Bizi övladlarımızın qabağında necə gözükölgəli edirlər?

Məktəblilər üçün məcburi “olmayan” dərs vəsaitləri valideynin məcburiyyətinə çevrilib

Dərs ilinin başlaması ilə əlaqədar valideynlər ənənəvi xərclərlə yenə də üzləşiblər. Məktəb açılmazdan əvvəl məktəbli forması və dərs ləvazimatları almaq qayğısında olan valideynlərin 120-150 manat arasında olan xərclərinə indi iş dəftərləri, test kitabları və qiymətləndirmə dərslikləri də əlavə edilib. Artıq bir neçə ildir Təhsil Nazirliyi ölkənin orta ümumtəhsil məktəblərində dərslikləri pulsuz paylasa da (rus dili kitabı istisna olmaqla), valideynlər iş dəftərləri və s. yardımçı vasitələrə dərsliklərdən çox pul xərcləməli olurlar.
 
Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, rus və ingilis dilləri, informatika dərsliyi üçün, demək olar, hər il yeni  iş dəftəri tələb edilir. Bundan başqa, test kitabları və qiymətləndirmə dərslikləri də valideynlər üçün əlavə yük olaraq qalır. Mağazalarda iş dəftərlərinin qiyməti 4 manatdan 7 manata qədərdir. Əgər müəllimlərin şagirdlərə hər fənn üzrə iş dəftəri almaq tapşırığını nəzərə alsaq, bu işin hər şagirdə orta hesabla elə 30-50 manata başa gəldiyini görərik. Bu məbləğ isə sosial təminatı aşağı olan ailələr üçün əlavə yükdür. Hələ nəzərə alsaq ki, bəzi ailələrdə 2-3 və daha artıq uşaq məktəbə gedir, vəziyyətin nə qədər acınacaqlı olduğu otraya çıxır.
 
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov mətbuata açıqlamasında bildirib ki, iş dəftərlərinin istifadəsi heç bir sinifdə məcburi deyil və valideynlər özləri istədikləri halda iş dəftərlərindən istifadə edə bilərlər. Bəs bu vəsaitləri almaq məcburiyyəti nədən yaranır və aztəminatlı ailələrə hansı problemlər yaşadır?
 
Məcburiyyətə çevrilmiş könüllülük
 
İki uşağı məktəbə gedən valideyn Murad Hacıyev deyir ki, müəllimlər bu vəsaitlərin alınmasını istəyiblər: "Bu, hər il təkrar olunur. Məktəbli forması, çanta, bəzi dərsliklər, dərs ləvazimatları ilə yanaşı iş dəftərləri və testləri də almaqla aylıq maaşımın təxminən 80 faizini xərcləmək məcburiyyətində qaldım. Hələ nəzərə alsaq ki, hər ay məcburi qaydada olmasa da, müəyyən pul yığımları olur. Məsələn, müəllimlər günündə, bayramlarda pul yığılır. Direktor və müəllim bununla bağlı uşaqlara heç bir tapşırıq vermir. Adətən, valideynlərdən biri, əsasən də Valideyn Komitəsinin sədri seçilən ortaya düşərək, pul yığdığını deyir. İmkanı olan valideynlər də məmnuniyyətlə bu pulu verirlər. Ancaq imkanı olmayanlar pis vəziyyətdə qalır. Narahat qalırıq ki, o biri valideynlər verdiyi halda, biz verməsək, müəllim uşağa qarşı ayrı-seçkilik tətbiq edəcək. Əslində, narahatlıq da əbəs deyil. Belə hallar dəfələrlə baş verib. Çünki pul yığıldıqdan sonra müəllimə verildiyi zaman, ona siyahı da təqdim edilir". 
 
O ki qaldı iş dəftərlərinə, valideyn deyir ki, burada da məcburetmə yoxdur, amma: "Deyirlər ki, özünüz bilərsiniz, istəyirsiniz alın, istəyirsiniz almayın. Ancaq tədrisi həmin iş dəftərlərinin, test kitablarının, qiymətləndirmə dərsliklərinin üzərində qururlar. Məsələn, riyaziyyat dərsində tapşırıq verir ki, iş dəftərində filan məsələ və misalları həll edin. Əgər mən uşağa o iş dəftərlərini almamışamsa, deməli o, şagird olaraq həmin tapşırıqdan kənarda qalmaq məcburiyyətindədir. Bu da həm onun dərsi mənimsəməsinə, həm qiymətlərinə, həm də psixoloji durumuna mənfi təsir göstərir. Evdə valideynə bildirir ki, "mənə iş dəftəri almamışdınız deyə pis qiymət aldım", "hamı iş dəftərində işləyəndə mən sakitcə durub baxırdım", "mənə iş dəftəri almağa pulunuz yoxdur" və s. Hansı valideyn uşağın bu sözlərinə dözə bilər? Buna görə də hətta imkanı olmasa belə, bütün valideynlər o vəsaitləri almaq məcburiyyətindədirlər". 
 
