ATƏT konfransında Azərbaycanda KİV-in vəziyyəti diqqət mərkəzində olub

Bu günlərdə Tbilisidə ATƏT-in “Rəqəmsal dövrdə ictimai televiziya”  adlı XI  Cənubi Qafqaz  konfransı keçirilir.
 
Avropa İttifaqından və postsovet ölkələrindən olan konfrans iştirakçıları rəqəmsal yayıma keçid dövründə çağırışları və strateji seçimi, Cənubi Qafqazda ictimai yayımın vəziyyətini və perspektivlərini, dəyərlər və kontent, İTV-nin hüquqi və maliyyə məsələlərini müzakirə edirlər.
 
ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç “cəmiyyət üçün və cəmiyyətin hesabına real ictimai yayıma” nail olunmasının vacibliyini bildirib.
 
O həmçinin rekord sayda jurnalist və blogerin  həbsi ilə seçilən Azərbaycanda vəziyyətə toxunmağı vacib sayıb.
 
“Azərbaycan vətəndaş cəmiyyətinin bəzi nümayəndələrinin  tədbirə  gəlməsinə icazə verməyən yeganə ölkədir”, - Miyatoviç Bakı hava limanında fotojurnalist və bloger Mehman Hüseynovun saxlanmasına işarə edərək bildirib.
 
Müzakirələr çərçivəsində Turan agentliyinin direktoru Mehman Əliyev Azərbaycan jurnalistikasının ən başlıca problemi kimi  ölkə jurnalistlərinin Peşə-Etika Məcəlləsində əksini tapan “həqiqətə xidmət” prinsipinin pozulmasını göstərib. KİV-də plüralizmin, balansın, obyektivliyin pozulması adi hala çevrilib və auditoriyanın, ictimai rəyin çaşdırılmasına yönəldilib.
 
Onun sözlərinə görə, belə vəziyyət medianın iqtisadi azadlığının itirilməsi, məhkəmə və güc qurumlarının təzyiqləri,  ən başlıcası dövlətin media məkanını tam nəzarətə götürmək və onu idarə etmək cəhdlərinin  nəticəsində yaranıb. Hazırda Azərbaycanda həbsdə olan jurnalistlərin və blogerlərin sayı 17 nəfərə çatıb.
 
Azərbaycan Mətbuat Şurasının nümayəndəsi Azər Həsrət bu bəyanatı şərh edərək deyib ki, həbs olunanlar  əsasən islamçılardır, həmçinin jurnalistika fəaliyyətinə aidiyyatı olmayan müxtəlif cinayətlər törətmiş şəxslərdir.
 
Polemikaya müdaxilə edən Miyatoviç bildirib ki, əslində
 
həbslər hökuməti tənqidə görə siyasi motivlərlə aparılır. “Mən dəfələrlə bu məsələ ilə bağlı prezident İlham Əliyevə və şöbə müdiri Əli Həsənova müraciət etmişəm. Bundan sonra bəzi jurnalistləri buraxmaq mümkün olub”, -  o bu cür konstruktiv addımların atıldığını qeyd edib.
 
Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi Kamran Həsənov diffamasiyanın pozulmasına görə jurnalistlərin məsuliyyətə cəlb edilməsi faktlarının olmadığına diqqəti yönəldib. “Biz diffamasiyanın dekriminallaşdırılması layihəsinin  üzərində işləyirik. Lakin kompleks həllə tərəfdar olan Venesiya Komissiyasından fərqli olaraq biz qanunun mərhələli tətbiqinə tərəfdarıq”, - o vurğulayıb.
 
K.Həsənov həmçinin hökumətin jurnalistlərə qayğısından, KİV-in inkişafından, medianın texniki və sosial problemlərindən danışıb.
 
 Erməni və gürcü jurnalistlər də diffamasiya sahəsində problemlərin olmasından,  öz ölkələrində hakimiyyətin jurnalistlərə təzyiqlərindən danışıblar.
 
 İlin əvvəlindən Ermənistanda jurnalstlərə fiziki təzyiqlərlə bağlı 7 hal qeydə alınıb, onlara qarşı 14 iddia qaldırılıb.
 
Gürcüstanda da məmurlar tərəfindən jurnalistlərə və redaksiyalara  təzyiq faktları qeydə alınıb. Lakin siyasi sistemdə hakimiyyət və müxalifət arasında balansın olması sayəsində KİV-də plüralizm təmin edilir. Hər iki ölkədə hər hansı motivlərlə jurnalistlərin həbs olunması faktları  yoxdur.

Google+ WhatsApp ok.ru