Elmar Məmmədyarov İranın rabitə və kommunikasiya texnologiyaları nazirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İranın rabitə və kommunikasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.
 
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, görüşdə iranlı nazir ölkəsinin Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib.
 
Söhbət zamanı Azərbaycan və İran prezidentlərinin görüşlərinin iki ölkə əlaqələrinin inkişafında xüsusi əhəmiyyətə malik olduğu bildirilib, ikitərəfli əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
 
E.Məmmədyarov Azərbaycan və İran arasındakı qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrin inkişafının vacibliyini diqqətə çatdırıb, dostluğun və tərəfdaşlığın regional sülhə və tərəqqiyə xidmət etdiyini söyləyib.
 
Regional məsələlərlə bağlı fikir mübadiləsi zamanı nazir Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzünün bölgənin inkişafı üçün əsas təhdid mənbəyi olduğunu bildirib. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zor tətbiq edilərək dəyişdirilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa görə qəbuledilməz olduğunu deyən Azərbaycan Xarici siyasət idarəsinin rəhbəri münaqişənin həlli üçün ilk növbədə Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.
 
Görüşdə hökumətlərarası müştərək komissiya çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Google+ WhatsApp ok.ru