Yanacağın da qiyməti artacaq?

“Azərbaycan hökumətinin qarşısında makro-iqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məhsullarının və tikinti materiallarının yanacağın qiymətlərinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub”. Bu sözləri ölkə başçısı Ilham Əliyev devalvasiyadan danışarkən deyib.
 
Ilham Əliyevin bu fikirlərində diqqət çəkən məqam yanacaqla bağlı dedikləridir. Göründüyü kimi ölkə başçısı deyib ki, hökumətin qarşısında yanacağın qiymətinin də sabit saxlanılması ilə bağlı vəzifə qoyulub. Devalvasiyadan sonra bir çox məhsulların qiymətində artım olsa da, yanacağın qiyməti hələ ki, sabitdir. Amma Ilham Əliyevin belə fikirlərindən belə anlaşılır ki, yanacağın da qiymətinin artırılması müzakirə mövzusu imiş. Lakin sonradan buna ehtiyac duyulmayıb. Beləliklə, 21 dekabr devalvasiyasından sonra yanacağın ucuzlaşacağı ilə bağlı gözləntilər olduğu halda Ilham Əliyev sanki vətəndaşlara “yanacağın qiyməti artırıla bilərdi, amma artırmadıq” şəklində minnət qoyur.
 
Məlumat üçün deyək ki, hazırda hökumət nefti daxili bazarda xeyli baha qiymətə satır. Ötən sayımızda bu barədə ətraflı məlumat vermişdik. Bir daha oxucuların diqqətinə çatdıraq:
 
1 barel neft 159 litrdir. Emal prosesi zamanı müəyyən qatqıların vurulmasına görə bunun üzərinə 9 litr də əlavə olunur. Ekspertlərin sözlərinə görə, 168 litr neftdən təxminən 102 litr benzin, 30 litr dizel, 25 litr aviasiya yanacağı, 11 litr sənayedə istifadə olunan qaz, 10 kiloqram neft kokosu, 6,8 litr mazut, 1 litr motor yağı, ümumiyyətlə 11 adda məhsul çıxır. Azərbaycanda A92 benzinin 1 litrinin qiyməti 70 qəpikdir. Deməli, 102 litr benzin 71 manat 40 qəpik edir. Beləliklə, təkcə benzinin qiyməti 1 barel neftin qiymətindən təxminən 2 dəfə bahadır. Digər məhsulların qiymətini də bura əlavə etsək, o zaman daxildə satılan neftin 1 barelinin xaricə satılandan xeyli baha olduğu üzə çıxır.
 
Ekspertlər hesab edir ki, 48 faizlik devalvasiyanın təsirlərini bir qədər azaltmaq üçün hakimiyyət benzinin qiymətini ucuzlaşdıra bilər. Lakin Ilham Əliyevin fikirlərində belə anlaşılır ki, hökumətin könlündən yanacağın qiymətini artırmaq keçirmiş. Bəlkə hələ də bu niyyət var… azadliq.info /
 

Google+ WhatsApp ok.ru