Pensiyalar gecikir

Paytaxtın bəzi rayonlarında hələlik pensiya verilməyib, halbuki, Sosial Müdafiə Fondu  hər ayın 5-6-da pulların personal kartlara köçürülməsini başa çatdırır.
 
Turan-ın müxbiri Beynəlxalq Bankın saytı vasitəsilə  (https://www.hbservice.com/frontend/auth/userlogin?execution=e1s1) Sabunçu rayonunda yaşayan şikayətçilərdən birinin elektron məlumatlarını nəzərdən keçirib, lakin müvafiq informasiyanı tapmayıb. Onun üçün SMS bildiriş də olmayıb, halbuki, hər ayın 7-nə qədər bu məlumatlar şikayətçiyə daxil olub. 
 
Yubanmanın səbəblərini öyrənmək üçün  gün ərzində Fondun mətbuat xidmətinin rəhbəri Əmrah Cəfərova telefon etmək mümkün olmayıb. Nə iş, nə də mobil telefonu cavab verməyib.
 
Yanvarın 1-nə olan statistikaya görə, Azərbaycanda pensiyaçıların sayı 1 mln. 296 min nəfər təşkil edir. Bildirilir ki, əmək pensiyasının baza hissəsinin artırılması haqda dövlət başçısının sərəncamı 1 mln. 223 min pensiyaçıya şamil edilib.
 
Fondun rəhbəri Elman Mehdiyevin sözlərinə görə, maliyyələşdirmə, o cümlədən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı heç bir problem yoxdur. Bu məqsədlə dekabrda 140 mln. manat əlavə vəsait ayrılıb.
 
Xatırladaq ki, DSMF-in kəsirsiz büdcəsinə düzəlişlərə görə, onun gəlirləri və xərcləri ilkin variantda olduğu ilə müqayisədə 7,4% -  3 mlrd. 78,57 mln. manatdan 3 mlrd. 307,36 mln. manatadək artıb.
 
 Pensiyaların ödənilməsinə 3 mlrd. 136,1 mln. manat, müavinətlərin verilməsinə 102,85 mln. manat xərclənəcək. 

Google+ WhatsApp ok.ru