Qərb diplomatları Əliyev komandasındakı parçalanmadan yazır

`National Interest`: `Bu hadisələr parçalanmanın əlaməti olmaqla yanaşı, həm də Əliyevin əsas təhlükəsizlik nazirliyinə nəzarətinin olmamasının göstəricisidir`

ABŞ və Avropa Birliyinin Azərbaycan, Gürcüstan və Ermənistanda işləmiş keçmiş səfirləri – Riçard Kozlariç, Denis Korboy və Kenned Yalovits Cənubi Qafqaz ölkələrindəki vəziyyət, bu regionun Qərb üçün əhəmiyyəti, Rusiyanın təzyiqlərindən bəhs edən geniş bir məqalə hazırlayıb. Amerikanın “National Interest” jurnalında yayımlanan “Cənubi Qafqazı gözardı etməyin” başlıqlı məqalədə Azərbaycandakı repressiyalar, söz və ifadə azadlığının boğulması, siyasi məhbuslar, Dağlıq Qarabağ problemindən də ətraflı bəhs olunur. Məqalədə həmçinin Qərbə regiondakı vəziyyətlə bağlı təcili tədbirlər görmək, Azərbaycandakı avtoritarizmə görə Əliyev hökumətilə sərt danışmaq çağırışları da yer alıb.
 
Məqalənin tərcüməsini təqdim edirik:
 
Azərbaycanda saxta seçki və hökumətin inqilab qorxusu
 
“Azərbaycan, Gürcüstan və Ermənistan çox nadir hallarda Amerika qəzetlərinin baş məqaləsi olur. Amma hər üçü inanılmaz təzyiq altındadır və Amerika bunu gözardı edə bilməz.
 
Hazırda qəzetlərdə əsas başlıqlar Paris və Suriya barədədir. Lakin Cənubi Qafqazda baş verənlər orada müharibə riski və zəif idarəçiliklə bağlı həyəcan təbili çalmağa əsas verir. Region dövlətləri – Azərbaycan, Gürcüstan və Ermənistanın daxili siyasət üsulları bir-birindən kəskin fərqlənir. Lakin onların hər üçü Rusiyanın intensiv təzyiqilə üzləşir. Rusiyanın məqsədi isə bu ölkələrə təsirini artırmaqdır. Yeni müharibə ehtimalını azaltmaq və daha çox siyasi plüralizm yaratmaq üçün Qərb dərhal hərəkətə keçməlidir.
 
Daha çox narahatlıq yaradan isə Azərbaycanda insan haqları və demokratiya sahəsində baş verənlər, həmçinin bu ölkənin ərazisi olan, lakin hazırda ermənilərin nəzarəti altındakı Dağlıq Qarabağa görə iki ölkə arasında hərbi əməliyyatların yenidən başlanması təhlükəsidir.
 
Azərbaycanda son il yarımda mətbuata, söz azadlığına, təməl insan haqlarına ardıcıl repressiyalar baş verir. Bu ölkədə noyabrın 1-də keçirilən saxta parlament seçkilərində müxalifət iştirak etmədi, hakim partiya və onun yandaşlarının xeyrinə səs verilmiş bülletenlər təşkil olundu. Bu seçkinin etibarlı şəkildə monitorinqi həyata keçirilmədi. Çünki ATƏT və Avropa Parlamenti bu seçkiyə müşahidə missiyası göndərməkdən imtina etmişdi. Səbəb isə bu idi ki, Azərbaycan hökuməti onların beynəlxalq standartlara uyğun hərəkət etməsinə imkan vermirdi.
 
Azərbaycanda əsas müxalif səslərin bir qismi həbsxanadadır, bir qismi də ölkədən qaçmaq məcburiyyətində qalıb. Son vaxtlarda burada yallın bir xoş hadisə tanınmış hüquq müdafiəçisi Arif Yunusun səhhətindəki ciddi problemlər səbəbilə həbsdən buraxılması oldu. Onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı ilə əvəz olundu. Onun həyat yoldaşı Leyla Yunus, Ilqar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılmasına çağırış edən beynəlxalq səslər eşidilmir. Eyni zamanda, Azərbaycan hökuməti son zamanlar antiQərb, həmçinin Rusiyayönümlü ritorikanı artırır. Hökumət belə bir ehtimala əsaslanır ki, Qərb, xüsusən ABŞ Ukraynadakı xalq etirazlarının – Maydan hadisələrinin Azərbaycanda da təkrarlanmasına çalışır.
 
