İpoteka kreditləri yeni mənzillərə yönəldiləcək

Rəşad Əliyev: «Belə olan halda ayrılan pullar real sektora yönəldiləcək»

Dövlət ipoteka kreditlərinin şərtlərində mühüm dəyişikliklər gözlənilir. Belə ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ipoteka vəsaitlərinin yeni tikintiyə yönəldilməsi istiqamətində vəsaitlərin artırılması haqda məlumat verib. Əlaqədar qurumlarla yeni tikintidə alınan mənzillərin özlərinin bilavasitə ipotekaya girov kimi qoyulması məsələsinin həll edilməsinin zəruriliyi haqda danışıb.
 
Maide.az xəbər verir ki, «Value and Sources» konsaltinq şirkətinin baş direktoru  Rəşad Əliyevin "Bizim Yol"a bildirdiyinə görə, məsələnin rəsmi səviyyədə gündəmə gətirilməsi müsbət tendensiyadır: «Əvvəlki təhlillərdə qeyd etmişdik ki, hazırda mövcud olan dövlət ipoteka proqramının iqtisadi səmərəsi azdır. Çünki həmin vəsaitlər hazırda, əsasən, təkrar bazardakı mənzil alışına yönəldilir. İqtisadi səmərəsinin olmaması ilə yanaşı, proqram daşınmaz əmlak bazarında ekonom sinfinə, yəni dəyəri ucuz mənzillərə tələbatı artıraraq onların qiymətlərinin artımına səbəb olurdu. Bu proses ilkin bazara çox cüzi müsbət təsir göstərirdi. İqtisadi cəhətdən səmərəsi az olmasına baxmayaraq, mövcud proqram sosialyönümlüdür və məqsədi ev almaq üçün maddi imkanı az olan ailələrə kömək etməkdir».
 
Ekspert hesab edir ki, ipoteka proqramının daha çox ilkin bazara yönəldilməsi tikinti sektoruna hazırkı dövrdə əlavə dəstək verə bilər: «Belə olan halda ipoteka proqramı üzrə ayrılan pullar iqtisadiyyatın real sektoruna yönəldiləcək. Real sektor isə iş yerləri, vergi ödəmələri və iqtisadi inkişafın mənbəyidir. Əlavə etmək istərdik ki, dövlət tərəfindən ipoteka proqramı çərçivəsində ilkin bazara, yəni yeni tikililərin alınmasına yönəldilən vəsaitlərin ən azı 20 faizi dövlət büdcəsinə vergi ödəmələri şəklində qayıdacaq».

Google+ WhatsApp ok.ru