Rusiyaya qarşı iqtisadi müharibədə “Azərbaycan cəbhəsi” - təhlükə

“Sürünən böhran” sərhədimizə yaxınlaşır; Kremlə və onun potensial müttəfiqlərinə qarşı Qərbin bütün cəbhə boyu yeni hücum taktikasının pərdəarxası; “dava edən fillərin” ayağının altında “ot olmamaq” şansımız hələ ki qalır, əgər... 
ABŞ başda olmaqla Qərb Rusiyanı və onun yeni supermüttəfiqi Çini cəzalandırmaq üçün bu iki fövqəldövlətə qarşı iqtisadi (valyuta) müharibəsini genişləndirib. Son baş verənləri Qərbin əsas hədəfə çatmağı tezləşdirmək üçün hardasa təzə və kifayət qədər effektli və incə hücum taktikası da adlandırmaq olar.
 
Artıq ilkin nəticələr ortadadır: dünya bazarında neftin qiyməti bir qədər də aşağı düşərək minimal (kritik) göstəriciyə yaxınlaşıb; Çin yuanı, xüsusilə də Rusiya rublu öz dəyərini xeyli itirib, rubl isə dollara nisbətdə sürətlə ucuzlaşaraq rekord həddə qərarlaşıb (70 rubl), Rusiyanın və Çinin iqtisadiyyatı yeni problemlərlə üzləşib, hətta iqtisadi geriləmənin əlamətləri özünü göstərməyə başlayıb.
 
***
Diqqətçəkicidir ki, ABŞ Rusiyanı həm də geosiyasi istiqamətlər üzrə zəiflətmək üçün təqib etməkdədir. Söhbət öncəliklə postsovet məkanının iki mühüm məntəqəsi - Ukrayna və Azərbaycanın da daxil olduğu Güney Qafqazdan gedir. Aydındır ki, Rusiya iqtisadi-maliyyə probemlərinin məngənəsində nə qədər çox sıxılsa, bir o qədər onun hərbi alanda da güc-imkanı azalacaq. Rusiya isə, sirr deyil ki, xüsusən də Qafqazda hərbi cəhətdən möhkəmlənməyə, ABŞ-ı, NATO-nu qabaqlamağa, Qərbi və onun maraqlarını bölgədən sıxışdırmağa çalışır.
 
Elə bu həftə (avqustun 26-ı) NATO baş katibi Yens Stoltenberq ilk dəfə olaraq Gürcüstana səfərə gələcək və burada alyansın təlim mərkəzinin açılışına qatılacaq. Bu fakt alyansın bölgəmizə de-yure, rəsmən girməsi anlamını verir ki, bu da Moskvanı ciddi narahat edir. Keçən ay Bakı-Supsa neft kəmərinin Gürcüstandan keçən hissəsinin bir neçə kilometrinin separatçı Cənubi Osetiyadakı rus hərbçiləri tərəfindən ələ keçirilməsi də müstəsna olaraq bu prosesi durdurmağa, Qərbi hədələməyə hesablanmışdı.    
 
Yeri gəlmişkən, ötən həftə rusiyalı ekspertlərdən biri belə fikir söyləmişdi ki, Putin Ukraynanı əslində uduzub və qonşu ölkəyə hərbi müdaxilə imkanlarını itirib. Onun qənaətincə, Rusiya-ABŞ (NATO) qarşıdurması Ukraynadan Qafqaza adlaya bilər, həm də o səbəbə ki, hərbi kampaniya üçün uzağı 1 ay - sentyabr ayı əlverişli ay hesab edilir ki, ondan sonra belə ehtimal sıfıra enəcək. Yəni Qərb hardsasa 30-35 gün də Rusiyanın başını özünə qata bilsə, Moskva nəinki Ukraynanı, bəlkə hələ Güney Qafqazı da unutmaq zorunda qalacaq. 
 
 
 
Maraqlıdır ki, az sonra rusiyalı politoloqun fikrini ABŞ-ın kölgə kəşfiyyatı sayılan “Stratfor” analitik mərkəzinin ekspertləri də təsdiqlədilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
***
Bu mənada Rusiyaya qarşı iqtisadi savaşını açılması və məhz bu fonda NATO baş katibinin Gürcüstana səfərə hazırlaşması təsadüfə bənzəmir və Qərbin, ABŞ-ın planlarının sinxronluğundan və ardıcıllığından xəbər verir. Bu, eyni zamanda, Güney Qafqaz, Ukrayna uğurunda amansız mübarizədə Kremlə sanballı bir güc nümayişidir.      
 
Valyuta müharibəsi isə artıq nəinki Avrasiya İqtisadi Birliyi ideyasını, həmçinin Rusiyanın Çinlə ABŞ-a qarşı siyasi-iqtisadi tandem yaratmaq planlarını puç edib. İndi bu ölkələr, üstəgəl, qonşu və müttəfiq dövlətlər (Qazaxıstan,  Qırğızıstan, Tacikistan, Belarus, Ermənistan, Vyetnam və s.) öz başlarına və milli valyutalarına çarə qılmaq, öz bazarlarını xilas eləmək barədə düşünürlər.
 
