Qeyri-neft sektorundan vergi daxilolmaları 9,4 faiz azalıb

Qeyri-neft sektorundan vergi daxilolmaları 9,4 faiz azalıb

2016-cı ilin birinci yarısında qeyri-neft sektoru dövlət büdcəsinə 2 mlrd. 495,4 mln. manat köçürməni təmin edib ki, bu da həmin dövrdə vergi daxilolmalarının 78,2 faizini təşkil edib.
 
Vergilər Nazirliyinin məlumatına görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri- neft-qaz sektorundan vergi daxilolmaları 215,1 mln. manat və 9,7 faizlik bənd artıb.
 
Həmin dövrdə qeyri-dövlət sektorundan dövlət büdcəsinə vergi daxilolmaları 2 mlrd. 261,1 mln. manat təşkil edib. Bu, birinci yarımildə vergi daxilolmalarının 70,9 faizinə uyğundur.
 
Vergi ödənişlərində bütün regionların xüsusi çəkisi (275,3 mln. manat) 8,6 faiz təşkil edib.
 
Ümumilikdə, Vergilər Nazirliyinin xəttilə dövlət büdcəsinə 3 mlrd. 190,1 mln. manat köçürmə təmin edilib ki, bu da proqnozdan 2 faiz çoxdur.
 
2016-cı ilin birinci yarısında vergi yoxlamalarının ümumi sayı 2,8 dəfə azalıb (Turan İA).
 
Məlumatı Meydan TV-yə şərh edən iqtisadçı Qubad İbadoğlu bildirib ki, özəl sektorun dairəsi daraldıqca mövcud vəziyyət yaranmalıydı. Ölkədə rəqabətli şəraitdə əlverişli biznes foprmalaşdırılmadı. Hökmran mövqeyə malik olan inhisarçı holdinqlərin istehsal etdikləri məhsullar da anbarlarda qalıb, səbəb iki devalvasiyadan sonra alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Həmin məhsullar standartlara cavab vermədiyindən regional və xarici bazara çıxartmaq imkanları da məhduddur. Orta və kiçik biznesin fəaliyyətinin məhdudlaşmasının əsas səbəblərindən biri də yenə alıcılıq qabiliyyətinin aşağı düməsidir. Dövriyyə azaldıqca, satış, gəlirlər və son nəticəsində mənfəətin və əlavə dəyər vergisinin azalması baş verir. Baxmayaraq ki, hökumət əlavə dəyər vergisinin sayını artırıb. Amma istehlakçıların alıcılıq qabiliyyəti aşağı düşürsə, deməli, əlavə dəyər vergisinin toplanmasında problemlər yaşanır. Bu baxımdan qeyri-neft sektorunda vergi daxilolmaları aşağı düşməkdə davam edəcək. Ona görə də neft sektorundan daxil olmalar büdcə gəlirində üstün çəkiyə malik olacaq. Bu isə büdcəni xarici amillərdən asılı edəcək.
 
Q.İbadoğlu bildirib ki, ilin ikinci yarısında, xüsusən beşinci aydan başlayaraq xərcləmələr də çox artıb. İlin yarısında büdcəyə 6 milyard 130 milyon manat vəsait toplanıb, onun yarısı may və iyunda xərclənib: "Bu xərcləmələrdə Formula 1 yarışmasının da rolu ola bilər. Amma əvvəlki illərin praktikasından məlumdur ki, büdcənin əsas xərcləmələri əsasən ilin ikinci yarısında baş verir. İlk dəfə olaraq bu ilin 6-cı ayında büdcənin kəsirini gördük. İndiyə qədər büdcə kəsirlə formalaşdırılmırdı".
 

Google+ WhatsApp ok.ru