Qurban bayramında fermerlər yox, məmurlar qazandı

“Qurban bayramında əsasən ölkəyə idxal edilən diri heyvanlar satışa çıxarılıb. Belə ki, bayramda asan qazanc əldə etmək məqsədilə oliqarx-məmurlar qonşu ölkələrdən çoxlu sayda heyvanlar gətirib. Alıcılıq qabiliyyətinin aşağı düşməsi və bu səbəbdən də tələbin azalması işbazların işinə yarayıb”.
 
Bunu virtualaz.org saytına açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.
 
V.Məhərrəmov deyir ki, çoxları ölkəyə ucuz qiymətə idxal edilən heyvanların satışından yaxşı faydalana bildi: “Sağlamlığı, yüksək keyfiyyətli əti ilə fərqlənən Qarabağ, bozax, caro, balbas kimi yerli cins heyvanlar isə öz alıcılarını tapmayıb. Təşkil edilən “bayram yarmarkası” yerli fermerlərin bazarını əngəlləyib. Fermerlərimizə çatacaq valyuta əvvəllər olduğu kimi yenə də əcnəbi fermerlərin cibinə getdi. Bu işdə onlara vasitəçilik edənlər isə bəzi məmurlar oldu. Heyvandarlığın inkişaf etdiyi söylənilsə də Azərbaycana gətirilən diri heyvanların baş sayı ildən-ilə artır”.
 
V.Məhərrəmovun sözlərinə görə, Azərbaycana çoxlu sayda heyvan idxal olunur. Həmin heyvanlarla bərabər indiyə kimi ölkəmizdə mövcud olmayan təhlükəli xəstəliklər də sərhədlərimizi keçərək gətirilir: “Ölkəyə gətirilən xəstəliklər təsərrüfatlarımıza çox ciddi ziyan vurur. Son üç ildə “bünyavirus” və “nodulyar dermatit” xəstəlikləri mal-qara arasında çoxlu sayda tələfata səbəb oldu, məhsuldarlığı kəskin şəkildə aşağı saldı, fermerlərimizi ciddi zərərə məruz qoydu. Sərhəddə ciddi yoxlamalar həyata keçirmədən çoxlu sayda diri heyvanların idxal edilməsi, ölkənin ərzaq təhlükəsizliyinə təhdid mənbəyi olaraq qalmaqdadır”.
 
Qeyd edək ki, bu ilin 7 ayında Azərbaycana 32,3 milyon dollarlıq diri heyvan idxal edilib. Ötən ilin 7 ayında isə 29,7 milyon dollar dəyərində diri heyvan idxal olunmuşdu. Son bir il ərzində ölkəyə gətirilən diri heyvanların dəyəri 8,79 faiz və ya 2, 6 milyon dollar artıb.
 
Vahid Məhərrəmov deyir ki, 2010-cu ilin 7 ayında ölkəyə cəmi 1,6 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda son 5 ildə bu göstərici 20 dəfədən çox artıb: “Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə 31 milyon 980 min 700 dollar dəyərində diri heyvan idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatlarında isə diri heyvanların idxalı 41 milyon 214 min 630 dollarlıq olduğu göstərilir. Beləliklə, qurumların təqdim etdiyi rəqəmlər arasında 9 milyon dollar (25 faiz) fərqi var. Hətta rəqəmlərin fərqini nəzərə almasaq belə son bir neçə ildə ət və diri heyvanların idxalı ciddi artıb. Bu da istehsalda problemin çoxalması ilə bağlıdır”.
 
Ekspert deyir ki, əksər müsəlman ölkələrində Qurban bayramına ciddi hazırlıq işləri görülür. Bayram günündə kəsim üçün nəzədə tutulmuş və bu məqsədlə bazarlara çıxarılmış heyvanlar tam sağlam olmaqla əhali üçün əlçatan qiymətə satılır. Bunun üçün əvvəlcədən müəyyən addımlar atılır, heyvandarlığı, yemçiliyi, damazlığı inkişaf etdirmək məqsədilə xüsusi proqramlar qəbul edilir: “Həmin ölkələrdə Qurban bayramını heyvandarlıqla məşğul olan fermerlər üçün ikiqat bayram hesab etmək olur. Bayram günü ərəfəsində qurbanlıq heyvanlara tələbat artır. Heyvandarlığı özləri üçün fəaliyyət növü seçmiş insanlar yetişdirdikləri heyvanları bazarlara çıxararaq yetərli maliyyə vəsaiti əldə edirlər. Lakin son zamanlar heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı ciddi addımlar atılmır. Həmçinin uzun müddət bu sahədə çalışanların istifadə etdikləri örüş sahələri, təbii biçənəklərin fermerlərin  əllərindən alındığının və digər məqsədlər üçün istifadə edildiyinin şahidi oluruq.
 
Son zamanlar heyvandarlığın inkişafı üçün ayrılan büdcə vəsaitlərinin qeyri-səmərəli xərclənməsi bir daha sübut etdi ki, problemlərin çoxluğu bəzi məmurlara  asan varlanmaq üçün geniş imkan verir”.
 
Xatırladaq ki,  Azərbaycana 2013-cü ildə 2,2 milyon dollar dəyərində 163 min baş diri qoyun idxal olunub. Aparılan hesablamalara görə, idxal olunan xırdabuynuzlu heyvanların hər birinin idxal qiyməti 10 manat 77 qəpik təşkil edib.
 
