Riqada «Şərq tərəfdaşlığı» sammiti öncəsi Bakı tənqidlərlə üzləşdi

Mayın 20-də Latviyanın paytaxtı Riqa şəhərində Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrin Media Konfransı işə başlayıb. Toplantıya təmsilçi ölkələrdən olan 350-yə yaxın siyasətçi, media eksperti, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, jurnalistlər qatılıb. Xüsusi qonaqlar sırasında Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Han, Latviyanın sabiq prezidenti və Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa, Latviyanın mədəniyyət naziri Datse Melbarde, Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieks, ATƏT-in söz və KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç də var. Azərbaycan nümayəndə heyətinin tərkibi də genişdir. Azadlıq Radiosunun Azərbaycan xidmətinin Bakı Bürosunun rəhbəri Zeynal Məmmədli, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “İnternews-Azerbaijan”ın rəhbəri İlham Səfər, Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli, hüquq müdafiəçisi Əhməd Şahidov, Media Hüququ İnstitutunun keçmiş rəhbəri Rəşid Hacılı, İREX -in Azərbaycan bölməsinin rəhbəri Ələsgər Məmmədli, Yadigar Məmmədli iştirakçılar sırasındadır.
 
Konfransda əsas müzakirə mövzusu Azərbaycan, Ermənistan, Belorus, Gürcüstan, Moldova və Ukraynada medianın durumudur. Yığıncağı Seymin sədri İnara Murniyeste açıb. Qonaqları salamlayan Murniyeste sözü Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları  üzrə Avropa Komissiyası Direktorluğunun rəhbəri Kristian Danielsona verib. Kristian Danielson bildirib ki, Şərq Tərəfdaşlığına qoşulan ölkələrdə söz, və ifadə azadlığı, jurnalistlərin normal şərtlər altında, qanunların müdafiəsi altında çalışması olduqca önəmlidir: “Media azadlığı prinsipi cəmiyyətin inkişafının əsas dayaqlarındandır. Hökumətlər öz ölkələrində media azadlığı ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməli və bu məsələdə onlara heç bir güzəşt edilməməlidir. Biz eyni zamanda jurnalistlərin təhsili və hazırlanması məsələsinə də xüsusi diqqət ayırmalıyıq. Çünki yalnız yüksək ixtisaslı jurnalistlər heç bir təsir altında düşmədən cəmiyyətə həqiqəti anlada bilərlər. Biz tərəfdaş ölkələrdə araşdırmalar apararkən bəlli olur ki, bəzən media siyasi oyunlarda piyada yerinə işlədilir. Media bütün hallarda tərəfsizliyini saxlamalıdır. Təəssüflə onu da qeyd edim ki, “Şərq Tərəfdaşlığı” Proqramına qoşulan bir sıra ölkələr dəfələrlə edilən çağırışlara baxmayaraq media azadlığı sahəsində heç bir addım atmır, bu isə durumun daha da ağırlaşmasına, medianın daha ciddi basqılar altında işləməsinə səbəb olur”.
Kristian Danielson son dönəmlərdə media sahəsində ən ağır durumun Ukraynada olduğunu deyib. Onun sözlərinə görə, bu ölkədə qəzetçilər faktiki ölüm təhlükəsi altında işləyir. Səbəb isə Rusiya işğalıdır.
 
Bu fikri Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieks davam etdirib. Onun sözlərinə görə, “Avromaydan” olayları zamanı, eləcə də ölkənin şərq vilayətlərində gedən döyüşlərdə jurnalistlər xəbəri həyatları bahasına hazırlayıb və işğal aradan qaldırılmadığına görə bu davam edir: “Krımda, Luqanskda, Donetskdə bu təhlükə öz ciddiyyətini qoruyur.  Ukraynada mediaya basqı yalnız mərkəzi hakimiyyətin nəzarət etmədiyi bölgələrdədir. Rusiyanın hərbi təcavüzü ilə faktiki işğal altında olan bölgələrdə insan haqları, vətəndaş və media azadlıqları ilə bağlı durum həddən artıq təhlükə altındadır”.
 
