OPEC: Azərbaycanda bu il neft hasilatı azalacaq

«The Wall Street Journal» nəşri «Günəşli» yatağındakı yanğının hələ də söndürülmədiyini yazır. Bunu SOCAR prezidenti Rövnəq Abdullayev fevralın 10-da deyib.  Ancaq Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, fevralın 10-da, saat 19:24-də yanğın tamamilə nəzarətə alınaraq söndürülüb.
 
Qəzet bu yanğında 11 neftçinin həlak olduğunu, 19 nəfərin itkin düşdüyünü qeyd edir. Neftin ucuzlaşmasından əziyyət çəkən ölkənin dərdinin üstünə bir dərd gətirdiyini vurğulayır.
 
«SOCAR-ın neftinin 60%-i bu neft platformasından çıxarılırdı. İndi ildə 500-600 min ton, yaxud günə 10-12 min barrel neft itkisindən söhbət gedir», - şirkət prezidenti Rövnəq Abdullayev Londonda neft konfransı çərçivəsində jurnalistlərə deyib. «Ancaq durum sabitləşməkdədir».
 
Cənab Abdullayev sözlərinə əlavə edib ki, təmir briqadası hazır vəziyyətdə dayanıb və SOCAR 3-4 aya platformanı yenidən işə salmağı planlaşdırır.
 
Qəzet Azərbaycanın ixracının 90 faizinin neft-qazdan asılı olduğunu qeyd edir. 2009-2010-cu illərdə neft hasilatı pik həddə çatıb, 1 milyon barreldən artıq neft hasil olunub, ancaq sonradan düşməyə başlayıb.
 
OPEC aylıq hesabatında bildirir ki, bu il Azərbaycanın hasilatı günə 40 min barrel, yaxud 4.7% azalacaq. Ötən il gündəlik 860 min barrel idi, bu il 820 min barrelə düşəcək.

Google+ WhatsApp ok.ru