“Təsəvvür edin ki,1 kiloqram ət qiymətinə 13-15 kiloqram təmiz ət çıxışı verən qoç, toğlu alınıb. Həmin ildə Qurban bayramı ilə əlaqədar Bakıda təşkil edilən yarmarkalarda idxal olunan 1 baş toğlu, qoç alıcılara 100-150 manata satılıb. 2014- cü ildə ölkəyə gətirilən xırdabuynuzlu heyvanların idxal dəyəri əvvəlki ilə müqayisədə nə az, nə çox düz 6 dəfə artırılıb. Ölkəyə 2014-cü ildə 6,9 miyon dollar dəyərində 88 min baş diri qoyunlar idxal olunub. Bir baş qoyunun idxal dəyəri 79,43 dollara, yəni 62 manat 35 qəpiyə sənədləşdirilib. 2013 -cü ildə Azərbaycana Gürcüstandan 109 min başdan çox diri iribuynuzlu heyvanlar idxal olunub, həmin heyvanlar 3 kiloqram ət qiymətinə, yəni 29 dollar 91 sentə, o zamankı məzənnə ilə 24 manat dəyərində sənədləşdirilib.
 
2014-cü ildə Gürcüstandan ölkəmizə gətirilən 2,1 milyon dollar dəyərində 54,3 min baş diri iribuynuzlu heyvanın hər biri sərhəddə yeni qiymətə, 39,37 dollara, o zamankı məzənnə ilə 31 manata sənədləşdirilib. Əvvəlki ildə 3 kiloqram ət qiymətinə ölkəyə gətirilən iribuynuzlu heyvanların idxal dəyərini 2014-cü ildə 4 kiloqram ət qiymətinə sənədləşdiriblər. Qəribə burasıdır ki, adi qoyunu, toğlunu adi inəkdən, danadan 2 dəfə yüksək qiymətləndiriblər. Belə ki, yuxarıda qeyd olunduğu kimi 1 qoyunun idxal dəyərini 79,43 dollara, bir dananı isə 39,37 dollara sənədləşdiriblər. Əlbəttə, Gürcüstan fermerlərinə çatacaq maliyyə vəsaiti bundan 10-15 dəfə çox olub. Gürcüstandan idxal olunan heyvanlara tətbiq olunan gömrük rüsumu, daşınma üçün ikitərəfli nəqliyyat xərci və digər ödəmələrlə yanaşı, Azərbaycanda həmin heyvanlar yerli heyvanlardan 10-15 faiz ucuz təklif olunur” - deyə ekspert bildirdi.
 
Son zamanlar MDB ölkələri Ümumdünya Səhiyyə Təşkilatın (ÜST) müəyyən etdiyi normaya uyğun olaraq adambaşına ət istehlakını il ərzində 84 kiloqrama çatdırmaq üçün bir sıra dövlət proqramları qəbul ediblər. Belarus 124 kiloqram ət və ət məhsulları istehsal etməklə MDB-də liderdir, normadan aşağı olsa da ikinci yerdə 60 kiloqramla Rusiya, üçüncü yeri adambaşına 55 kiloqram ət istehsal etməklə Qazaxıstan tutur. Azərbaycan il ərzində adambaşına 32 kiloqram ət istehsal etməklə bu siyahıda axırdan ikinci yerdədir. Sonuncu yerdə isə Tacikistandır. Azərbaycanın 2013-cü ildə istehsal etdiyi ət və ət məhsulları təlabatın 38 faizini təmin edir.
 
Azərbaycanda adambaşına ət istehlakı normadan 2 dəfədən də çox aşağıdır. Bəzi MDB dövlətləri daxili istehsal hesabına özlərinin əsas ərzaq və qida məhsullarına olan tələbatlarını ödəyə bilmədikləri halda əhalinin alıcılıq qabiliyyətini artırmaq hesabına beynəlxalq normaya uyğun şəkildə əhalinin qidalanmasını təmin edirlər. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Rusiyada daxili istehsal hesabına adambaşına 60 kiloqram ət istehsal olunsa da xaricdən idxal olunan ət və ət məhsullarının hesabına bu göstərici 74 kiloqrama qədər artıraraq normaya yaxınlaşdırıblar. Azərbaycanda isə bu göstərici normadan 2 dəfədən də çox aşağıdır. Belə ki, 2013-cü ildə ölkədə adambaşına 33,8 kiloqram ət və ət məhsulları istehlak olunub. Bu da müəyyən edilmiş normanın 40 faizi qədərdir.
 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hazırladığı hesabatda Azərbaycanla bağlı məsələlərə geniş yer ayrılıb. Həmin hesabatda Azərbaycan əhalisinin ÜST-ün müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq və qida məhsulları istehlak etdiyi, xüsusən yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağı olduğu vurğulanır. Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət istehlak edir”.
 
Kənd Təsərrüfatı Nazirliyindən isə virtualaz.org saytına dedilər ki, Azərbaycanda heyvandarlığın inkişafı göz önündədir: “Statistika verilib, həmin statistikaya baxsınlar”. /

Google+ WhatsApp ok.ru