BMT-nin İnsan Haqları Şurasına Azərbaycanla bağlı çağırış

Əgər hakimiyyət irəliyə doğru addımlar atmasa, sentyabrda Azərbaycanla bağlı xüsusi qətnamə qəbul oluna bilər

Dünyada tanınmış təşkilatlardan olan Hüquq Müdafiəçilərinin Beynəlxalq Federasiyası Azərbaycanda insan haqlarının durumu, o cümlədən hökuməti tənqid edənlərə qarşı güclənən repressiyalar, hüquq müdafiəçiləri və jurnalistlərin həbsilə əlaqədar BMT-nin Insan Haqları Şurasına müraciət edib. Dünyanın müxtəlif ölkələrindən olan hüquq müdafiəçiləri hesab edir ki, yaxın vaxtlarda Azərbaycanda repressiyalar dayandırılmasa, saxta ittihamlarla həbs olunan şəxslər azadlığa buraxılmasa, BMT-nin Insan Haqları Şurasının sentyabrda keçiriləcək növbəti sessiyasında bu ölkə ilə bağlı xüsusi qətnamə qəbul olunmalıdır.
 
“BMT-nin Insan Haqları Şurasının 29-cu sessiyasında 25 dövlətdən olan qrup Irlandiyanın Azərbaycanda insan haqlarının durumu ilə bağlı şifahi bəyanatını dəstəklədi. ”Birgə bəyanat"ın səbəbi bu ölkədə insan haqları sahəsində narahatlığa əsas verən ciddi pozuntular, o cümlədən vətəndaş cəmiyyətinin fəaliyyətinə imkan verilməməsi, müstəqil səslərin, xüsusən hüquq müdafiəçiləri və jurnalistlərin həbsidir. Bəyanatda həmçinin Azərbaycan hökumətinə Intiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Xədicə Ismayılova, Rauf Mirqədirov, Leyla və Arif Yunusların azadlığa buraxılması üçün çağırış da öz əksini tapıb. Eyni zamanda, Azərbaycan hakimiyyətinin tənqidçi səsləri susdurmaq üçün sistemli şəkildə atdığı addımlar birmənalı şəkildə pislənilib.
 
Çoxtərəfli forumda Azərbaycana misli görünməmiş bu diqqət həmin ölkədə baş verənlərlə bağlı razılaşdırılmış birgə səylərin nəticəsidir. Bu da Azərbaycanda vəziyyətin ciddiliyini, insan haqları sahəsində böhranın gündən-günə dərinləşdiyini göstərir. Bu həm də Avropa Oyunları ərəfəsində Azərbaycan hökumətinə dəqiq siqnaldır ki, ölkədə insan haqlarının durumu beynəlxalq nəzarət altındadır və vəziyyətin dəyişməsi üçün təcili islahatlar aparılmalı, lazımi addımlar atılmalı, o cümlədən fərqli fikirliliyinə görə qanunsuz həbs olunan bütün fəallar azadlığa buraxılmalıdır. Birgə bəyanatla yanaşı, insan hüquqları üzrə beynəlxalq QHT-lər, o cümlədən Beynəlxalq Hüquq Müdafiəçiləri Federasiyası (FIDH) ilə intensiv işləmək lazımdır. Bu, Azərbaycanda insan haqlarının müdafiəsinə dair islahatlar aparılması üçün hakimiyyətə təzyiq baxımından vacibdir.
 
FIDH bildirir ki, Azərbaycan hökuməti yaxın vaxtlarda vəziyyətin yaxşılaşması üçün heç bir addım atmasa, BMT-nin Insan Hüquqları Şurası sentyabrda keçiriləcək 30-cu sessiyada Azərbaycanda insan haqlarının vəziyyəti, bu ölkədəki durumun monitorinqi üçün mexanizmlərin yaradılması ilə bağlı qətnamə qəbul etməlidir".

Google+ WhatsApp ok.ru