Nils Muizneks çıxışında Azərbaycanda media azadlığı ilə bağlı durumu da sərt tənqid edib: “Biz dəfələrlə rəsmi Bakını problemlərin çözümünə, həbsdə olan qəzetçilərin, vətəndaş cəmiyyəti fəallarının azad edilməsinə çağırmışıq. Ancaq çox təəssüf, bu məsələ gözardı edilir. Vəziyyət o yerə çatıb ki, Azərbaycanda Avropa Şurası ilə əməkdaşlıq edənlərin hamısı həbs edilib. Onlara qarşı qondarma ittihamlarla cinayət işi açılıb. Biz bilirik ki, onların həbsi ifadə azadlığının ən ağır formada məhdudlaşdırılmasıdır. Hökumət isə bu basqını qanuni hakimiyyəti devirmək, narkotiklərlə bağlı cinayətlər kimi rəsmiləşdirir. Mən Azərbaycanda olarkən həbsxanada İlqar Məmmədovla görüşdüm. O, haqqında səsləndirilən ittihamların heç birini qəbul etmir və həbsinin siyasi xarakterli olduğunu bildirir. Azərbaycan həbsxanalarında əsassız ittihamlarla həbs edilən onlarla şəxs saxlanır. Gərginlik artmaqda davam edir. Azərbaycan kimi Belorusda da bu sahədə çox pis praktika var. Jurnalistləri sadəcə reportajlarına görə həbs edirlər. Ermənistandakı durum da bizi çox narahat edir. Rəsmi Yerevan medianın azadlığını davamlı olaraq məhdudlaşdırır və qəzetçilər faktiki olaraq basqı altında işləyir. Biz bu məsələlərlə bağlı monitorinqlər aparır, öhdəliklərini yerinə yetirmələri üçün hakimiyyətlərə müraciət edirik. Toplantıya qatılan media təmsilçilərindən bir xahişim var – ölkələrinizdə nə baş verirsə, bu haqda tərəfsiz xəbərlər yayın, jurnalistlər basqı altındadırsa, bu haqda mütləq məni məlumatlandırın. Ən azı bu haqda Strasburqda Avropa Şurasının sessiyalarında ciddi “səs-küy” qoparacam”.
 
Daha sonra söz alan ATƏT-in söz və media azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç çıxışına “nə etməli” sualı ilə başlayıb: “Bizim “Şərq Tərəfdaşlığı” proqramına qoşulan bir sıra ölkələrdə ifadə və media azadlığı ilə bağlı düşüncələrimiz çəhrayı deyil. Apardığımız araşdırmalar bu sahədə durumun getdikcə pisləşdiyini göstərir. Siyasi iqtidarlar cəmiyyəti basqı altında saxlamağın ilk şərti kimi medianı özlərinə tabe etməyi görürlər və bir çox media orqanları bu siyasətin qurbanına çevrilir. Təbii belə durumda yaranan ilk sual “nə etməli”dir. Biz gələcəyə baxmağa məcburuq. Bu gün Azərbaycan, Ermənistan və Belorusda media azadlığı ilə bağlı durum çox oxşardır. Hər üç ölkədə media şiddətli basqı ilə üz-üzə fəaliyyət göstərmək məcburiyyətindədirlər. Bu durum bir çox media qurumlarının müstəqil və tərəfsiz olduğunu ciddi şübhə altına alır. Media qurumları fəaliyyətlərini davam etdirmək üçün bir sıra hallarda geri çəkilmək, tərəfsizlik prinsipindən yan keçmək məcburiyyətində qalırlar. Bu faktların sayı çoxdur. Bizim əsas vəzifəmiz bu durumdan çıxış yolları tapmaqdır. “Şərq Tərəfdaşlığı” Proqramına qoşulmaqla bu ölkələr Avropa ailəsinin üzvü olmaq niyyətlərini açıqlayıblar. Ancaq Avropa dəyərləri insanların, cəmiyyətlərin ifadə azadlığının məhdudlaşdırılmasını inkar edir. Biz bu məqamı həmin ölkələrin rəhbərliyi ilə danışıqlarımızda israrla vurğulamalıyıq”.
 
