Qərb ekspertləri: Neft pullarının azalması Əliyev hakimiyyətini parçalayır

Ekspertlərin fikrincə, 2016-cı ilin əvvəlində Azərbaycanda yeni devalvasiya dalğası baş verəcək

ABŞ mediası Azərbaycanda seçkiqabağı vəziyyəti analiz edib. Beynəlxalq ekspertlər belə nəticəyə gəlib ki, neft pullarının kəskin azalması Azərbaycan hakimiyyəti daxilində ciddi gərginliyə səbəb olub. Onların fikrincə, Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən son olaylar da hakimiyyətdaxili gərginliyin nəticəsidir. Bu barədə ABŞ-ın “Bloomberg” agentliyi geniş analitik məqalə yayımlayıb. “Azərbaycanda Əliyevin repressiyaları və neftin ucuzlaşması fonunda parlament seçkisi keçirilir” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
 
***
 
Azərbaycanda bazar günü parlament seçkiləri keçirilir. Ölkə 1991-ci ildə müstəqillik qazanandan bu yana ilk dəfədir ki, avropalı müşahidəçilər Azərbaycanda seçkini izləməkdən imtina edib. Dünya bazarında neftin kəskin ucuzlaşması da keçmiş Sovet Ittifaqı ölkələri arasında üçüncü neft ixracatçısı olan Azərbaycanda iqtisadi vəziyyəti gərginləşdirib.
 
Prezident Ilham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası (YAP) parlamentdə çoxluğu əlində saxlamaqda israrlıdır. Əsas müxalifət partiyaları hakimiyyətin fəallara qarşı sərt repressiyalarını əsas gətirərək, bu fonda keçirilən seçkini boykot edib.
 
ATƏT-in müşahidə missiyası da hələ sentyabrda qərarını açıqlayaraq bəyan edib ki, Azərbaycan hakimiyyətinin qoyduğu məhdudiyyətlərdən sonra “bu seçkinin səmərəli və etibarlı şəkildə müşahidəsi mümkünsüzdür”.
 
Qeyri-müəyyən gələcək
 
“Neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycana qeyri-müəyyən iqtisadi gələcək vəd edir. Bunun da gözlənilməz siyasi və sosial nəticələri ola bilər”, – deyə Böyük Britaniyanın “The Economist” jurnalının analitiki Aleks Nays “Bloomberg”ə açıqlamasında bildirib.
 
Azərbaycanda iqtisadi problemlər hökuməti analoqu olmayan addım atmağa vadar edib və 2016-cı ilin dövlət büdcəsi 10 faiz azaldılıb.
 
Səsvermə Əliyevin keçən həftə təhlükəsizlik nazirliyində çalışan bir sıra şəxsləri korrupsiya ittihamı ilə həbsxanaya göndərməsindən az sonraya təsadüf edir. Dünya bazarında neftin qiyməti təxminən 50 faiz ucuzlaşandan sonra Azərbaycan Mərkəzi Bankı bu ilin fevralında devalvasiya qərarı verdi və ölkənin milli valyutası olan manat dollara nisbətdə dəyərini 35 faiz itirdi.
 
Azərbaycanda insan haqlarının vəziyyətilə əlaqədar hakimiyyətin ABŞ və Avropa Ittifaqı ilə münasibətləri də pisləşib. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Azərbaycanla Ermənistan arasında da gərginlik artır.
 
“Əliyev ciddi problemlərlə qarşılaşır”, – deyə Böyük Britaniyanın beynəlxalq münasibətlər institutunun (Chatham House”) Rusiya və Avrasiya üzrə nümayəndəsi Lorens Broers bildirib.
 
“Müxalifət partiyaları və vətəndaş cəmiyyəti institutlarının faktiki sıradan çıxarıldığı bir şəraitdə cəmiyyətlə dövlət arasında effektiv dialoq imkanları hədsiz məhdudlaşıb”, – deyə Broers qeyd edib.
 
