100 məktəblidən 75-nə uniforma uyğun gəlmir

Məktəbli formaları çeksiz və baha satılır, vadideynlər narazıdır, şikayətlər isə «top-tüfənglə» qarşılanır

Dərs ilinin başlanmasına bir həftə qalır. Məktəbli formalarının alınması intensivləşib. "AMAY" Ticarət Mərkəzindəki Bakı Tikiş Evinin (BTE) mağazasına getdik. Adam əlindən tərpənmək olmur, ağız deyəni qulaq eşitmirdi. Sanki Bakıda heç məktəbli forması satılan başqa mağaza yoxdur. "AMAY" Ticarət Mərkəzi bomboşdur, amma belə bir məsuliyyəti üzərinə götürən BTE kiçik bir mağazanı icarəyə götürüb. 
 
Yeni dərs ilinə hazırlaşan şagirdlər stressli görünürdülər. Cəmi iki qarderob vardı, formanı geyib baxmaq üçün uzun növbəyə durmaq lazımdı. Bir uşaq çox aqressiv davranırdı. Vurnuxur, gedib gələnə toxunur, ərköyüncə ağlamsınaraq "istəmirəm" deyirdi. Anası ona məktəbli forması bəyəndirə bilmirdi. Dedim yəqin, uşaq özü kaprizlidir. Yaxınlıqda iki qardaş maşallah yayı elə yemişdilər ki, məktəbli formaları əyinlərinə gəlmirdi. Onlara yarıheyrət, yarıtəbəssümlə baxdığımı görən baba da bir az xəcalət çəkən kimi oldu, "az yeyin də" deyə nəvələrinə yüngülcə irad bildirdi. Uşaqlar deyəsən yanlarındakı nənələrinə çəkmişdilər. Qarderobda yer olmadığından böyüyü uniformanın şalvarını elə şortun üstündən əyninə çəkdi. Biri olmadı, çıxarıb başqasını geyindi, onun da bel hissəsi dar gəldi. Naəlac dükanı tərk elədilər. Kaprizli uşaq isə hələ də səsini kəsməmişdi. Sərxan birtəhər qarderobda növbə tutub şalvarı geyinə bilmişdi. Şalvar ölçüsünə uyğun gəlmədi. Daha doğrusu elə ölçüsünə ən yaxın olanı geyinmişdi, onun da beli geniş, ayaqları uzun idi. Başqa seçim olmadığından onu götürdük. Bu yay boyu çox uzanmadığı üçün pencək almağa ehtiyac qalmadı. 
 
Mağazada çek vermək əvəzinə şivən qopartdılar
 
BTE-də tikilən köynək isə yaramırdı. Ümumiyyətlə, valideynlərin çoxu BTE-nin köynəyini almır, deyirlər ki, həm materialı keyfiyyətli deyil, həm də zövqlə tikilmir. Qızlar üçün olanına baxmışam, materialının keyfiyyətinin aşağı olmağı bir tərəfə, boyun hissədən zərli naxışları zövqsüzlüyün ən yuxarı həddidir. Məktəbli hara-zər-ziba geyinmək hara?  
 