Yeri gəlmişkən, dünənədək “möcüzə” sayılan Çin iqtisadiyyatında da ciddi geriləmə başlayıb. Belə ki, ölkədə biznes-fəallıq son 6 il ərzində ən sürətli templərlə aşağı düşməkdədir. Musavat.com-un BBC-yə istinadən verdiyi məlumata görə, PMİ biznes aktivliyi indeksi 47.8-dən (iyul ayı) avqustda 47.1-ə enib ki, bu da 2009-cu ilin martından ən aşağı nəticədir. 
İqtisadçı və maliyyə ekspertlərinə görə, göstəricinin 50%-dən aşağı olması iqtisadiyyatdakı tənəzzülün əlaməti sayılır. 6 aydan çoxdur ki, bu göstərici 50-ni keçmir. Təzə nəticələrin elan edilməsi investorları yenidən Çin səhmlərindən imtinaya vadar edib. 
 
“Frans Presse” agentliyi sərmayəçilərin ovqatını panik adlandırıb. “Reuters” analitikləri isə ötən həftəni fond bazarları üçün ilin “ən pis həftə”si elan ediblər. Çin birjalarının ardınca Avropa və ABŞ-da da indekslər aşağı düşməyə başlayıb - özü ilə birgəz təbii ki, xammalın (neftin) qiymətlərini də aşağı aparmaqla.
 
Vəziyyətin ağırlığını Rusiya baş naziri Dmitri Medvedyev də etiraf edib. Baş nazir iki gün öncə rublun ABŞ dollarına nisbətdə rekord həddə ucuzlaşmasının əsas səbəbi kimi beynəlxalq sanksiyaları və xam neftin ucuzlaşmasını göstərib.
***
Göründüyü kimi, iqtisadi müharibədə Çin və Rusiya kimi nəhənglər də Qərb önündə, dollar önündə duruş gətirə bilmir, geri çəkilir. Bu da gerçək bazar qanunlarından, azad biznes rəqabətindən qaçan avtoritar rejimlərin belə müharibədə obyektiv səbəblərdən uğur qazanmaq şansının və potensialının olmaması ilə bağlıdır. 
 
Deməli, qat-qat kiçik ölkə olan Azərbaycan iqtisadi müharibənin ağır nəticələrindən daha az sığortalanıb. Nəzərə alsaq ki, ciddi ekspertlər ən azı, yaxın iki ildə xam neftin qiymətinin 40-50 dollar arasında olacağını proqnoz ediblər, o zaman “neft iynəsi”ndən qurtula bilməyən ölkəmizdə də sosial-iqtisadi kataklizmlərin mümkünlüyü qulaqardı edilə bilməz. 
 
Böyük ehtimalla, Azərbaycan iqtidarı da getdikcə kəskinləşən valyuta müharibəsinin ölkəmizə mümkün və ağır sosial-iqtisadi təsirlərinin artıq fərqindədir (Rusiyadakı əmək miqrantlarımızın geri dönməsi ehtimalını da bura əlavə edin) və o üzdən indidən cəmiyyətə yönəlik hansısa pozitiv addımlar atmaq, hətta “demokratik açılım” haqda götür-qoy etməkdədir. Hədəf əlbəttə ki, toplumda illərdir yığılıb qalan və kumilyasiya olunan böyük neqativ enerjini, narazılığı azaltmaqdır.
 
Bu mənada Azərbaycan prezidenti İlham Əliyevin bir ayın içində ictimai rezonans doğurmuş iki kriminal hadisəyə (jurnalist Rasim Əliyevin ölümü və Mingəçevirdəki ötən bazar olayı) dərhal reaksiya verməsi və məmuriyyətin, oliqarxların deyil, faktiki surətdə ictimai rəyin yanında yer alması pozitiv gəlişmə sayılmaqla yanaşı, dolayasıyla sonuncu ehtimalın təsdiqi, hakimiyyətin ictimai rəyi saya salmağa başlamasının təzahürü hesab edilə bilər. Ardınca əgər hansısa ciddi kadr dəyişikliklərinin də şahidi olsaq, təəccüblənmərik. 
 
Çünki artıq bir ildir bəşəriyyət tamam başqa bir dünyada yaşayır və reallığı ciddiyə almayan hökumətlər çox ağır bədəl ödəməli ola bilərlər. Bu xüsusda düşünmürük ki, hər iki halda prezidentin birbaşa müdaxiləsi qarşıdakı seçkilərlə bağlıdır. Hər halda seçki illərində indiyədək bənzər kriminal olaylar çox olub və hakimiyyətin zirvəsindən reaksiya gəlməyib.  
 
***
 
Ötən həftəsonu ölkənin valyuta bazarında yaşanan panika göstərdi ki, situasiya təsəvvür edildiyindən qat-qat ciddidir və seçki məsələsi burada sonuncu rolu oynayır. Ən qorxulu perspektiv isə “dava edən fillərin” (ABŞ və Rusiya) ayağının altında “ot olmaq” aqibətidir. Hələ ki, bundan yayınmaq şansımız qalır.
 
Belə bir acınacaqlı aqibətdən, həmçinin, daxili sosial təlatümlərdən qaçmağın tək yolu ləngimədən iqtisadi-siyasi islahatların önünü açmaq, iqtisadi-biznes azadlıqlarını, nəhayət, bərqərar eləməkdir. Bundan ötrü isə öncəliklə yeni şərtlərə uyğun komanda qurmaq lazım gələcək. musavat/
 

Google+ WhatsApp ok.ru