təsərrüfatı məhsullarının istehsalının artması ilə yanaşı ərzaq məhsullarının qiymətləri bahalaşır. Niyə? Bax, bu "niyə"si aydın deyil. Zahirən manat dollar və avroya nisbətdə sabitdir, ölkə ərzaq təhlükəsizliyinə nail ola bilib. Amma ölkədə toyuq yumurtası istehsalı 6,5% artsa da pərakəndə satışda bahalaşması təəccüb yaratmaya bilməz, eyni zamanda süd və süd məhsulları da bahalaşıb".
 
Müəllif zəruri qida məhsulu kimi ölkədə hələ də kərə yağı istehsalı məsələsinin yoluna qoyula bilməməsini vurğulayır, idxalın isə əhəmiyyətli dərəcədə baha başa gəldiyini bildirir.
 
Yazı müəllifi deyir ki, xarici məmulatlardan asılı olan sahələrdə qiymət bahalaşmasına da son qoyulmayıb və bu da qiymət artımına mənfi təsir edir.
 
"Amma müstəqil ekspertlərin fikrincə, ərzaq məhsullarının əsas bahalaşma səbəbi inhisardır ki, iş adamları buna görə məruz qaldıqları maliyyə itkilərini qiyməti bahalaşdırmaqla istehlakçıların hesabına ödəyirlər, bunu ancaq inhisarın səviyyəsini və vergi ödəmələrini azaltmaqla tənzimləmək olar.
 
Müəllif deyir ki, rəsmi statistik göstəricilər yaxşılaşsa da inhisar məsələsi həllini tapmayıb, bu isə ölkədə ədalətli rəqabət mühitinin olmaması deməkdir və bu amil qaldıqca qiymət bahalaşması, eyni zamanda hökumətin də inflyasiyanın aşağı salınması yolları barədə danışması davam edəcək.
 
Müəllif rəsmi statistikaya istinadən ölkədə iqtisadiyyatın inkişafı, amma vətəndaşların həyat səviyyəsinin ağırlaşması bərabərsizliyinin yaşandığını deyir, bunu əhalinin gəlirlərinin inflyasiyanın sürətilə ayaqlaşmaması ilə izah edir.
 
Yazı müəllifi vurğulayır ki, 2017-ci ildə əhalinin gəlirləri 8,2% artıb, orta illik inflyasiya ölkədə 13%, ərzaq bahalaşması isə 16,4% təşkil edib.
 
Müəllifə görə, hesablanma üsulundan asılı olmadan istənilən halda əhalinin gəlirləri inflyasiyanın sürətindən geri qalır və bu da iqtisadi-sosial həyatı ağırlaşdırır.
 
Bu araşdırmanın yekunu olaraq müəllif deyir ki, iqtisadiyyatda "uğurlar"a baxmayaraq, bu, əhalinin əksəriyyətinin həyat səviyyəsinin yaxşılaşması amilinə dönməyib, əvvəlki kimi əhalinin çoxu yenə də maaşını sayaraq bunu növbəti ayın maaşına qədər necə çatdırmağı düşünür. (contact.az) 

Google+ WhatsApp ok.ru