"İş dəftərləri korporativ maraqlara, qazanc mənbəyinə çevrilib"
 
Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, ümumiyyətlə, məktəblərdə iş dəftərlərindən istifadə edilməsinə, dərsin bu vəsaitlərdən istifadə edilərək keçilməsinə qətiyyən ehtiyac yoxdur: "Bu məsələ uzun müddətdir gündəmdədir. Mətbuatda valideynlərin çoxsaylı şikayətləri məsələnin hətta Milli Məclis səviyyəsinə qalxmasına səbəb olub. İş dəftərləri sadəcə korporativ maraqlara, biznes fəaliyyətinə, qazanc mənbəyinə çevrilib. Həm bu dəftərlərin satışından, həm də vəsaitdə yerləşdirilən reklamlardan pul qazanırlar. Məsələnin böyüyüb ictimai müzakirəyə çıxarılmasından sonra Təhsil Nazirliyi qərar verdi ki, iş dəftəri tədris komplektindən çıxarılsın. Yəni nazirlik bu məsələni öz üzərindən atsa da, məsələ yenə də aktualdır.  Nazirlik də belə izah verir ki, "bizlik deyil, bunu nəşriyyatlar çap edirlər, valideyn də istəyir getsin alsın, istəyir almasın". Ancaq həm nazirlik, həm də  ictimaiyyət buna sərt təpki göstərməlidir. Çünki könüllü olduğu deyilsə də, bəzi məktəblərdə müəllimlər uşaqları iş dəftəri almağa faktiki məcbur edirlər. Bir daha deyirəm ki, burada korporativ maraqlar rol oynayır. Belə ki, iş dəftərlərinin maya dəyəri heç 50 qəpik də deyil, halbuki 4-7 manat arasında qiymət qoyub satırlar. Dövlətin təhsil siyasətini həyata keçirən orqan kimi Təhsil Nazirliyi bu məsələyə ciddi müdaxilə etməlidir. İş dəftəri ümumiyyətlə heç nəyə yaramır".
 
"Niderlandda da iş dəftərləri təhsilin ayrılmaz hissəsidir, lakin pulsuz verilir"
 
Bəs bu məsələlər dünya təcrübəsində necədir? Avropa ölkələrində də iş dəftərindən və digər əlavə vəsaitlərdən istifadə edilirmi? Sualımıza Hollandiyada yaşayan həmyerlimiz, Niderland və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov cavab verir: "Ölkəmizdə təhsil pulsuzdur, ancaq təəssüf ki, bəzi hallarda valideynlər müəyyən problemlərlə üzləşirlər. Elə götürək sizin qeyd etdiyiniz məsələləri. Əgər doğrudan da iş dəftərləri, testlər və s. məcburi deyilsə, o zaman təhsili onun üzərində qurmaq düzgün deyil. Əks halda valideynlər onları almaq məcburiyyətində qalırlar və yenə də sizin qeyd etdiyiniz kimi, bu vəsaitlər 25-30 manat civarında başa gəlir. Etiraf etmək lazımdır ki, bu məbləğ sadə bir azərbaycanlı ailəsi üçün az məbləğ deyil. Hələ nəzərə alsaq ki, bir ailədən bir neçə məktəbli olarsa, bu məbləğ də müvafiq olaraq artır, bunun nə demək olduğunu təsəvvür etmək, düşünürəm ki, bir o qədər də çətin olmaz. Bu, aztəminatlı ailələr üçün isə xüsusilə çətinlik yaradır. Bir şey də var ki, qeyd etdiyimiz vəsaitlər təhsildə xüsusi önəm daşıyır, həm də tək Azərbaycan təhsilində deyil, dünyanın əksər ölkələrində. Məsələn, mənim yaşadığım ölkədə - Niderlandda iş dəftərləri təhsilin ayrılmaz hissəsidir. Lakin burada həmin vəsaitlər, dərs kitabları ilə bərabər, şagirdlərə pulsuz verilir. Valideynlərin bunun üçün əlavə pul ödəməsinə, almasına ehtiyac yoxdur. Hətta bundan əlavə materialları belə məktəb öz hesabına, məktəbin printerlərində çap edərək uşaqlara paylayırlar. Bəzən bunlar sadəcə bir vərəq formasında olur. Demək istədiyim odur ki, təhsilin inkişafı, keyfiyyətli olması üçün əngəllər yaratmaq deyil, əksinə yardım etmək gərəkdir. Sualınıza nə qədər aidiyyatı olduğunu deyə bilmərəm, ancaq bəzi məqamları da qeyd etmək istəyirəm. Burada-Niderlandda da valideynlərdən yardımlar istənilir. Əvvəla qeyd edim ki, bu məbləği ödəmək adi bir niderlandlı ailə üçün o qədər də çətinlik yaratmır. İkincisi, bu, sözun həqiqi mənasında məcburi deyil, könüllüdür və sən bunu ödəmədiyin halda isə övladının təhsilinə heç bir ziyanı dəymir. Bir şeyi də xüsusi qeyd edim ki, bu könüllü ödəmələrin hansı valideynin ödəməsi, yaxud ödəməməsini digər biri bilmir, yəni gizlilik saxlanılır. Demək istədiyim odur ki, buna görə sənin övladın nə əlavə üstünlüklər əldə edir, nə də əksinə, sıxışdırılır". (Bizim Yol)

Google+ WhatsApp ok.ru