Azərbaycan büdcəsinə zərbə
 
Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycana və onun büdcəsinə ciddi zərbə oldu. Rejimə yaxın adamlara verilmiş şübhəli kreditlərə görə bank sistemi böhran içindədir. Həmçinin ölkədə növbəti devalvasiyanın baş verəcəyi barədə söhbətlər gəzir.
 
Güclü fiqurlardan sayılan milli təhlükəsizlik naziri və bu qurumdan daha 18 nəfərin uzaqlaşdırılması, ardınca da rabitə nazirinin vəzifədən çıxarılması Ilham Əliyevin ətrafında parçalanmanın əlaməti olmaqla yanaşı, həm də onun əsas təhlükəsizlik nazirliyinə nəzarətinin olmamasının göstəricisidir.
 
Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Ermənistanla cəbhə xəttində vəziyyətin pisləşməsi qorxusu var. Çoxsaylı müasir silahlardan və snayperlərdən istifadə olunması daha çox adamın həyatına son qoyur. Münaqişənin həllilə əlaqədar ikitərəfli və beynəlxalq sülh cəhdləri dondurulmuş vəziyyətdədir. Çünki hər iki ölkənin rəhbərləri öz cəmiyyətlərini kompromisə hazırlamaq üçün heç bir cəhd göstərmir. Moskva da hər iki tərəfi silahla təmin edir.
 
Əsas risk isə cəbhə xəttində kiçik toqquşmalar seriyasının genişlənməsi ssenarisidir. Çünki Əliyevin reytinqi aşağı düşür və o, öz ətrafında milli birlik yaratmaq üçün hərbi əməliyyatlara əl ata bilər. Əlbəttə, Əliyev Ermənistanın Rusiya ilə hərbi müqaviləsi olmasını nəzərə almaya bilməz. Bununla belə, o, özünə ictimai dəstək qazanmaq üçün bu məsələ ilə bağlı populist çıxışlar edir.
 
Azərbaycanla müharibə Ermənistan iqtisadiyyatını sarsıdır
 
Ermənistan Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Azərbaycanla düşmənçiliyi davam etdirir. Bu, bir tərəfdən Ermənistan iqtisadiyyatını sarsıdır, digər tərəfdən ölkədə avtoritarizm meyllərini gücləndirir. Bütün bunlar da Rusiyaya Dağlıq Qarabağ münaqişəsindən yararlanaraq, Ermənistandan alət kimi istifadəyə imkan verir.
 
Xəzərin neft-qazının çıxarılması və Avropaya çatdırılması Qərbin strateji marağı olaraq qalır. Lakin alternativ qlobal enerji mənbələrinin tapılması, dünya bazarında neft-qazın ucuzlaşması, Əfqanıstanda NATO-nun maddi-texniki dəstəyinə əvvəlki qədər ehtiyac duyulmaması Cənubi Qafqazın strateji əhəmiyyətini də azaldır.
 
Bu regionun Rusiya, Türkiyə, Iran və Yaxın Şərq arasında yerləşməsi Qərbin Cənubi Qafqaza daha çox siyasi diqqət yetirməsini tələb edir.
 
Qərb Əliyev rejimi ilə sərt danışmalıdır
 
Qərb və Rusiya Ermənistan və Azərbaycan arasında sülhyaratma cəhdləri xeyli vaxtdır ki, uğursuz olub. Bununla belə, Qərb Dağlıq Qarabağ münaqişəsilə əlaqədar qaynar müharibə riskini azaltmaq üçün yenə də cəhdləri davam etdirir. Bu, Türkiyə, Rusiya və Iranı böyük gərginliklər tələsinə sala bilər. Yaranmış bu vəziyyət tərəflərin Minsk qrupunun vasitəçiliyilə üz-üzə oturub danışıqlar aparmasını tələb edir.
 
Bundan başqa, Qərb Azərbaycanda güclənən avtoritarizmin qarşısını almaq, siyasi məhbusların azadlığa buraxılmasına nail olmaq üçün Qərb bu ölkədəki rejimlə sərt dildə danışmalıdır”.(Azadlıq)

Google+ WhatsApp ok.ru