“Huawei” şirkəti Azərbaycanın internet şəbəkəsinə girir

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Çinin qlobal informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri üzrə aparıcı servis provayderi olan “Huawei” şirkətinin Azərbaycan ofisinə yeni təyin olunmuş rəhbəri Liu Jianvei ilə görüşüb.
 
Nazirlikdən bildirilib ki, görüşdə Əli Abbasov Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar və perspektivlər barədə məlumat verib.
 
Nazir ölkəmizdə “Trans-Avrasiya Super İnformasiya Magistralı”, “Avrasiya Rabitə Alyansı” regional layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. İstifadəçilərin fiber-optik kabel şəbəkəsi üzərindən yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Milli genişzolaqlı internetin inkişafı”ndan söz açan Ə.Abbasov “Huawei”in də bu kimi layihələrdə iştirakının mümkünlüyünü vurğulayıb.
 
Təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verən Liu Jianvel mobil rabitə, internet və İKT sahəsində “Huawei”in Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirib.
 
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Google+ WhatsApp ok.ru