QAT-dan beynəlxalq təşkilatlara qarşı sərt mövqe

“Qarabağ Azadlıq Təşkilatı bəzi beynəlxalq təşkilatların Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı məsələyə qərəzli mövqeyini qətiyyətlə pisləyir. Bəzi beynəlxalq təşkilatlar, dünya gücləri insan haqları deyilən məsələdən Azərbaycanda situasiyanı nəzarətə götürmək, ölkəni öz istəklərinə uyğun idarə etmək və yaxud idarəolunmaz vəiyyətə salmaq üçün alət kimi istifadə etmək istəyirlər. Bəzi beynəlxalq təşkilatlar bu yolla Azərbaycanı İraqın, Suriyanın, Liviyanın, Misirin gününə salmaq istəyir, bunun üçün bəzi daxili qüvvələrdən də istifadə etməyə çalışırlar.”
 
Bu sözlər Qarabağ Azadlıq Təşkilatının qəbul etdiyi bəyanatdandır.  Təşkilatın bəyanatında bildirilir ki, beynəlxalq təşkilatların Azərbaycana münasibətdə tutduqları qərəzli, məkrli mövqe Cənubi Qafqazın digər iki dövləti ilə müqayisədə aydın görünür və bu yanaşmaya ikili standartlardan başqa bir ad vermək mümkün deyil: “Əgər insan haqlarının pozulmasından danışılırsa, onda ilk növbədə hədəfdə Ermənistan və Gürcüstan olmalıdır. Yüz minlərlə azərbaycanlını zorla deportasiya etmiş, işğalçı siyasət yeridən, öz vətəndaşlarının haqlarını hər an pozan, Gürcüstanla həmsərhəd kəndlərdə yaşayan azərbaycanlılara divan tutan, seçkiləri kütləvi şəkildə saxtalaşdıran, prezidentliyə namizədlərə sui-qəsd təşkil edən, dinc nümayişə çıxan vətəndaşlarını qətlə yetirən Ermənistanda insan haqları ilə bağlı məsələ qoyulmur, Ermənistana qarşı heç bir qərar qəbul olunmur, təzyiq göstərilmir, amma Azərbaycanda xırda bir hadisə baş verən kimi hər tərəfdən hücuma keçirlər. Nə üçün?!
 
Gürcüstanda  insan haqları total şəkildə pozulur, orada yaşayan azərbaycanlıların heç bir haqqı tanınmır, seçkilər gürcülərin xeyrinə saxtalaşdırılır, Gürcüstanda gedib hansısa bir iş görməyə imkan verilmir, adamlar heç bir əsas gətirilmədən deportasiya edilir. Məsələn, Qarabağ Azadlıq Təşkilatının sədri Akif  Nağı və bir neçə üzvünə Gürcüstana daxil olmaq qadağan edilib və bu qadağanın səbəbi göstərilməyib. Gürcüstanda siyasi motivlərlə son aylar ərzində 100-ə qədər adam  həbs olunub, yaxud həbsi ilə bağlı qərar çıxarılıb, axtarışa verilib. Onların sırasında sabiq prezident Mixail Saakaşvili, Tbilisinin sabiq meri Qigi Uqulava, keçmiş baş nazir İvane Merabaşvili, keçmiş səhiyyə naziri Zurab Çaberaşvili, keçmiş ədliyyə naziri  Zurab Adeişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, vəkil Georgi Oniani və digərlərinin adlarını çəkmək olar. Bunların hamısı indiki hakimiyyətin siyasi opponetləridir və tam şəkildə siyasi məhbus hesab oluna bilərlər. Amma beynəlxalq təşkilatlar onların heç adını da çəkmir, Gürcüstana heç bir təzyiq göstərmirlər. Nə üçün?!
 
 Biz hesab edirik ki, bütün bunlar beynəlxalq təşkilatların, xüsusilə də Avropa Şurası, Avropa İttifaqı, ATƏT-in Azərbaycana qarşı qərəzli mövqe tutduğunu, ikili standartlar mövqeyindən yanaşdıqlarını bir daha göstərir. Beynəlxalq təşkilatlar Cənubi Qafqazda İnsan haqlarından danışmaq istəyirlərsə, birinci növbədə Ermənistandan və işğal olunmuş ərazilərdən qovulmuş bir milyondan artıq azərbaycanlı qaçqın və köçkünün, Gürcüstanda bütün hüquqlarından məhrum edilmiş 500 mindən artıq azərbaycanlının haqlarından, Ermənistanda və Gürcüstandakı kütləvi insan haqları pozuntularından başlamalı və Azərbaycana qarşı qərəzli mövqelərinə son qoyulmalıdırlar.” 
 

Google+ WhatsApp ok.ru