Ölməkdə olan xırda və orta biznes

Ölməkdə olan xırda və orta biznes

-- Ən kəskin problem iqtisadiyyatda şəffaflığın olmamasıdır

"Exo" qəzetində diqqəti "Açıq desək, hazırda Azərbaycanda xırda və orta biznes ölür..."sərlövhəli məqalə cəlb edir.
 
Müəllif ölkədə orta və xırda biznesin vəziyyətini deputat, iş adamları və iqtisadçılarla müzakirə edir.
 
Müəllif deyir ki, deputat Rüfət Quliyev gələcək iqtisadi inkişafın iri yox, xırda və orta biznesin əlində olduğunu bildirib: "Hazırda parlamentdə qanun layihəsi müzakirə edilir ki, qanuna əsasən xırda və orta biznes anlayışı ilə yanaşı mikrobiznes kimi anlayış da bura daxil ediləcək".
 
Deputat deyib ki, hazırda ABŞ, Yaponiya və Avropada ÜDM-in 55%-dən 65%-ə kimi hissəsi xırda və orta biznesin hesabına yaranır, İspaniyada isə bu göstərici 70%-ə qalxır.
 
Deputat hesab edir ki, həm dövlət başçısının məmurlara müntəzəm olaraq iş adamlarına maneə yaratmamaları tələbi, həm də hökumətin tərkibindəki yeni dəyişikliklər bu sahənin inkişafına səbəb olacaq.
 
"Açıq danışsaq, hazırda Azərbaycanda xırda və orta biznes ölür. Ən kəskin problem iqtisadiyyatda şəffaflığın olmamasıdır. Bundan əlavə, vergi siyasəti islahat tələb edir. İş adamlarının əksəriyyəti məhz bu səbəblər üzündən ölkəni tərk ediblər. Bizim vətəndaşlar əsasən Gürcüstana gediblər və hətta rəsmi rəqəmlər də təsdiq edir ki, Azərbaycan Gürcüstanın ən iri sərmayə yatırımçısıdır". Bunu isə qəzetə xırda biznesin təmsilçisi Məmməd Osmanov bildirir.
 
M.Osmanov deyir ki, yeni nazir Mikayıl Cabbarovdan vergi qanunvericiliyi sahəsində ciddi dəyişikliyin olacağı kimi gözləntisi var: "Mən gözləyirdim ki, nazir öncə "Sədərək" və "Binə" bazarlarında qayda-qanun, iş adamlarının gətirdikləri hər məhsula görə sənədin olması məsələsini həll edəcək. Təəssüf ki, bu, olmadı. Azərbaycan pərakəndə ticarətin şəffaf olmasını təmin etməkdən başlamalıdır".
 
Maliyyə eksperti Fərhad Əmirbəyov isə kredit olmadan bu sahəni inkişaf etdirməyin mümkünsüzlüyünü, kredit almağın isə çətinliyini bildirir.
 
F.Əmirbəyov deyir ki, müddətindən asılı olaraq kreditlər 11-18 faiz arasında verilir və bu, əlverişsizdir: "Təbii ki, belə faiz dərəcəsi xırda və orta biznesin maliyyə imkanlarına uyğun deyil. Xarici valyuta ilə faiz dərəcəsi manatla müqayisədə aşağıdır, indi bunu heç kim etməz, çünki risk olduqca böyükdür".
 
F.Əmirbəyov deyir ki, vaxt var idi, ölkə banklarının kredit portfeli 22 milyard manat idi, indi isə 11 milyard 656,1 manatdır, dollara çevirdikdə bu məbləğ iki dəfə də azalır, bu isə kredit protfelinin 5 dəfə azalması deməkdir.
 
Ekspert hesab edir ki, Mərkəzi Bank manatın məzənnəsini, inflyasiyanı aşağı salmağı hədəfləyib, işsizliyi həll etmək əvəzinə valyuta ehtiyatlarını artırmağı əsas sayır.(contact.az)
 

Google+ WhatsApp ok.ru