Qubad İbadoğlu Myanmadan bəyanat verdi

Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu səfərdə olduğu Myanmadan açıqlama ilə çıxış edib. O, bu açıqlamanı “Müsavat üzvləri” qapalı qrupunda paylaşıb. 
 
Açıqlamada deyilir: “Salam, dəyərli dostlar və fədakar müsavatçılar! Bildiyiniz kimi, hazırda çox uzaq ölkələrdən birində - Myanmada səfərdəyəm, bura qlobal şəffaflıq təşəbbüsünün beynəlxalq İdarə Heyətinin üzvü kimi gəlmişəm. İdarə Heyətinin toplantısında Azərbaycanla bağlı önəmli bir məsələ-vətəndaş cəmiyyətinin vəziyyəti, həbslər və digər təzyiqlər müzakirə olunacaq. 
 
Bu müzakirədə mənim rəyimin əsas götürüləcəyinə görə təkidlə gəlməyimi xahiş etdilər. Əvvəlcədən planlaşdırmadığım bu səfərə gələrkən, qərargahda oldum, Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair arayışı və video çəkilişlərin diskini Gülağa bəyə təqdim etdik ki, seçki komissiyası və MNTK araşdırsın və cavab versin. Bu gün məlum oldu ki, Arayış qəbul olunmayıb ki, imza yoxdur və geri qaytarılıb. Bu məlumatı nəzərə almağınızı xahiş edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, həmin arayışı elektron imza ilə həm Gülağa bəyin (say komissiyasının üzvü) və həm də Sevinc xanımın (MNTK-nın üzvü) e-mail ünvanlarına göndərmişəm. Görək bundan sonra münasibətləri necə olacaq?”
 
Bu açıqlamaya Gülağa Aslanlı cavab yazıb: “Seçki Komissiyasının sədri Mirbaba Babayevdir. Bu gün (oktyabrın 11-də - red.) Seçki Komissiyasının səlahiyyətinə xitam verilmiş oldu. Düzgün yazılmış və imzalanmış şikayətinizi bundan sonra MNTK-ya təqdim etməniz gərəkdir”.
 
G.Aslanlının açıqlamasından belə məlum olur ki, sonuncu Məclisdə Mirbaba Babayev bu sənəd barədə şərh verib və onu nümayiş etdirib. Belə məlum olub ki, Qubad bəyin bəhs etdiyi arayışda heç bir imza olmayıb: “Qubad bəyin belə bir şikayət təqdim edə biləcəyinə inanmıram. Sənədi təqdim edənlər səhvə yol veriblər. Bu barədə Mirbaba bəy məlumat verdi və sənədin düzgün tərtib edilərək MNTK-ya təqdim olunmasını məsləhət bildi”.
Müsavat Partiyası isə dünən məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, partiyaya son qurultayda keçirilən seçkilərlə bağlı şikayətin təqdim olunduğu və bu şikayətin qəbul edilməyərək geri qaytarılması ilə bağlı iddialar həqiqətə uyğun deyil: “Seçkilər zamanı pozuntulara yol verilməsi barədə mətbuatda və sosial şəbəkədə ciddi hay-küy yaradılmasına baxmayaraq, bu günədək Müsavat Partiyasının hər hansı bir strukturuna rəsmi şikayət ərizəsi daxil olmayıb.
 
 Oktyabr ayının 10-da - seçkilərdən 13 gün sonra qurultay zamanı yaradılan Seçki Komissiyasının sədri olmuş Mirbaba bəy Babayevə bəzi sənədlər təqdim edilib. Hörmətli Mirbaba Babayev Müsavat Partiyası Məclisinin toplantısında bu barədə məlumat verərək bildirib ki, ona təqdim olunan sənədlər şikayət ərizəsi deyil. Belə ki, sənədin kimə və hansı struktura ünvanlandığı qeyd edilməyib, yazılanların kimə məxsus olduğu məlum deyil, kimsə tərəfindən imzalanmayıb.
 
Burada qeyd olunanların əksəriyyəti Seçki Komissiyasının fəaliyyət göstərmədiyi, qurultaydan əvvəlki dövrə aiddir. Ona görə də bu məsələlər Seçki Komissiyası tərəfindən deyil, partiyanın müvafiq strukturları tərəfindən araşdırıla bilər. Bundan sonra şikayət ərizəsinin yazılmasının forması, təqdim edilmə qaydası və partiya Nizamnaməsinə uyğun detallar sənədləri təqdim edənlərə izah edilib. Onlar da bununla razılaşıb. Beləliklə, qeyd edirik ki, Müsavat Partiyasına təqdim olunan şikayətlərə baxılmayaraq geri qaytarılması barədə iddialar tamamilə əsassızdır. Bu cür yanlış məlumatlar partiyanın nüfuzuna xələl gətirir".
 
Müsavat Məclisinin üzvü Osman Kazımov isə bildirib ki, İsa Qəmbər başqanlığa namizədlərdən heç birinə dəstək verməyib və qurultayda səsvermə zamanı da heç bir saxtakarlıq faktı olmayıb. Saxtakarlıq iddiaları əsassızdır.
 
O.Kazmov Qubad İbadoğlunun “Müsavat başqanlığına seçkilərdə ədalət prinsipi pozulub. Eyni zamanda seçkiqabağı dövrdə və seçki günündə prosedur pozuntuları olub, nöqsanlar qeydə alınıb” fikrinə də münasibət açıqlayıb: “Ədalətlilik prinsipi deyəndə nəyi nəzərdə tutur ki? Məgər ona hansısa maneçilik törədilib? Əgər pozulmuşdusa, Qubad bəyin ən qatı tərəfdaşı Əlövsət Talışxanlı Müsavatın Nəzarət Təftiş Komissiyasının hesabatı ilə çıxış edəndə nə üçün hər hansı pozuntudan məlumat vermirdi?”
 
O.Kazımov hesab edir ki, Nəzarət Təftiş Komissiyası hər bir partiyanın məhkəmə qurumudur. Bütün məsələlərdə bitərəf qalmalı və obyektiv mövqe nümayiş etdirməlidir: “Əlövsət Talışxanlı qurultayın iradəsinə və nizamnaməyə zidd olaraq bu gün də deyir ki, Qubad İbadoğlu mənim başqanımdır. Bəyəm Qubad bəy bunu görmürdü? Qubad bəyin pozuntularla bağlı qurultaya qədər hər hansı müraciəti varmı? Yoxsa nə üçün yoxdur? Və bu pozuntu dedikləri nə üçün seçki uduzulduqdan sonra yada düşür?”

Google+ WhatsApp ok.ru