Xorvatiya və Çernoqoriya TAP layihəsinə qoşulur

Xorvatiya və Çernoqoriya 2020-ci ilədək Trans-Adriatik qaz kəmərindən (TAP) ayrılacaq yeni qaz kəmərinin tikintisini planlaşdırır.
 
Maide.az-ın APA-ya istinadən xəbər verir ki, bunu “Bloomberg” agentliyinə müsahibəsində hər iki ölkənin iqtisadiyyat nazirləri bildirib.
 
“Regionun bütün ölkələri TAP-a qoşulmaq istəyir. Bu, həmçinin Çernoqoriyaya gələcəkdə qaz yataqlarında aparacağı kəşfiyyat işlərindən gəlir əldə etməyə imkan verəcək”, - deyə Çernoqoriyanın iqtisadiyyat naziri Vladimir Kavariç bildirib.
 
Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyak isə bildirib ki, hər iki ölkənin “bu layihəyə investorları cəlb etmək üçün siyasi iradəsi var”. Onun sözlərinə görə, layihənin dəyəri 754 mln. ABŞ dolları təşkil edir.
 
“Biz bu layihəyə Bosniya və Herseqovinanın qoşulmasını da istərdik”, - deyə xorvatiyalı nazir qeyd edib.
 
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

Google+ WhatsApp ok.ru