Növbəti devalvasiya ajiotajı

Valyutadəyişmə məntəqələri dollar satışını dayandırdı

Avqustun 21-də Bakı şəhərində fəaliyyət göstərən bütün banklarda və valyutadəyişmə məntəqələrində yenidən dollar satışı ilə bağlı ajiotaj yaşanmağa başladı. Bu üzdən bir çox məntəqələr dollar satışını dayandırdı. Satıcılar bunun səbəbini dolların olmaması ilə əlaqələndirirdi. Bu üzdən banklara və valyutadəyişmə məntəqələrinə üz tutanlar əliboş qayıdırdı. Yaranmış vəziyyət
 
Mərkəzi Bankın yalnız kommersiya banklarına məktub göndərməsindən sonra normalaşıb. Məktubda bildirilir ki, 1 dollar 1.055 manatdan yuxarı olmasın. Məlumata görə, qonşu ölkələrin iqtisadiyyatında baş verən proseslərdən sonra Azərbaycanda əhalisi arasında ajiotaj yaranıb. Hətta bəzi valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,07 manat məzənnəsi ilə satılırdı. Bu ajiotajı aradan qaldırmaq üçün Mərkəzi Bank rəhbərliyi tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib. Banklara tövsiyə olunub ki, dolların satış məzənnəsinin maksimal həddi 1,055 səviyyəsində götürülsün. («Marja»)
 
Əslində baş verənlər və yaşanan proseslər təsadüfi qiymətləndirilməməlidir. Çünki ekspertlərin fikrincə, qonşu dövlətlərdə yaşananlar Türkiyə, Türkmənistan və Qırğızıstanın milli valyutalarının üzləşdiyi təzyiqlər Azərbaycan manatı üçün də ciddi vəziyyət yaradır.
 
«Manatın 2-ci devolvasiyası seçkidən əvvəl də ola bilər»
 
Baş verənlərin fonunda neftin qiymətinin sürətlə ucuzlaşması da dolların manata təzyiqini artırır. Əslində manatın ikinci devalvasiyaya uğrayacağı uzun müddət müzakirə predmeti idi. Ekspertlər bunun baş verəcəyini istisna etmirdilər. Sadəcə müddət olaraq o qeyd edilirdi ki, hökumət devalvasiyaya yalnız parlament seçkilərdən sonra gedəcək. Amma dünya bazarında neftin qiyməti ilə bağlı gedən proseslər, dolların dəyərinin artması manatın ikinci devalvasiyasının seçkidən öncə də baş verə biləcəyini deməyə əsas verir.
 
«İkinci devalvasiya 15 faizlik həddə olsa belə...»
 
Maide.az xəbər verir ki, iqtisadçı Məhəmməd Talıblı "Azadlıq"a bildirib ki, devalvasiyanı parlament seçkilərindən sonra başlaya bilər: «Mən şəxsən ondan qabaq bunu gözləmirəm. Əgər ikinci devalvasiya olsa, bunun faiz həddindən asılı olmayaraq onun sarsıdıcı təsiri olacaq. Çünki, lap ikinci devalvasiya qərarı 10-15 faizlik həddə olsa belə yenə də bu 1 il ərzində milli valyutanın 50 faiz həcmində dəyərsizləşməsi deməkdir ki, bu da manatın dönərli valyuta kimi dəyərinə açıq-aydın təhdiddir».
 
«Hökumət seçkiyə qədər qiymət artımının qarşısını almağa çalışacaq»
 
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev də vurğulayıb ki, manatın devalvasiyasının taleyinin neftdən asılı olduğunu vurğulayıb: “Azərbaycan manatının möhkəmliyi bilavasitə ölkənin valyuta ehtiyatlarının həcmindən asılıdır ki, bu da neft vasitəsilə daxil olur. Son vaxtlar dünya bazarında neftin qiyməti sürətlə aşağı düşməkdədir. Hansı həddə düşə biləcəyini də proqnozlaşdırmaq xeyli çətindir. Tendensiya ondan ibarətdir ki, neftin qiyməti orta müddətli dövrdə 50-60 dollar civarında formalaşa bilər».
 
A.Mehtiyev vurğulayıb ki, manat 21 fevralda kəskin devalvasiyaya uğrayaraq dollara nəzərən 33 faiz ucuzlaşıb. Bu addım bir tərəfdən valyuta ehtiyatlarının sürətlə tükənməsi, digər tərəfdən büdcədə yaranan kəsirlə bağlı idi: «Həmin devalvasiyadan sonra təbii olaraq qiymət artımı gözlənilən idi. Hökumət inzibati yollarla bunun qarşısını almağa cəhd göstərdi. Cüzi formada qiymət artımı baş versə də, genişlənərək həqiqi bazara uyğunlaşmadı. İndi də hökumət qiymət artımını süni hesab edir və inzibati yollarla qarşısını almağa çalışır. Buna nə dərəcədə nail olacaq zamanla görəcəyik”.
 
A.Mehtiyevin fikrincə, hökumət parlament seçkilərinə qədər qiymət artımının və devalvasiyaya gedilməsinin qarşısını almağa çalışacaq: “İndiki halda baş verən qiymət artımı qaçılmazdır. Çünki Azərbaycan iqtisadiyyatı son dərəcə inhisarlaşmış şəkildə inkişaf edir. Qiymətlər hətta dünya ölkələri ilə müqayisədə çox bahadır. Beləcə inhisarçıların özlərinə uyğun şəkildə qiymət artımının şahidi oluruq.
 
Ölkədə iqtisadi islahatlar həyata keçirilmədən, rəqabətli mühit yaradılmadan bunun qarşısını almaq mümkün olmayacaq. Bu islahatların aparılması isə müəyyən zaman tələb edir. Bu baxımdan neftin qiymətinin düşməsi manatın məzənnəsinin istər-istəməz tədricən aşağı düşməsini  qaçılmaz edir. Söhbət kəskin devalvasiyadan getmir. Neftin qiymətinin ucuzlaşması fonunda tədricən yumşaq devalvasiyaya gedilməlidir. Hökumət bunun qarşısını alarsa, bir müddət sonra 21 fevraldakı kimi kəskin devalvasiya qaçılmaz olacaq”.
 
Ekspert vətəndaşların əmək haqlarının aşağı olmasına da münasibət bildirib: “Bu vəziyyətdə vətəndaşların əmək haqları artırılmalıdır. Amma məsələ burasındadır ki, indiki halda büdcəyə vəsait cəlb etmək problemdir, vergi toplanmasında inzibati amillər kəskinləşib, neft gəlirlərinin azalması ölkə iqtisadiyyatına əlavə vəsait cəlbini azaldıb. Büdcəyə əlavə vəsait daxil olmalıdır ki, hökumət də əmək haqlarını artırsın. Bunun üçün ən yaxşı halda devalvasiyaya gedilməlidir. Manatı devalvasiyaya uğratmaqla ölkəyə daxil olan dollarlarla daha çox manat əldə etmək olar ki, bunun müqabilində maaşları artırmaq olar. İndiki vəziyyətdə devalvasiyaya gediləcəksə əmək haqlarının artırılması qaçılmaz ola bilər. Çünki, əksi mümkünsüzdür”.

Google+ WhatsApp ok.ru