Qız üçün də bir məktəbli kombinzonu və pencək 42 manata başa gəldi. Satıcı qadın onu bəndi qırıq futlyara necə büküb torbaya qoyubsa xəbərimiz olmayıb. Alınan geyimlər üçün çek verməyə hazırlaşmadıqlarını görüb özüm istədim. Qadın "bizdə kassa işləmir, çek yoxdur" dedi. Mən isə "çeksiz ala bilmərəm" dedim. Ətrafımdakı qadınların da yadına düşdü ki, əgər problem çıxsa, sonra qaytara bilməyəcəklər. Razılıqla başlarını tərpətdilər ki, yəni "çek götürmək lazımdır". Amma satıcı qadın od püskürür, "çek-filan nədir, 1 ay işləyirik, bizə kassa aparatı lazım deyil", deyə səsi gəldikcə bağırırdı. Mağazada özündən böyük satıcıya şikayətləndi ki, "bir demaqoq alıcı var, çek istəyir". Satıcı kişi də əli ilə kağıza rəqəmi yazıb üstünə də bir möhür vurdu və mənə təqdim elədi: "Bu da sizin çekiniz, neyniyim, kassa işləmir". Sanki kassanın işləməməyində mən günahkaram və ümumiyyətlə, kassanın işləməməsi normal haldır. Mən həqiqi çek tələb edəndə başqalarını ittiham etməyə başladı, siz gedin bunu "yuxarılar"dan soruşun, balıq başdan iylənər" dedi. Qadının isə gözləri hədəqədən çıxmışdı, heç sakitləşmir, bu dəfə "onun vəsiqəsini, fotoaparatını əlindən alın", deyə bar-bar bağırırdı. Arada mənə acıqla könüllü olaraq poza da verdi ki, şəklini çəkim. Nəysə, çek istədiyimə peşman oldum.  Sonradan televiziya kanallarında fabrik rəhbərliyi deyəndə ki, mağazalardan məktəbli geyimləri üçün gigiyenik və uyğunluq sertifikatları tələb edin, gülmək məni tutdu. Sizin heç mağazalarda Allahın, daha doğrusu verginin çekini verməmək üçün şivən qopardılar, mən sertifikat istəsəydim başımı yarardılar. Qadın hətta pulunu ödədiyimiz geyimləri əlimizdən tutub almağa çalışırdı. Satıcının təhdid və təhqirləri altında oradan uzaqlaşdıq. Ona baş qoşmadım, yanındakı kişilər də onunla səs-səsə vermişdilər. Arxamca asıb-kəsirdilər. İnanmıram məndən sonra kimsə ürək edib onlardan çek istəsin, adamı "xorom" cəhənnəmə göndərərdilər.   
   
"Yoxlama" gələndə məktəblilərə jileti soyundururlar
 
İnsafən formaların parçalarından şikayət yoxdur. Türkiyədən gətirilən materialın keyfiyyətli olduğu deyilir və valideynlər də bəyənir. Dərzi Rövşən də deyir ki, formaların parçaları yaxşıdır, sadəcə bir problem var ki, onları bir dəfə yuduğunuzda qısalır. Odur ki, uzunluğundan kəsdirmədən əvvəl bir dəfə yumağı məsləhət bildi. Formaların rəngi də məncə uğurludur. Amma onların üstündən geyilən jiletləri şagirdlər bəyənmirlər. Heç deyəsən məktəblərin rəhbərlikləri də. Nurlanə deyir ki, keçən dərs ilində iki dəfə məktəbə "yoxlama" gəldiyi barədə məlumat yayılıb. "Yoxlama"ya xoş görünmək üçün tez-tələsik onlara jiletləri çıxartdırıb, ağ köynəkdə oturdublar. Amma tərslikdən hər iki halda "yoxlama" gəlməyib. Əgər bu formalar məktəb üçün və bu jilet də məktəbli üçün nəzərdə tutulubsa, təhsil idarəsi və ya Təhsil Nazirliyindən gələnlərin gözünü niyə "oxşamır"? Məktəbli qız da bu məsələdə məntiq axtarır: "Əgər jileti formanın üstündə bizə satıblarsa onu "yoxlama" niyə görməməlidir? Axı məktəbli formasının necə olduğundan xəbərləri var". Jileti özü də bəyənmir, rəngindən isə heç xoşu gəlmir. Deyir ki, yuxarı sinif şagirdləri jileti geymirlər, balacaları isə hələlik vizual görünüş maraqlandırmadığından ondan imtina etmək ağıllarına gəlmir. İndiyə qədər məktəbli formasının yubkası da ürəyincə deyilmiş. Amma bu ildən geyəcəyi kombinezonu xoşlayıb. 
 
