`Texnikabank`ın əmanətçilərinə 123 mln. manat kompensasiya ödəniləcək

"Texnikabank" ASC-də əmanətləri qorunan 20 340 əmanətçiyə ümumilikdə 123 166 426 manat ödəniləcək. Bunu jurnalistlərə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov deyib.
 
A.Cavadov bildirib ki, kompensasiya almaq üçün qorunan əmanətçilər ərizə formalarını bu gündən "Texnikabank"dan, agent bankların filiallarından və Fondun veb-saytından əldə edə bilərlər: "Əmanətlər bütün 4 agent banklar tərəfindən ödəniləcək".
 
"Biz əvvəl kompensasiya edilən əmanətlərin 79 mln. manat olduğunu demişdik. İindi isə 123 mln. manat olub. Hazırda hesablama gedir, 79 mln. manatlıq kompensasiya veriləcək, 43 mln. manat isə dəqiqləşdirilir", - deyə Fond rəhbəri vurğulayıb.
 
A.Cavadov əlavə edib ki, lisenziyası ləğv edilən "United Credit Bank" ASC ilə bağlı məlumatların isə hələ dəqiqləşdirildiyini bildirib.
 
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib. Cari il fevralın 4-də “Texnikabank”da sığorta hadisəsi baş verib.
 
“Texnikabank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün bank-agent olaraq “Muğanbank”, “Rabitəbank”, “Unibank” və “Kapital Bank” seçilib.
 
Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Google+ WhatsApp ok.ru