Ruhani İlham Əliyev AİP-də birinci müavin oldu

Bu gün Azərbaycan İslam Partiyası (AİP) İdarə Heyətinin növbəti toplantısı keçirildi. Toplantıda AİP sədri Elçin Manafov, sədr müavinləri Akif Heydərli, Vüqar İbayev, Elşən Orucov, AİP MNTK-nın sədri Fəyaz Nəbizadə, AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova, Gənclər Təşkilatının sədri Vüqar Abdullayev, partiya funksioneri Elmar Səmədov, qonaq qismində dəvət olunmuş ruhani alim İlham Əliyev, Natiq Kərimov, Üzeyir Heydərov iştirak ediblər.
 
Maide.az-ın verdiyi xəbərə görə, yığıncaqda ölkədəki ictimai-siyasi durumun qısa müzakirəsi keçirilib. Çıxış edənlər ölkə əhalisinin sosial vəziyyətinin əvvəlki illərdən kəskin ağırlaşması, manatın devalivasiyaya uğraması nəticəsində vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsinin ciddi narahatçılıq doğurduğunu qeyd ediblər.
 
Müzakirə zamanı həmçinin ölkədə insan haqlarının pozulması hallarının davamlı şəkil alması pislənib. 
AİP səlahiyyətliləri son haqsız məhkəmə baxışlarının nəticəsi olaraq, Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusun və tarixçi alim Arif Yunusun saxta ittihamlarla həbs olunmasını kəskin tənqid edərək, bunu məhkəmə ədalətsizliyi kimi qiymətləndiriblər.
 
İdarə Heyyətinin üzvləri sonra təşkilati məsələyə baxmış, sədrəvəzi Elçin Manafovun təklifi ilə islam alimi İlham Əliyevi AİP –də sədrin birinci müavini vəzifəsinə təyinatı barədə fikir irəli sürüb. İştirakçıların rəyləri nəticəsində İlham Əliyev AİP sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Google+ WhatsApp ok.ru