Köynəyin keyfiyyətlisi üçün alış-veriş mərkəzlərinə üz tutduq. Çox bahalısını almadıq, 20 manata olanı seçdik. Amma məktəbli üçün yenə də ucuz sayılmaz. Mağazada başqa bir valideyn də yeniyetmə oğluna həmin ağ köynəkdən aldı. Köynəklə bağlı mənfi rəydə tək olmadığımız aydındır. Geyim ilk növbədə şagirdlərin xoşuna gəlməlidir. Bildiyimə görə bu sahədə heç valideyn və şagirdlərin rəyi soruşulmayıb. Halbuki, bir sorğu keçirilsəydi daha yaxşı olmazdımı? Bir də ki, bizim uşaqların boyu və çəkisi nəzərə alınmalıdır. Brend mağazalardan birində satıcı oğlan dedi ki, bu gün kiçik ölçülü xeyli köynək satıb. Hətta "bizdə "S" ölçünü daşıyırlar", deyə əlavə elədi. 
 
Bu paltarda qızlar qaraçıya oxşayırlar
 
BTE-yə məxsus mağazalardan fərqli adi dükanlarda istədiyiniz hər ölçüdə uniforma yoxdur. Bir də pis odur ki, gərək məktəbli geyimini dəst götürəsiz. Çünki burada tək-tək satılsa mağazanın üzərində qalacaq, o birilər isə fabrikin dükanları olduğundan tək-tək satmaqda problemləri yoxdur. Yuxarı siniflərdə təhsil alan qızlar üçün məktəbli dəsti 55 manatdır. Satıcı xanımlar da geyimlərdən çox razı görünmürdülər. Aynur dedi ki, 100 nəfər alıcıdan cəmi 25-ində məktəbli geyimi normal qalır, qalan 75 nəfərdə isə əcaib görünür. Satıcı bunun günahını həm uşaqların fiziki quruluşuna diqqət etməyən analarda, həm də BTE-də gördü: "Məktəbli forması yaraşan uşaq da var, yaraşmayan da. Elə uşaq var ki, geyimin içində qaraçıya oxşayır, eləsi də var ki, gözəl görünür. Ölçülər uyğun gəlmir, uşaqlar da standartlara uyğun deyil. Biz hündürboy millət olmadığımızdan uşaqlarımızın ölçüsünə uyğun tiksələr yaxşı olar. Onlar uşaqları santimetrlə fərqləndirirlər. Məsələn, 116 sm 6 yaş üçün nəzərdə tutulur, növbəti ölçü 122 sm-dir, yəni 7 yaşa görədir - aralarında 6 sm fərq var. Elələri var ki, ölçüsü tapılmır. Bəzən 1-ci sinfin uşağı gəlir 4-cü sinfin paltarını geyinir, bəzən də əksinə olur. Keçən dəfə bir uşaq gətirmişdilər, 5-ci sinifdə oxuyacaq, 7-8-ci sinfin formasını ona zorla geyindirə bildik. Uşağın qarnı çox böyükdü. Əslində 5-ci sinif üçün qiymət 40 manat olmalı idi, ona isə 55 manata başa gəldi. Belə baxanda bu, iki tərəfin də günahıdır, analar uşaqlarının yeməyinə nəzarət eləmir, fabrik isə ölçüləri nəzərə almır. Daha çox şalvarlarda problem var, demək olar hamısı ayağını qatladır, bir də kənarlarını yığdırır. Çoxu şalvarların tikilişini bəyənmir, özü istədiyi formaya saldırır. Məktəbli oğlanların əksəriyyəti şalvarı yanlardan daraldırlar. Köynəyi də yanlardan yığdırır, qollarını daraldırlar. Xüsusilə də yuxarı sinif şagirdləri dəbli görünməyə çalışırlar. Bir növ yenidən düzəldirlər. Yəqin geniş tikib seçimi uşaqların ixtiyarına buraxırlar ki, özləri istədikləri kimi düzəltdirsinlər. Amma bu da əlavə vəsaitdir. Dərslər açılanda dərzilərin işi yaxşı gedir. Yuxarı siniflərdə təhsil alan qızlar kombinezonu bəyənirlər. Əyinlərində gözəl görünür, bir az totuq qızlara yaxşı oturur. Arıq qızlara yaraşmır, pırtlayıb belindən çıxır, özü də uzun olur. Mən də olsam bu boynu zərli köynəyi geymərəm. Amma onlar verirlər, artıq uşaqlar geyməyə məcburdurlar. Gün ərzində gələn 100 uşaqdan 25-də uyğunluq tutulur, yalnız dörddə birində. Dörddə üç hissə formanı geyinəndə qaraçıya oxşayır. Valideynlər də əsas maliyyə tərəfini düşünür, bir ölçü böyüyünü alırlar. Növbəti il artıq xərcə düşmək istəmirlər. Bizim vaxtımızda 11-ci siniflərdə oxuyanlara forma verirdilər. Dedik istəmirik, bizdən sonra kimə qalacaq ki? Almadıq, il boyu qara yubka ağ köynək geyindik. Oğlanlar da qara şalvar ağ köynəkdə idilər. Əslində indi də çox üstünə düşmürlər. Amma "yuxarı"dan gələndə "formada olun, məktəbin adı yaxşı çıxsın", deyirlər".            
 
