AMEA-da mühüm təyinat

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu günkü iclasında müzakirə olunan məsələlərdən biri də Humanitar və İctimai Elmlər Bölməsinin 2 ayrı bölmə şəklində fəaliyyətinin təşkili ilə bağlı olub. 
 
Azərbaycan Respublikası Prezidentinin Akademiyanın Nizamnaməsinin təsdiqi haqqında 11 dekabr 2014-cü il tarixli 386 nömrəli Fərmanına əsasən, AMEA-nın tərkibində Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsi yaradılıb.
 
İclasda Nizamnamənin tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də hər iki bölmənin fəaliyyətinin təşkili məqsədilə Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutları, həmçinin Milli Аzərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin Humanitar Elmlər Bölməsinin tərkibinə, Tarix, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat, Fəlsəfə və Hüquq, Konfliktologiya və İnsan Hüquqları, Dünya Siyasəti, Elm Tarixi, Qafqazşünaslıq institutları, o cümlədən Milli Аzərbaycan Tarixi Muzeyinin İctimai Elmlər Bölməsinin tərkibinə daxil edilməsi barədə qərarlar qəbul edilib. Adıçəkilən bölmələrin tərkibi müəyyənləşdirilib.
 
Tədbirdə bölmələrin işinin təşkili ilə əlaqədar Ümumi Yığıncaq qarşısında vəsatət qaldırması haqqında qərar qəbul edilib.
 
Növbəti qərarlarla akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibi vəzifəsini, AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin edilib.

Google+ WhatsApp ok.ru