Valyuta ehtiyatlarımız bir qədər də azaldı

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2015-ci ilin noyabr ayı ərzində 589 mln. ABŞ dolları və ya 8,62% azalaraq dekabrın 1-nə 6 245,6 mln. dollar təşkil edib.
AMB-nin xəbərinə görə, valyuta ehtiyatlarında ilin əvvəli ilə müqayisədə 54,61% və ya 7 512,7 mln. dollar azalma müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatları 58,35% və ya 8 750,7 mln. dollar azalıb.
Qeyd edək ki, cari il yanvarın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 13 758,3 mln. dollar təşkil edib. Yanvardan azalmağa başlayan ehtiyatlar fevralın 1-nə 12 680,8 mln. dollar, martın 1-nə 11 004,4 mln. dollar, aprelin 1-nə 9 472,1 mln. dollar, mayın 1-nə 8 387,9 mln. dollar, iyunun 1-nə 8 430,8 mln. dollar olub. İyunda nisbətən artan valyuta ehtiyatlarının həcmi iyulun 1-nə 8 520,2 mln. dollara qalxsa da, daha sonra, iyul-avqust aylarında azalma davam edib. Ehtiyatların həcmi avqustun 1-nə 8 501,5 mln. dollara, sentyabrın 1-nə 7 315,4 mln. dollara, oktyabrın 1-nə 7 044,2 mln. dollara, noyabrın 1-nə isə 6 834,6 mln. dollara enib.

Google+ WhatsApp ok.ru