Məktəbli geyimləri bir dəfə yumaqla 2 sm qısaldı
 
Aynur formaların sadəcə kombinezon və yubkasını bəyənir, qalanlarını isə yox. Manekendəki "qız"ı göstərir, deyir "görün necə eybəcər görünür, "oğlanın"kı isə tam öz ölçüsüdür". Satıcı dedi ki, ilk dəfə məktəbə getdiklərinə görə ən çox 1-cilərin formaları satılır. Forma əyninə görə olanda uşaqlar razı görünür, ölçüsü uyğun olmayanlar çoxluq təşkil edir: "Balaca ölçüdə verirsiz qısa olur, böyüyün də qolu uzun olur. Bu əsas problemlərdəndir. Uşaqlar var ki, forma bədəninə yaxşı "otursa" da qolu ya uzun olur, ya da qısa. Şalvarda da bəzən beli yaxşı olur, ətəyi isə xeyli uzun. Onlar bir standart qəbul etməlidirlər, bizim uşaqların ölçülərini nəzərə almalıdırlar. Buna baxmayaraq valideynlər forma almağa məcburdurlar. Bizdə bir partiya məktəbli forması satılıb, hazırda ikinci partiyadır, üçüncüsü də yoldadır. Yandakı mağazada olan formalar fərqlidir, əsl BTE-nin formaları bu ərazidə bizdədir. O birilər "qaçaqmaldır", materialı da Türkiyənin yox "kitayski"dir. "Amay"da isə basabasdır, nəfəs almaq mümkün olmur. Bacıma forma axtaranda sadəcə başlar görünürdü, adamlar az qala bir-birinin belində idi. Ölçünü istəyirsiz, bağışlayın, itin qabağına atan kimi atırlar".   
 
Qeyd edim ki, bazardan alınan məktəbli şalvarı 10 manatdır, BTE-də isə 14 manat. Hətta mağazalarda 18 manata da satılır. Atelyedə tikdirəndə bundan ucuz başa gəlir. Dərzilər deyirlər ki, qiymət o qədər də liberal deyil, bir qədər ucuz da tikə bilərlər. Məktəbli formalarının bir böyük problemi də tikişindədir. Sapları çıxır, adətən alandan sonra oturub onların hamısını kəsib təmizləmək lazım gəlir. Dərzinin məsləhəti ilə yuyulandan sonra həqiqətən şalvar və kombinezon 2 sm-ə qədər qısaldı.

Google+ WhatsApp ok.ru