İqtisadi sektorda işləyənlərin sayı və əmək haqqı açıqlanıb

Bu ili martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1514,1 min nəfər olub, onlardan 880,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 633,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin 22,3%-i təhsildə, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7%-i sənayedə, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1%-i tikintidə, 4,6%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7%-i informasiya və rabitə sahəsində və 17,5%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.
 
Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Google+ WhatsApp ok.ru