Orta aylıq əmək haqqı nə qədərdir?

2014-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 441,8 manat olmuşdur. Maide.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
 
2014-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1507,5 min nəfər olmuş, onlardan 883,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 623,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir. 
 
Muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. 
 
İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Google+ WhatsApp ok.ru