Rüstəm İbrahimbəyov Rusiya jurnalında müsahibəsinin təhrif olunmasından narazıdır

Dramaturq Rüstəm İbrahimbəyov “Nyu-Taym” nəşriyyatının redaksiyasına müsahibəsinin təhrif olunmuş şəkildə dərc edilməsi ilə bağlı etiraz məktubu göndərib.
 
“Müsahibəmin mətni ilə bu qədər sərbəst şəkildə davranılması ilə bağlı məyusluğumu ifadə etməyə bilmərəm. Böyük ixtisarlar və mənimlə razılaşdırılmamış redaktor müdaxiləsi nəticəsində Olqa Qalitska ilə söhbətdə dediklərimin ümumi mənası itirilib, mənim üçün prinsipial əhəmiyyət kəsb edən konkret ifadələr təhrif olunub.
 
Jurnalınıza hörmətlə yanaşıram və dərc edən redaktorun sözlərinə görə, nömrənin ümumi həcminin qısaldılması ilə bağlı texniki səbəblərin müəllifin fikirlərinin bu dərəcədə təhrif edilməsinə gətirib çıxara bilməsinə təəccüb edirəm. Müsahibəni bu şəkildə dərc etməməyi israrla xahiş edirəm”, deyə dramaturqun bir nüsxəsini Turan-a təqdim etdiyi redaksiyaya müraciətdə bildirilir.
 
Xüsusən, İbrahimbəyov aşağıdakı paraqrafın ixtisar edilməsindən narazılığını bildirib:
 
“Ermənistan Dağlıq Qarabağı işğal edərək, mənim nöqteyi-nəzərimdən, təkcə Azərbaycan və erməni xalqına qarşı cinayət işləməyib – hər iki ölkədə çox sayda insan həlak olub, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb – bu təcavüzün nəticələri bütün bəşəriyyət üçün təhlükəlidir.
 
Qavrila Prinsipin açdığı bir atəş Birinci Dünya Müharibəsinə səbəb olub. Dünyadakı hazırki vəziyyətdə isə sərhədlərə yenidən baxılması üzrə istənilən cəhdlər bütöv ölkələrin məhvinə səbəb olar. Bu, səhvdir, faciəvi səhv”.
 
Dramaturqun israrlı xahişlərinə baxmayaraq, redaksiya İbrahimbəyovun fikrini tam şəkildə nəzərə almağı lazım bilməyib.
 
Müsahibənin dərc olunmuş variantını burada oxumaq olar.

Google+ WhatsApp ok.ru