Səxavət Soltanlı Qubad İbadoğlunu hakimiyyətlə əməkdaşlıqda ittiham edib

Qubad İbadoğlu: `Azərbaycan cəmiyyəti kimin hara işlədiyini və kimin nəyə qadir olduğunu çox gözəl bilir`

“Əgər mətbuat yazırsa ki, Müsavat daxilində qruplaşmalar, mübarizələr davam edir, bu, doğru deyil. Artıq mətbuat da, Azərbaycan vətəndaşları da bilməlidir ki, bu məsələ Müsavatdaxili prosesdən çoxdan çıxıb”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib.
 
S. Soltanlı Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunu hakimiyyətlə əməkdaşlıqda ittiham edib: “Müsavata qarşı mübarizədə hakimiyyət tərəfindən Qubad İbadoğlu və bir neçə şəxs iştirak edir. Başqa insanlar da Müsavatın bu durumundan istifadə edirlər”.
 
Q. İbadoğlu isə APA-ya açıqlamasında bu fikirləri növbəti şər-böhtan adlandırıb: “10-15 il bundan əvvəl Səxavət Soltanlı partiyada hansı vəzifəni tuturdu bilmirəm, ancaq mən 15 ildən çox Divan üzvü olmuşam. Niyə o zamanlar kimsə mənim haqqımda belə yanlış, əsassız fikirlər səsləndirmirdi? İndi isə Qubad İbadoğlu partiyanın idarəçiliyinin düzgün qurulmamasından və partiyada demokratiyanın olmamasından narazıdır deyə, şər-böhtanla məşğuldurlar. Bunlar özlərinə bəraət qazandırmaq istəyirlər, çünki 4 aydır bu rəhbərlik Müsavata yalnız uğursuzluq gətirir. Öz bəyanatları, iştirakçılıq səviyyəsi çox aşağı olan kütləvi tədbirləri ilə partiyanı hansı vəziyyətə gətirdikləri hər kəsə yaxşı bəllidir. Bu vəziyyəti dəyərləndirib, partiyanın güclənməsi istiqamətində iş görməkdənsə, bu adamlar yalnız qarşı tərəfi şərləməklə, böhtan atmaqla, onları hakimiyyətə bağlamaqla məşğuldurlar. Azərbaycan cəmiyyəti kimin hara işlədiyini, hansı səviyyədə olduğunu, kimin nəyə qadir olduğunu çox gözəl bilir. Faktları varsa, ortaya qoysunlar. Bu ölkədə ictimai-siyasi fəal adamları insanlar çox yaxşı tanıyır. Ona görə də, bunu növbəti şər-böhtan kimi dəyərləndirirəm”.

Google+ WhatsApp ok.ru