İsveç mediası Azərbaycanın bu ölkədəki səfirini biabır elədi

İsveç Olimpiya Komitəsinin rəhbəri Stefan Lindenberqin Azərbaycanda insan hüquqlarının pozulması, bu ölkədə vətəndaşlara qarşı repressiyalar barədə fikirləri hakimiyyəti qəzəbləndirib. Hətta o həddə ki, Lindenberq Azərbaycanın Isveçdəki səfirliyinə çağırılıb. Isveçin “Dagens Nyheter” qəzetinin bu haqda yaydığı məlumatdan belə aydın olur ki, səfirlə Lindenberq arasında görüş kifayət qədər gərgin keçib. Sözügedən məqalədə deyilir:
 
“Azərbaycanın Stokholmdakı səfirliyi Avropa Oyunlarına getməmişdən əvvəl Isveç Olimpiya Komitəsinin rəhbərilə sərt tonda danışıb. Bunun səbəbi isə Isveç Olimpiya Komitəsinin rəhbəri Stefan Lindenberqin Azərbaycanla bağlı tənqidi fikirləri olub.
 
Bakıda keçirilən Avropa Oyunları öncəsi iki beynəlxalq hüquq-müdafiə təşkilatının əməkdaşlarına, eləcə də Azərbaycan hökumətini tənqid etmiş xarici jurnalistlərə viza verməkdən imtina olunmuşdu. Hətta Isveç Olimpiya Komitəsi də Azərbaycan hakimiyyətinin qəzəbinin “dadını” bildi.
 
Avropa Oyunlarına yola düşməmişdən əvvəl Azərbaycanın Stokholmdakı səfiri Adış Məmmədov Isveç Olimpiya Komitəsinin rəhbərliyilə görüşmək istədiyini bildirib. Görüşün səbəbi isə Komitənin rəhbəri Stefan Lindenberqin aprelin 30-da “Aftonbladet” qəzetində dərc olunmuş fikirlərilə bağlı olub. Həmin məqalədə Lindenberq insan hüquqlarının pozulmasına görə Azərbaycan hökumətini tənqid etmiş, bu ölkədə mətbuat azadlığının olmadığını bildirmişdi. “Azərbaycandakı rejim beynəlxalq standartlara əməl etmir”, - deyə Isveç Olimpiya Komitəsinin rəhbəri bildirmişdi.
 
Lindenberq Bakıda “Dagens Nyheter”in əməkdaşı ilə söhbətində də səfirlə aralarında belə bir görüşün olduğunu təsdiqləyib. Amma bu haqda geniş danışmaq istəməyib: “Mən bu məsələ haqda, görüşdə danışanlar barədə danışmaq istəmirəm”.
 
“Dagens Nyheter”ə məlumat verən mənbə bildirib ki, Azərbaycan tənqidlərə kəskin etiraz edib. Bundan bir qədər sonra prezident Ilham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Milli Olimpiya Komitəsi də Isveç Olimpiya Komitəsinə hücum edib. Onlar Lindenberqin tənqidi fikirlərini “şayiə və böhtan” adlandırıblar.
 
Azərbaycanın Isveçdəki səfirliyi də bu məsələni şərh eləmək istəmir. Səfirliyin mətbuat katibi “Dagens Nyheter”in telefon zənginə belə cavab verib: “Səfir hələlik sizin sualları cavablandırmayıb”.
 
Lindenberqin Azərbaycanla bağlı fikirləri eyni zamanda, bu ölkədə repressiyaya məruz qalan insanlara dəstək kimi qiymətləndirilərək alqışlandı. Beynəlxalq hüquq-müdafiə təşkilatları digər ölkələrin Olimpiya komitələrini də Isveçdən nümunə götürməyə çağırdı. Hətta ifadə azadlığı uğrunda mübarizə aparan “Index on Censorship” təşkilatı Britaniya Olimpiya Komitəsinin sədri Sebastyan Kouya məktub yazmışdı.
 
Britaniyanın “The Guardian” qəzetinin əməkdaşı da Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıya buraxılmayan jurnalistlər arasındadır. “The Guardian” ötən ilin dekabrında Bakıda Avropa Oyunlarına hazırlıq barədə məqaləsində Azərbaycandakı rejimi tənqid etmişdi".(Azadlıq)

Google+ WhatsApp ok.ru