Dünya Myatoviç Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbər Emin Hüseynlinin İsveçrə səfirliyinə sığınması və insan haqlarının müdafiəçisi Rəsul Cəfərovun həbsin xüsusi vurğulayıb: “Aylardır Emin Hüseynov həbs təhlükəsi olduğu üçün İsveçrənin Azərbaycan böyükelçiliyinə sığınmaq məcburiyyətində qalıb. Ona qarşı da digər şəxslər kimi saxta ittihamlarla cinayət işi açılıb. Bu, Emin Hüseynovla bağlı ilk fakt deyil. O, bundan öncə haqqında qaldırılan cinayət işinin sifarişli olduğunu Avropa İnsan Haqları Məhkəməsində sübut edib. Rəsul Cəfərovun da durumu son dərəcə narahatlıq doğurur. Biz təhlükəli durumlarla üz-üzəyik. Həbs edilən şəxslərin yalnız özləri, işlədikləri qurumlar deyil, ailə üzvləri də təhdid və basqı altındadır. Düşünürəm ki, bütün hallarda biz hökumətləri üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırmalıyıq. Riqa sammiti çərçivəsində media azadlığı məsələsi dövlət və hökumət rəsmilərinin iştirakı ilə geniş müzakirə edilməli, hər şey öz adı ilə çağırılmalıdır. Biz rəsmilərə anlatmalıyıq ki, imzaladıqları sənədlər yalnız kağız parçalarında gözəl tərtib olunmuş mətnlər deyil, dövlətlərin və hökumətlərin etibarına bir-başa təsir edən ciddi sənədlərdir”.
 
Dunya Myatoviçə görə, media, insan haqları sahəsindəki problemləri assosiasiya sazişləri ilə pərdələmək doğru addım deyil. Bu, yalnız həmin problemlərin daha uzun müddət çözülməməsinə səbəb olur. Xanım Myatoviçin çıxışını “ifadə azadlığını məhdudlaşdıran hökumətlərlə əməkdaşlığa yenidən baxılması gündəmə gətirilməlidir” fikri ilə tamamlayıb.
Madrid klubunun prezidenti Latviyanın eks-prezidenti Vayra Vike-Freyberqa isə düşünür ki, çıxış yolu yalnız cəmiyyətlərdə maarifləndirmənin gücləndirilməsidir: “Bu gün Ermənistan, Belorus, Azərbaycan da media azadlığı ilə bağlı durumun tamamilə, Ukrayna, Gürcüstan və Moldovada qismən ağır olduğunu hamımız bilirik. Düşünürəm ki, beynəlxalq səylərlə yanaşı cəmiyyətlərdə maariflənməni gücləndirməyə ciddi ehtiyac var. Çünki toplumlarda intellektual kəsimlərin artması insanların öz hüquq və azadlıqlarını daha savadlı müdafiə etməsinə səbəb olur. Ancaq intellektuallar heç də hər zaman doğru düşünənlər kimi qəbul edilməməlidir. Ötən əsrdə baş verən II Dünya savaşında Avropanın ən nüfuzlu ölkələrindən olan Fransada intellektualların yarısı Stalini, yarısı da Hitleri müdafiə edirdi. Söhbət Avropa dəyərlərinə, insan haqları prinsiplərinə sayğılı davranan, eyni zamanda cəmiyyətin müdafiəsini təşkil etmək gücündə olan kəsimdən gedir. İnanıram ki, kənar təsirlərlə yanaşı ölkələrdəki bu problemlər daxildən edilən etirazlarla çözülə bilər”.
 
Açılış mərasimindən sonra Media Konfrans öz işini panellərdə davam etdirir. Toplantılarda moderatorlar “Şərq Tərəfdaşlığı” Proqramına qoşulan ölkələrdə ifadə azadlığı ilə bağlı detallı hesabatlar təqdim edir.(Yeni Müsavat)

Google+ WhatsApp ok.ru