Parkomatların aylıq gəliri 1 milyon 800 min manatdır

Ötən ilin aprelindən, Bakıda tıxacların qarşısını almaq və avtomobillərin pərakəndə şəkildə park edilməsini önləmək məqsədilə parkinq avtomatları quraşdırıldı. Bu aparatlar quraşdırılarkən bir saatlıq park etmənin qiymətinin 30 qəpik olacağı deyilsə də, qısa müddət ərzində qiymət qaldırıldı. Hazırda bir saatlıq parkinqin qiyməti 1 manatdır. Şəhərdə eyni yerdə 4 saatdan artıq avtomobil saxlamaq isə qadağandır. Sürücülər bu avtomatlar quraşdırılandan sonra parkinq qiymətlərinin bahalaşmasından narazıdırlar.
 
Maide.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat"a bildirib ki, parkinq avtomatları Bakı Şəhər İcra Hakimiyyətinin birbaşa nəzarətində olduğu üçün yığılan pullar da bu qurumun büdcəsinə daxil olur: «Bakı Şəhər İcra Hakimiyyəti onu ASC və ya MMC kimi qeydiyyatdan keçirməlidir. Ancaq bununla bağlı da hər hansı məlumat yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti bu yığılan pullardan vergi də ödəməli və yığımların həcmi ilə bağlı məlumat da verməlidir. Ancaq təəssüf ki, bu haqda dəqiq bir məlumat almaq mümkün deyil».
 
«Эхо» qəzeti isə yazır ki, Bakıda quraşdırılan hər bir parkomat günə 200 manat qazanc gətirir. İqtisadçı Nəriman Ağayevin sözlərinə görə, uyğun olaraq aya bir parkomatın gəliri 6 min manat təşkil edir. Parkomata baxan hər bir işçi ayda 300 manat maaş alır. Birinci ayda isə onun xüsusi geyiminə 500 manat xərclənir. Bakıda 300-dən çox parkomat quraşdırılıb, Beləliklə də onların aylıq gəliri 1 milyon 800 min manat təşkil edir. //

Google+ WhatsApp ok.ru