Əliyevi tənqid edənlərin əksəriyyəti həbsxanadadır
 
Dünya Bankının məlumatına görə, Azərbaycanın ixracının 95 faizini, ölkənin gəlirlərinin isə 70 faizini məhz neft-qaz sektoru təşkil edir. Asiyanın enerji resurslarının Rusiyadan yan keçməklə Qərbə daşınması üçün marşrut təklif edən Azərbaycan indiyədək BP başda olmaqla, Qərb şirkətlərindən ölkədə təxminən 50 milyard dollarlıq investisiya cəlb edib. 2013-cü ildə Azərbaycanın BP başda olmaqla, bir sıra şirkətlərlə bağladığı müqavilənin dəyəri 45 milyard dollardır. Həmin müqavilə Xəzər qazının Gürcüstan və Türkiyədən keçməklə Avropaya çatdırılması üçün kəmərin çəkilişini nəzərdə tutur.
 
Azərbaycanda 2010-cu ildə keçirilmiş son parlament seçkilərində 125 yerdən 66-nı YAP tutub. ATƏT həmin seçkinin beynəlxalq standartlara cavab vermədiyini bəyan etmişdi. Bir qayda olaraq, hakimiyyətə loyal olan “bitərəf” deputatlara isə parlamentdə 40 yer verildi. Böyük müxalifət partiyaları isə parlamentə buraxılmadı.
 
“Əliyevi açıq tənqid edənlərin böyük əksəriyyəti, o cümlədən jurnalist Xədicə Ismayılova həbsxanadadır. Azərbaycan hakimiyyəti xüsusən son üç ildə onlarla hüquq müdafiəçisini, jurnalisti və siyasi xadimi təqiblərə məruz qoyub, hədələyib, həbsxanaya salıb”, – deyə “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının hesabatında bildirilir.
 
ATƏT Parlament Assambleyasının demokratiya və insan haqları komitəsinin sədri Izabel Santos “Bloomberg”ə açıqlamasında bildirib ki, Azərbaycanda siyasi məhbusların sayı getdikcə daha da artır: “Müstəqil səslər susdurulduğu şəraitdə vətəndaşların ölkənin hansı istiqamətdə getməsindən xəbər tutmasını mümkünsüz edir. Bundan da ilk növbədə Azərbaycan vətəndaşları ziyan çəkəcəklər”.
 
“Gəlirlər azaldıqca hakimiyyətdaxili münasibətlər daha da gərginləşir”
 
Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olduğunu inkar edir. Bu ilin sentyabrında Avropa Parlamenti “Azərbaycanda hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş repressiyaları” barədə qətnamə qəbul edəndən sonra Azərbaycan hökuməti ilə Avropa Ittifaqı arasında strateji tərəfdaşlıq müqaviləsi üzrə danışıqlar dayandırılıb.
 
“Əgər neftin qiyməti qalxmasa, güman ki, Azərbaycan Mərkəzi Bankı 2016-cı ilin əvvəlində yenidən devalvasiya qərarı verəcək. Bu da inflyasiyanın səviyyəsinin artmasına, onsuz da gərgin vəziyyətdə olan bank sektorunda vəziyyətin daha da ağırlaşmasına gətirib çıxara bilər”, – deyə Aleks Nays bildirib.
 
Resurslar azaldıqca hakimiyyətdaxili münasibətlər daha da gərginləşir. Əliyev oktyabrın 17-də gözlənilməz gediş edərək, uzun illər milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudovu vəzifəsindən azad etdi. Ardınca da bu nazirliyin 7 əməkdaşı sahibkarlara maneələr yaradaraq, qanunsuz yoxlamalarda, onlardan pul qoparmaqda ittiham olunaraq, həbsxanaya göndərildi. Həbs olunanların sayı artıq 15 nəfərə çatıb.
 
“Azərbaycanda siyasi qeyri-müəyyənlik əhəmiyyətli dərəcədə artıb. Neftin qiyməti artmayacağı təqdirdə vəziyyət daha da pisləşəcək”, – deyə Nays əlavə edib.(Azadlıq)

Google+ WhatsApp ok.ru