Qarabağa səfər etmiş rusiyalı bloger: Beş il əvvəl axmaqlıq etmişəm

Dünən xəbər verdiyimiz kimi, ölkənin işğal edilmiş ərazilərinə qanunsuz səfər edərək, Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanununu pozduğu üçün, adı Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilən “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Rusiya vətəndaşı, məşhur bloger Artemi Lebedev Azərbaycana adının bu siyahıdan çıxarılması üçün müraciət edib.
 
Məktubda A.Lebedev qeyd edib ki, o, 2010-cu ilin iyul ayında Azərbaycanın işğal edilmiş rayonlarına səfər edib.
 
O, rəsmi orqanlardan müvafiq icazə almalı olduğunu bilmədiyini vurğulayıb. Artemi Lebedev ölkənin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və ölkə qanunlarına hörmətini bildirərək üzr istəyib, Azərbaycan XİN-in mətbuat xidməti bildirib.
 
Oxu.Az xəbər verir ki, adı Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısından silindikdən sonra, Lebedev öz bloqunda yazı paylaşıb.
 
“Beş il əvvəl axmaqlıq etmişəm, Dağlıq Qarabağa icazəsiz səfər edərək Azərbaycanı təhqir etmişəm.
 
Bu səfər zamanı Azərbaycanı təhqir etmək istəməzdim. Mən elə bilirdim boş şeydir. Hələ iki il sonra heç bir problem yaşamadan Naxçıvana da uçmuşam.
 
Sonra isə məlum oldu ki, mən Azərbaycanın “non-qrat person” siyahısındayam. Mən nə qədər haqsız olduğumu tam olaraq dərk etmişəm. Azərbaycanda çoxlu dostum və əməkdaşım var, onlarla ünsiyyət və bərabər işləməkdən məhrum olmaq istəmirəm. Ona görə də Azərbaycanın Rusiyada Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun adına məktub yazdım.
 
Yazdıqlarımın arasında “Əmi, bu əclafı bağışla!” da yazmışam.
 
Və Azərbaycan XİN-in saytında xoş xəbər dərc edildi.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlaması:
 
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Rusiya Federasiyasının vətəndaşı Artemi Lebedev adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasına yazılı şəkildə müraciət edib.
 
Məktubda Artemi Lebedev 2010-cu ilin iyul ayında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etdiyini və bu səfər ilə bağlı əvvəlcədən Azərbaycan Respublikasının aidiyyəti təşkilatlarından rəsmi icazənin alınmasına dair məlumatsız olduğunu qeyd edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmətini ifadə edib və işğal olunmuş ərazilərə səfərinə görə Azərbaycan xalqından üzr istəyib”.
 
Bizim studiya yenidən Azərbaycan müştəriləri ilə işləyə bilər.
 
P.S. Əgər kimsə Dağlıq Qarabağa səfər etmək istəyirsə, mənim səhvimi təkrarlamasın. İlk olaraq Azərbaycan səfirliyinə işğal edilmiş torpaqlara səfər üçün izin üçün müraciət edin. Çox böyük ehtimalla izin alacaqsız, sonra isə heç bir problem yaranmayacaq”- Lebedev yazıb.

Google+ WhatsApp ok.ru